№ 683-IIQ / 08.06.2004 Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında

AZƏRBAYCAN RESPUBLIKASININ QANUN

 

Maddə 1. Azərbaycan Respublikasının Dövlət bayrağına hörmət göstərilməsi ilə bağlı vəzifələr

1.1. Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Dövlət bayrağına hörmətlə yanaşmalıdırlar.
1.2. Azərbaycan Respublikası onun ərazisindən kənarda Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlərin qarşısının alınması məqsədilə beynəlxalq hüquq normalarına uyğun olaraq tədbirlər görür.
1.3. Azərbaycan Respublikası əhali arasında Azərbaycan Respublikası Dövlət bayrağının mahiyyətinin və əhəmiyyətinin geniş təbliğ olunması, gənc nəslin Azərbaycan Respublikasının Dövlət bayrağına hörmət ruhunda tərbiyə edilməsi məqsədilə tədbirlər görür.

Maddə 2. Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılmalı olduğu yerlər

2.1. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikasının Prezident sarayının və dövlət iqamətgahlarının üzərində, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Məhkəmə-Hüquq Şurasının, mərkəzi icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Prokurorluğunun, Azərbaycan Respublikası Mərkəzi Bankının, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının, Azərbaycan Respublikası Hesablama Palatasının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti orqanlarının binaları, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin yerləşdiyi binanın üzərində daimi qaldırılır.
2.2. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarının binaları üzərində, habelə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarının başçılarının iqamətgahları üzərində beynəlxalq hüquq normalarına və diplomatik protokol qaydalarına uyğun olaraq qaldırılır.
2.3. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinə uyğun olaraq, Azərbaycan Respublikasının gəmi reyestrlərindən birində qeydiyyata alınmış gəmilərin üzərində qaldırılır.
2.4. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikasının sərhəd nəzarət-buraxılış məntəqələrinin və sərhəd zastavalarının binaları üzərində daimi qaldırılır.
2.5. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və başqa silahlı birləşmələrinin hərbi hissə və hərbi gəmilərində aşağıdakı hallarda qaldırılır:
2.5.1. Azərbaycan Respublikasının bayram günlərində;
2.5.2. hərbi andiçmə mərasimində;
2.5.3. hərbi hissələrə və ya hərbi gəmilərə dövlət mükafatları təqdim edildikdə;
2.5.4. hərbi hissələr (bölmələr) və ya hərbi gəmilər xarici dövlətin ərazisində (ərazi sularında) olduqda.
2.6. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və başqa silahlı birləşmələrinin hərbi hissələrində, onların qərargahlarının binalarında, hərbi gəmilərində isə Hərbi Dəniz Qüvvələrinin gəmi nizamnamələrinə uyğun olaraq qaldırılır.
2.7. Xarici dövlətin bayrağı altında üzən gəmi Azərbaycan Respublikasının daxili sularında üzərkən və ya Azərbaycan Respublikasının limanında dayanarkən öz bayrağı ilə yanaşı, beynəlxalq dəniz adətlərinə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət bayrağını da qaldırmalıdır.

Maddə 3. Azərbaycan Respublikası Dövlət bayrağının yerləşdirilməli olduğu yerlər

3.1. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikası Milli Məclisinin iclas salonunda, Azərbaycan Respublikası prezidentinin iş otağında, habelə Azərbaycan Respublikası prezidentinin iştirakı ilə rəsmi tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan salonlarda və otaqlarda, Azərbaycan Respublikası məhkəmələrinin iclas salonunda, Azərbaycan Respublikası Milli Məclisi sədrinin, Azərbaycan Respublikası baş nazirinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin, Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin, Məhkəmə-Hüquq Şurası sədrinin, Azərbaycan Respublikası baş prokurorunun, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları başçılarının, Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası sədrinin, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin, Azərbaycan Respublikası insan hüquqları üzrə müvəkkilinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin, Naxçıvan Muxtar Respublikası baş nazirinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin, Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarının başçılarının iş otaqlarında daimi yerləşdirilir.
3.2. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikası prezidentinin, dövlət nümayəndə heyəti rəhbərlərinin, xidməti vəzifələrini yerinə yetirərkən diplomatik nümayəndəliklərin və konsulluqların rəhbərlərinin nəqliyyat vasitələri üzərində yerləşdirilir.
3.3. Azərbaycan Respublikasının Dövlət bayrağı qanunvericiliklə müəyyənləşdirilmiş hallarda və qaydada andiçmə mərasimi keçirilən yerlərdə yerləşdirilir.

Maddə 4. Azərbaycan Respublikası Dövlət bayrağının təsvirinin istifadəsi

4.1. Azərbaycan Respublikası Dövlət bayrağının təsviri beynəlxalq uçuşları həyata keçirən Azərbaycan Respublikası mülki hava gəmilərinin və Azərbaycan Respublikasının hüdudlarından kənara uçuşlar üçün istifadə olunan hərbi nəqliyyat hava gəmilərinin üzərində vurulur.
4.2. Azərbaycan Respublikası Dövlət bayrağının təsviri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti sərhəd gəmilərinin və qayıqlarının fərqləndirici nişanı kimi istifadə olunur.
4.3. Azərbaycan Respublikası Dövlət bayrağının təsviri Azərbaycan Respublikasının dövlət mükafatlarının, habelə qanunvericiliklə nəzərdə tutulmuş hallarda rəsmi döş nişanlarının elementi kimi istifadə edilir.

Maddə 5. Azərbaycan Respublikası Dövlət bayrağının digər yerlərdə istifadəsi

5.1. Azərbaycan Respublikasının Dövlət bayrağı yerli özünüidarə orqanlarının, qeyri-hökumət təşkilatlarının, müəssisələrin və idarələrin binaları, habelə yaşayış evləri üzərində qaldırıla (asıla) bilər.
5.2. Azərbaycan Respublikasının Dövlət bayrağı yerli özünüidarə orqanları, qeyri-hökumət təşkilatları, siyasi partiyalar, müəssisə və idarələr tərəfindən keçirilən tədbirlər zamanı qaldırıla (asıla) və ya yerləşdirilə bilər.
5.3. Dərs ilinin birinci günü təhsil müəssisələrində Azərbaycan Respublikasının Dövlət bayrağı qaldırılır (asılır) və ya yerləşdirilir.

Maddə 6. Azərbaycan Respublikası Dövlət bayrağının rəsmi tədbirlər zamanı istifadəsi

6.1. Azərbaycan Respublikasının Dövlət bayrağı dövlət hakimiyyət orqanları tərəfindən keçirilən rəsmi tədbirlər və mərasimlər zamanı qaldırılır (asılır) və ya yerləşdirilir.

Maddə 7. Azərbaycan Respublikası Dövlət bayrağının matəm günlərində və matəm mərasimlərində istifadəsi

7.1. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən elan olunmuş matəm günlərində Azərbaycan Respublikası Dövlət bayrağının dəstəyinin və ya dirəyinin yuxarı hissəsinə eni 10 santimetr olan qara lent bərkidilir və (və ya) Dövlət bayrağı bayraq dirəyinin yarısına qədər endirilir.
7.2. Azərbaycan Respublikasının vəfat etmiş (həlak olmuş) vətəndaşlarına hərbi ehtiram göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 8. Azərbaycan Respublikası Dövlət bayrağının digər bayraqlarla birgə qaldırılması (asılması) və ya yerləşdirilməsi

8.1. Azərbaycan Respublikasının Dövlət bayrağı qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların, müəssisə və idarələrin bayraqları ilə birgə qaldırılırsa (asılırsa) və ya yerləşdirilirsə, həmin bayraqların ölçüsü Azərbaycan Respublikası Dövlət bayrağının ölçüsündən böyük ola bilməz.
8.2. Azərbaycan Respublikasının Dövlət bayrağı digər dövlətlərin dövlət bayraqları, habelə beynəlxalq təşkilatların, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, müəssisə və idarələrin bayraqları ilə birgə qaldırılırsa (asılırsa) və ya yerləşdirilirsə, qarşıdan baxıldıqda, Azərbaycan Respublikasının Dövlət bayrağı həmin bayraqlardan solda olmalıdır.

Maddə 9. Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsinə dair tələblər

9.1. Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, onların ölçülərindən asılı olmayaraq, Azərbaycan Respublikasının Konstitusiyasında müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
9.2. Azərbaycan Respublikası Dövlət bayrağının sənaye üsulu ilə hazırlanması, düzəldilməsi, rəngli təsvirinin çapı zamanı onun mavi rənginin «Panton» rənglər kataloqunun Blue 313 C rənginə, qırmızı rənginin—Red 185C rənginə, yaşıl rənginin—Green 3405 C rənginə uyğunluğu təmin edilməlidir.
9.3. Azərbaycan Respublikasının Dövlət bayrağı bütöv olmalı və solğun görünməməlidir.
9.4. Azərbaycan Respublikasının Dövlət bayrağı ya bayraq dirəyi, ya da xüsusi tutqaclara bərkidilən dəstək üzərində qaldırılır.
9.5. Azərbaycan Respublikasının Dövlət bayrağı elə qaldırılmalıdır ki, onun parçasının aşağı tərəfi yerdən azı üç metr hündürlükdə olsun.

Maddə 10. Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsinə dair məhdudiyyətlər

Azərbaycan Respublikasının Dövlət bayrağı masaların və ya kürsülərin üstünə örtük kimi sərilə bilməz, oturulan və ayaq basılan yerlərə qoyula bilməz.

Maddə 11. Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət

Azərbaycan Respublikası Dövlət bayrağının bu qanunun tələblərinə zidd istifadəsi, habelə Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə səbəb olur.

Maddə 12. Yekun müddəaları

12.1. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.
12.2. Bu qanun qüvvəyə mindiyi gündən 1991-ci il 5 fevral tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında» Əsasnamənin 3-cü, 4-cü, 6-cı və 7-ci bəndləri qüvvədən düşmüş hesab edilsin.
12.3. Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 iyun 2004-cü il
№ 683-IIQ

«Azərbaycan» qəzetində dərc edilmişdir (25 iyul 2004-cü il, № 171). «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 iyul 2004-cü il, № 7, maddə 515).

1 sentyabr 2005-ci il tarixli, 980-IIQD nömrəli; 5 mart 2010-cu il tarixli, 972-IIIQD nömrəli Qanunlara əsasən dəyişikliklərlə.

Dostlarla Paylaş ↓