CPU (Mərkəzi Prosessor)

 

Salam, Əziz Dostlar! Bu günki məqaləmizdə komputerin əsas hissələrindən biri olan Prosessorlar haqqında söhbət açacağıq!

CPU (Central Processing Unit) çox güclü bir hesablayıcı kimi işləyir. CPU-lar çox ağıllı deyildirlər, ancaq çox sürətlidirlər və sadəcə “1” və “0”-lardan istifadə edirlər!

CPU-nu PC-nin beyni hesab etmək olar. Əmrləri işləmək, verilənləri idarə etmək, komputerin digər hissələri arasında əlaqəni təmin etmək kimi bir çox işi yerinə yetirir!

CPU-nun əsas hissələri:

  1. ALU – Arithmetic Logic Unit (Hesabi-məntiqi qurğu)
  2. Register – Yaddaş qurğusu
  3. Control Unit – İdarəetmə qurğusu

ALU : Riyazi və məntiqi əsas əməliyyatları yerinə yetirir.

Register: Üzərində əmrlər icra olunacaq verilənləri saxlayır.

Control Unit: CPU-nun bu hissəsi prosessor daxili işləri idarə edir, Prosessora gələn əmrləri aydınlaşdırır, Yaddaşa hansı məlumatların işlənəcəyini, Hesabi-Məntiqi qurğuya verilənlər üzərində hansı əmrlərin icra olunacağını bildirir.

CPU necə işləyir:    

CPU-nun işləmə ardıcıllığı aşağıdakı kimidir:

1. Fetch – Verilənlər və ya proqram əmrləri yaddaşdan alınır

2. Decode – Alınan əmrlər CPU-nun idarə qurğusu tərəfindən şərh olunur

3. Execute – ALU alınan əmrləri işləyir

4. Store – Nəticələr yaddaşa geri yazılır

RAM-lar əvvəlki məqaləmizin mövzusu olmuşdur, ancaq bir şeyi xatırlamaqda yarar var: MCC – Memory Controller Chip. MCC RAM ilə CPU arasındakı məlumat ötürülməsini idarə edir. Yeni nəsil prosessorlarda bu çip CPU daxilində yerləşdirilir. Məlumatlar xarici verilənlər yolu ilə CPU və RAM arasında daşınır. Digər bir yol (adress bus – adres yolu) ilə CPU MCC-ni yoxlayır. CPU RAM-dan oxuma və ya RAM-a yazma işləri görüləcəyi zaman hansı hissələrin oxunub-yazılacağını adres yolu ilə MCC-yə bildirir.

CPU-nun işləyərkən hər dəfə RAM-a müraciət etməsi müəyyən vaxt tələb edir. Eyni zamanda CPU RAM-dan daha sürətlidir. Gecikmə zamanları (Latency time) RAM-a istək göndərildiyində nə qədər gözləmə lazım olduğunu bildirir. Bu geçikmələrin təsirini azaltmaq üçün prosessora keş yaddaşı (cache) əlavə edilir. “Cache” CPU-nun məlumata daha tez çatması üçün istifadə olunan yaddaşdır.

CPU paketi:

Bir CPU paketi aşağıdakılardan ibarətdir:

  1. Əsas çip (Die)
  2. Plastik və ya metal kassa
  3. Kabel və ya konnektorlar (Pin-lər)
  4. Dəstək çipləri
  5. Soyutma komponentləri

Geniş yayılmış CPU paketləri:

  1. Pin Grid Array (PGA) PGA CPU-SLOT

Bu paketdə Pin sayı prosessora görə dəyişir. Hər CPU özünə uyğun olan slota (yuvaya) qoşulur.

  1. Single Edge Cartridge (SECC) secc_b

Bu paketə daxil olan prosessorlar xüsusi bir kartın üzərinə yerləşdirilir və bu kart da anakarta qoşulur.

  1. Zero İnsertion Force (ZIF)

Bu paketin üzvləri daha asan qoşulmaya malikdirlər. CPU slota yerləşdirildikdən sonra uyğun qollar prosessoru anakarta bərkidir.

  1. Ball Grid Array (BGA) BGA

Ən geniş yayılmış olan CPU paketidir. Bu paketin üzvü olan CPU-larda pin yoxdur, pin yalnız anakartdakı uyğun slotlarda mövcuddur.

CPU növləri:

Hyper-Threading Prosessorlar:

Bu texnologiya ilk olaraq Intel Pentium 4 seriyasında istifadə olunmuşdur və bu CPU-lar sistemdə tək nüvəli bir prosessor var ikən, sanki iki prosessor varmış kimi davranırlar. İki nüvəli Intel prosessorlarında HT dəstəyi yoxdur.

Çox nüvəli prosessorlar:

Tək bir çip üzərində birdən çox nüvənin olmasıdır. İlk olaraq Pentium D-lərdə istifadə olunmuşdur və bununla da İntel “D” hərfi ilə iki nüvəni bildirmişdir. Daha sonra “Core” seriyası ilə nüvə sayı “Duo” (iki nüvəli), “Quad” (dörd nevəli) adları ilə ifadə edilməyə başlanılmışdır. AMD firmasının ilk çox nüvəli prosessoru isə “Athlon64 X2” olmuşdur. AMD nüvə sayını model adlarının sonuna X2, X3 şəklində əlavə etmişdir.

Mobil prosessorlar:

Mobil prosessorlar “Notebook”-lar üçün xüsusi hazırlanmışdır və daha az enerji istifadəsi məqsədi ilə inkişaf etdirilmişdir. Bu prosessorlarda “Throtting” istifadə olunur, yəni CPU-ya az ehtiyac duyulduğunda CPU yavaşladılır. İntel firması bu xüsusiyyəti “SpeedStep”, AMD firması isə “PowerNow” olaraq adlandırır.

Server Prosessorları:

Serverlərə xas güclü prosessorlardır və daha böyük keş yaddaşları vardır. İlk olaraq İntel Xeon vəAMD Opteron modelləri ilə təqdim olunmuşdur.

64 bit prosessorlar:

64 bit prosessorlar 64 bit əmrləri qəbul etmə və işləmə xüsusiyyətinə malikdirlər. Bu da 64 bit adres yoluna və 64 bit verilənlər yoluna sahib olmaları deməkdir. İlk olaraq 64 bit CPU İntel İtaniumprosessorları olmuşdur.

Sonda onu da qeyd edək ki, hər anakart seçdiyiniz prosessoru dəstəkləməz. Bunun üçün anakart istehsalçısının rəsmi internet səhifəsinə və anakartların istifadə kitablarına baxmağınız tövsiyyə olunur. Bundan başqa, RAM-larınız prosessorla uyğunluq təşkil etməli və lazımi enerji verə biləcək enerji blokunuz olması da vacibdir.

Bu günki məqaləmiz bu qədər. Növbəti məqaləmizdə prosessor seçimləri, prosessorların anakarta qoşulması və prosessorlarla bağlı xətalar haqqında danışacağıq. Yeni məqalədə görüşənədək!

 

Müəllif: Röyal Əmrahov 25/02/2013

Bölmə: Bilgisayar Hissələri, Cihaz / Avadanlıqlar

Dostlarla Paylaş ↓