Say (Əsas qeydlər)

 

  • Say — əşyanın sırasını və ya miqdarını bildirən əsas nitq hissəsidir.
  • “Neçə?”, “nə qədər?”, “neçənci?” suallarından birinə cavab verir.
  • Sayın əsas xüsusiyyətləri :
  • Əşyaya aid olur, ondan əvvəl işlənir.
  • Aid olduğu isimlə birgə işləndikdə heç bir şəkilçi qəbul etmir.
  • Asılı olduğu isimdən ayrılıqda isimləşə bilir.
  • Sayların əksəriyyəti millidir.
  • Saylar, demək olar ki, başqa nitq hissəsindən yaranmır. Əvvəl, axır, filan və son sözləri istisna. Bu sözlərə -ıncı(4) artırmaqla sıra mənası bildirən sözlər yaratmaq mümkündür.
  • Sayın sifətlə bir neçə oxşar cəhəti var:
  • İsimlə bağlı olur və isimdən əvvəl işlənir.
  • Cümlədə ən çox təyin olur.
  • İsmi əvəz edə bilir, yəni isimləşir.
  • Quruluşca sadə, düzəltmə və mürəkkəb olur.
  • Defislə yazılan mürəkkəb saylar əsl mürəkkəb saylar, ayrı yazılan saylar isə tərkibi saylar sayılır.
  • Sayın mənaca iki növü vardır: miqar və sıra sayları
  • Miqdar sayları özü də üç növə bölünür:
  • Müəyyən miqdar sayları
  • Qeyri-müəyyən miqdar sayları
  • Kəsr sayları
  • 23 say var.
  • Müəyyən miqdar saylarından sonra gələn isimlər yalnız təkdə işlənir.
  • Müəyyən miqdar sayları birinci növ təyini söz birləşməsinin asılı tərəfi kimi işləndikdə heç bir şəkilçi qəbul etmir : beş ayaqqabı
  • Müəyyən miqdar sayları ilə isimlər arasında çox vaxt numerativ sözlər işlənir.

Məsələn, dəst, top, vedrə, vaqon, ədəd, stəkan, nəfər, dənə, metr, ton, cüt və s.

  • Miqdar sayları quruluşca sadə və mürəkkəb olur.
  • Qeyri-müəyyən miqdar sayları quruluşca sadə, düzəltmə və mürəkkəb olur.
  • “Az”“çox” sayları ən, lap, daha ədatları ilə də işlənə bilər: ən az, lap çox
  • “Az”, “çox”, “xeyli”, “çoxlu” sözləri həm say, həm də zərf ola bilir. İsmin yanında işlənib onu təyin edirsə, saydır. Feilin yanında işlənib onu təyin edirsə, zərfdir. Məsələn, az uşaq (say)—Az danışmaq( zərf)
  • “Bir” sözü ilə müxtəlif qeyri-müəyyən miqdar sayları yaratmaq olur : bir qədər, bir sıra , bir çox və s.
  • “Bir sıra” , “ bir çox” sözlərindən sonra gələn isimlər həmişə cəmdə olmalıdır. Əks halda qrammatik norma pozulur.
  • Numerativ sözlər müəyyən miqdar sayları ilə işlənsə də, təqribi saylarla da numerativ söz işlədə bilərik! Məsələn, bir-iki dəst kostyum.
  • Təqribi saylar defislə yazılır, tire ilə yox!
  • Qeyri-müəy.miq.sayları “nə qədər? “ sualına cavab verir. İstisna olaraq, təqribi saylar həm də “neçə?” sualına cavab verir. Iki-üç qələm ( neçə qələm?, nə qədər qələm? )
  • Təqribi saylar qeyri-müəyyən miqdar saylarına aiddir!
  • Çox, onlarla, yüzlərlə, minlərlə və s. saylarından sonra gələn isimlər isə həm təkdə, həm də cəmdə işlənə bilər.
  • Kəsr saylarının yaranmasında, əsasən, ismin yerlik, bəzən də çıxışlıq halından istifadə edilir.
  • Kəsr sayları quruluşca həmişə mürəkkəb (tərkibi) olur.
  • Sıra sayları müəyyən miqdar saylarına -ıncı4 şəkilçisini artırmaqla düzəlir.
  • Sıra saylarından sonra gələn isimlər bəzən cəm şəkilçisi qəbul edə bilir. Məsələn: beşinci siniflər..
  • Sıra sayları quruluşca sadə olmur, ya düzəltmə (birinci, ikinci və s.), ya da mürəkkəb

(on birinci, otuz ikinci və s.) olur !

  • Sıra sayları üç cür yazılır:
  • Sözlə: birinci, altıncı, on beşinci və s.
  • Ərəb rəqəmləri və -ıncı4 şəkilçisinin ixtisar forması olan –cı4 şəkilçisi ilə: 6-cı, 1-ci, 4-cü, 35-ci və s. Sıra saylarını ərəb rəqəmləri ilə yazıb, onlardan sonra nöqtə və ya yarımmötərizə (nöqtəsiz) işarəsi qoymaqla da göstərmək olar. Bu halda -cı4 şəkilçisindən istifadə edilmir. Məsələn: 1), 1. və s.
  • Roma rəqəmləri ilə: XX əsr, IX sinif, VI fəsil və s. Roma rəqəmlərindən sonra heç bir şəkilçi işlədilmir və defis ışarəsi də qoyulmur(tire yox, defis!).
  • Roma rəqəmləri 7 işarə ilə göstərilir: I (1), V (5), X (10), L (50), C (100), D (500), M (1000). Bunların müxtəlif şəkildə birləşməsi ilə qalan rəqəmlər də yazılır: XL (40-cı), LX (60-cı) və s.
  • Say da sifət kimi ismi əvəz edə bilir. İsmi əvəz edən say isimsiz işlənir, yəni özü isimləşir. İsimləşmiş say ismə məxsus hal, cəm və mənsubiyyət şəkilçilərini qəbul edir, ismin sualına cavab olur və cümlədə mübtəda, tamamlıq və bəzən də xəbər vəzifəsində işlənir.
  • Unutmuruq! Say isimləşsə də, morfoloji cəhətdən say olaraq da qalır.
  • Say isimləşsə də, isimləşməsə də xəbər ola bilir!
  • Bəzi sayların tələffüzü : dörd (dört), səkkiz (səkgiz), yeddi (yeddi) (Yeddini ona görə “yetdi” şəklində tələffüz etmirik ki, məna dəyişir, yeni söz ortaya çıxır), doqquz (dokquz), iyirmi ( iyirmi) –(igirmi) yox!
  • Omonim saylar : səksən, min
  • Altı” sözü omonim deyil! Stolun altı- altı kitab. Bunları omonim ona görə saymırıq ki, köklər fərqlidir, yəni “stolun altı” birləşməsində kök “alt”dır. “ı” isə mənsubiyyət şəkilçisidir. “Altı kitab” birləşməsində isə kök “altı”dır.

Müəllif:Rəhimə Mürvətova

Dostlarla Paylaş ↓