Diskin fiziki və məntiqi strukturu
İxtiyari diskin iki strukturu (formatı) mövcuddur: fiziki və məntiqi. Fiziki maqnit disklər bir neçə məntiqi diskə bölünə bilər.
Verilənlər diskin maqnit örtüyündə konsentrik çevrələr şəklində yazılır ki, bu da cığır adlanır. Sektor – diskin, verilənlərin yazılması mümkün olan ən kiçik fiziki sahəsidir. Hər bir çığır öz növbəsində bir neçə sektordan ibarət olur. Aydındır ki, diskdə cığır və sektorların sayı nə qədər çox olarsa, onda diskin informasiya tutumu da bir o qədər çox olar.
Fiziki format diskin baytlarla ölçüsünü, cığırdakı sektorların və üzlərin sayını təyin edir. Diskin cığır və sektorlara bölünməsi fiziki və ya aşağı səviyyəli formatlaşdırma adlanır. Bu prosedura sərt diskin hazırlanmasında yerinə yetirilir. Fiziki formatlaşdırmada kontroller diskin sektorlarını təyin edərək onları nömrələyir.
Sərt disklə iş adətən fiziki diskin bir və ya bir neçə məntiqi bölmələrə bölünməsi prosedurası ilə başlayır. Vinçesterin məntiqi disklərə bölünməsi MS-DOS-un Fdisk (Fixed Disk) proqramı ilə həyata keçirilir. Bu proqramla məntiqi diski C:, D:, E: və s. kimi məntiqi disklərə bölmək mümkündür. Məntiqi disk – adi fiziki maqnit diskin ada malik olan bir hissəsidir. Əməliyyat sisteminin yazıldığı disk sistem disk (və ya yükləyici disk) adlanır. Adətən sistem diski kimi C:-dən istifadə edilir. Bəzən sistemdə nasazlıqlar yarandıqda əməliyyat sistemini optik disklərdən də yükləmək mümkündür.
Vinçester məntiqi disklərə bölündükdən sonra diskin sistem sahəsi yaradılmalıdır ki, bu da məntiqi və ya yüksək səviyyəli formatlaşdırma adlanır. Yüksək səviyyəli formatlaşdırma format.com proqramı ilə həyata keçirilir.
Diskin fayl strukturu
Fayla müraciətdə istifadəçi onun yolunu və adını göstərməlidir.
Diskdəki verilənlərə müraciətdə ƏS burada yerləşən faylların yerləşmə cədvəlindən (FAT – File Allocation Table), baş kataloq və alt kataloqlardan istifadə edir. başlanğıc sektor yükləyici yazı (Boot Record), faylların yerləşmə cədvəli, baş kataloq və diskin boş yaddaş sahəsi birlikdə verilənlər sahəsi adlanmaqla diskin fayl strukturunu təşkil edir.
Verilənlərin yerləşmə strukturu aşağıdakı kimidir:
Yükləyici yazı (Boot Record) hər bir məntiqi diskin 0 nömrəli sektorunda yerləşir. Burada diskin formatı haqqında verilənlər və əməliyyat sisteminin başlanğıc yükləmə prosedurasını həyata keçirən qısa proqram yerləşir.
Yükləyici sektor diskin formatlaşdırılması zamanı yaranır.
Bildiyimiz kimi, hər bir fiziki disk bir neçə məntiqi diskə bölünə bilər. Sərt diskdə baş yükləyici yazı (və ya sektor) (MBR-Master Boot Record) adlanan sahə mövcuddur. MBR, ƏS-nin hansı məntiqi diskdən yüklənməli olduğunu göstərir.
Faylların yerləşmə cədvəli. FAT yükləyici sektordan sonra yerləşir. Faylların yerləşmə cədvəli iş prosesində diskin məzmununu dəyişir, yəni yeni fayllar əlavə olunur, fayllar silinir və s. Bu əməliyyatları yerinə yetirilməsi üçün fayllar arası disk yaddaşının paylanmasına fasiləsiz olaraq nəzarət olunmalıdır. MS-DOS-da bu məsələ faylların yerləşmə cədvəlinin (FAT) köməyi ilə həll olunur. Hər bir fayl üçün FAT-da elementlərin zənciri yaradılır. Faylın adı yerləşən kataloqda zəncirin başlanğıc göstəricisi olur.
Bu cür təşkilin əsas üstünlüyü ondadır ki, fayllara birbaşa müraciət mümkündür. Çatışmayan cəhəti isə faylların silinməsi, yaradılması və tutumunun dəyişdirilməsində diskin fraqmentasiyasıdır (boş sahələrin yaranması). Fraqmentasiya diskdəki verilənlərə müraciət vaxtının artmasına səbəb olur. Bunu aradan qaldırmaq üçün defraqmentasiya (defrag) adlanan xidməti proqramdan istifadə edilir.
Verilənlər sahəsi diskin baş kataloqunun sonundan sonuncu sektora kimi olan böyük bir sahəni tutur. Yaddaş verilənlər sahəsindən bir və ya bir neçə ardıcıl sektorlar qrupunu ayırır ki, bu da klaster adlanır. Sektorun ölçüsü adətən 512 bayt olur.
Klasterin ölçüsü, yəni sektorların sayı məntiqi diskdən asılı olaraq ƏS tərəfindən təyin olunur. Böyük ölçülü klasterlərdən istifadə diskin fraqmentasiyasını azaldır. Klasterin ölçüsünün kiçildilməsini sərt diski bir neçə məntiqi diskə bölməklə həyata keçirmək olar.
FAT elementlərinin uzunluğu 12, 16 və 32 bit olur.
Etibarlığı təmin etmək üçün FAT-ın ardınca onun ikinci surəti yerləşir. Amma DOS FAT‑ın ikinci surətindən istifadə etmir.
Qeyd edək ki, FAT fayl sistemi MS DOS və Windows 9x ƏS-də istifadə olunur, müasir Windows ƏS-lərində isə NTFS (NT File System) – NT File sistemindən istifadə olunur.