QARABAĞ UĞRUNDA VƏTƏN MÜHARİBƏSİ
(İKİNCİ QARABAĞ MÜHARİBƏSİ)

(ABİTURİYENTLƏR ÜÇÜN ELMİ-METODİKİ MƏQALƏ)

XX yüzillikdə Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti milyonlarla azərbaycanlının taleyinə
ciddi təsir göstərib. Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və
etnik zəmində təxribatları, terror əməlləri ilə başlamış bu münaqişə Azərbaycana qarşı hərbi
təcavüzlə nəticələnib. Ermənistan SSR-də yaşayan azərbaycanlılar öz tarixi torpaqlarından dəfələrlə
qəddarlıqla deportasiya edilib. Nəticədə yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından
çıxarılıb, qətlə yetirilib, yaralanıb. Onlar erməni zorakılığı qarşısında öz həyatlarını xilas
etmək üçün Azərbaycana sığınmaq məcburiyyətində qalıblar.
Ermənistan ərazisində azərbaycanlılar 1988-ci ilə qədər kompakt şəkildə yaşayıblar. Lakin
sovet hakimiyyəti Qarabağın dağlıq hissəsində 1828-ci ildən sonra məskunlaşdırılmış ermənilərdən
fərqli olaraq, azərbaycanlıların tarixən yaşadıqları ərazilərə Ermənistan SSR daxilində muxtar
status verməyib.
Sovet İttifaqı rəhbərliyində təmsil olunan ermənilər, Ermənistan SSR-in rəhbərliyi və xaricdəki
erməni diasporu 1980- ci illərin sonlarında SSRİ-nin mərkəzi hakimiyyətinin zəifləməsindən istifadə
edərək Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV-nin) Ermənistan SSR-ə birləşdirilməsi üçün
məqsədyönlü hərəkətə başladılar. 1988-ci ilin əvvəlində DQMV-nin mərkəzi Xankəndi (ovaxtkı
Stepanakert) şəhərində ermənilərin mitinq və nümayişləri keçirildi. Bundan sonra vilayətin
Azərbaycandan qoparılması yönündə ardıcıl addımlar atıldı: DQMV Xalq Deputatları Sovetinin erməni
əsilli deputatları vilayətin Ermənistan SSR-ə birləşdirilməsi təklifinin lehinə səs verdilər
(azərbaycanlı və digər millətlərdən olan deputatlar iclasda iştirak etməyiblər), Qarabağı
Ermənistana birləşdirməyi qarşısına məqsəd qoyan erməni təşkilatları maneəsiz şəkildə Yerevanda
və Xankəndində fəaliyyətə başladı, Ermənistan SSR Ali Soveti DQMV-nin Ermənistan SSR-in
tərkibinə “daxil edilməsi” və “Ermənistan SSR-in və Dağlıq Qarabağın birləşməsi haqqında” qərarlar
qəbul etdi, 1991-ci ilin sentyabrında isə DQMV və Goranboy rayonunun bir hissəsini əhatə edən
ərazidə qondarma “Dağlıq Qarabağ Respublikası” elan edildi. Ermənistan, SSRİ-nin dağılması
perspektivini nəzərə alaraq, guya özünü münaqişə tərəfi kimi qələmə verməmək üçün strategiyanı
dəyişib belə bir plan cızmışdı. Buna cavab tədbiri kimi, 1991-ci ilin noyabrında Azərbaycan
Respublikasının Ali Soveti vilayətin muxtariyyət statusunu ləğv etdi.
SSRİ-nin ümumi dövlət strukturu zəiflədikcə bölgədə vəziyyət daha da pisləşirdi. Ermənistandan
göndərilən silahlı qruplar və terrorçular öz cinayətkar fəaliyyətini genişləndirirdilər. Əsassız
ərazi iddiaları irəli sürən Ermənistan Azərbaycana qarşı müharibə elan etmədən hərbi əməliyyatlara
başladı. Bununla da, münaqişə yeni “qaynar mərhələ”yə keçdi. Müharibə dövründə Ermənistan silahlı
qüvvələri hərbi və mülki şəxslər arasında heç bir fərq qoymadan işğal etdikləri rayon və şəhərlərdə
dinc azərbaycanlı əhalini amansızlıqla qətlə yetirdi. Müharibə nəticəsində Azərbaycan Respublikası
öz torpaqlarının beşdə birini itirdi, bir milyondan çox azərbaycanlı öz yurdundan didərgin düşdü.
Beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid mənbəyinə çevrilən Ermənistan-Azərbaycan
münaqişəsi beynəlxalq təşkilatlar çərçivəsində ciddi müzakirələrə səbəb oldu. 1992-ci ildə bu
münaqişənin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM-in) prinsipləri əsasında sülh
yolu ilə həlli üçün Minsk qrupu yaradıldı. Birləşmiş Millətlər Təşkilatı (BMT) isə 1993-cü ildə
işğalçıların Azərbaycanın işğal olunmuş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını
tələb edən beynəlxalq hüquqda çox böyük əhəmiyyətə malik 4 qətnamə qəbul etdi. Azərbaycan üçün
olduqca mürəkkəb şəraitdə hakimiyyətə gəlmiş ümummilli lider Heydər Əliyev belə bir nəticəyə gəldi
ki, münaqişənin həllində kompleks yanaşma, mühüm daxili və xarici siyasət amillərinin nəzərə
alınması tələb olunur. Havadarlarından böyük dəstək almış Ermənistanın başlatdığı Birinci Qarabağ
müharibəsi 1994-cü ildə Bişkekdə Rusiyanın vasitəçiliyi ilə imzalanmış atəşkəslə başa çatdı.
Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasına və münaqişəni dinc yolla
həll etmək üçün yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyətinə ümid bəsləyirdi. Lakin 1997-ci ildən
ABŞ, Rusiya və Fransa nümayəndələrinin həmsədrlik etdiyi Minsk qrupunun təkliflərindən ikisi
Ermənistan tərəfindən qəbul edilmədi. “Ümumi

dövlət” prinsipi adı altında faktiki olaraq Qarabağın dağlıq hissəsində Azərbaycanın suveren
hüquqlarını heçə endirən üçüncü təklif isə Azərbaycan tərəfindən qətiyyətlə rədd edildi.
Qrup həmsədrlərinin sülhə nail ola bilməmələrinə diqqət çəkən Azərbaycan Respublikasının prezidenti
Heydər Əliyev

2001-ci ilin dekabrında onlarla görüşdə “müharibə təhlükəsinin artdığını” söyləmişdi. Minsk
qrupunun həmsədrləri isə “münaqişənin hərbi yolla həll ediləcəyi təqdirdə, onsuz da çox ciddi və
güclü şəkildə zərər çəkmiş insanların daha böyük müsibətlərə məruz qalacaqlarını” bildirməklə
faktiki olaraq münaqişəni süni yolla uzatmaq istəyən Ermənistanın mənafeyini müdafiə etmiş oldular.
2003-cü ildə Prezident seçiləndən sonra Minsk qrupunun həmsədrlərini dəfələrlə qəbul edən İlham
Əliyev Azərbaycanın öz haqq işində bir addım da olsa geri çəkilməyəcəyini və bir qarış da olsa
ərazi güzəştinə getməyəcəyini qəti şəkildə bildirmişdi.
2010-cu ilin oktyabrında Azərbaycan tərəfinin qəti təkidi ilə işğal olunmuş ərazilərə ATƏT-in Minsk
Qrupunun həmsədrlərinin rəhbərliyi altında beynəlxalq dəyərləndirmə missiyasının səfəri təşkil
edilmişdi. Missiya üzvləri Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər tərəfindən
məskunlaşdırma siyasətinin davam etdirildiyini, infrastruktur, yer adlarında dəyişikliklərin,
həmçinin iqtisadi fəaliyyətin həyata keçirildiyini təsdiq etmişdilər. Onlar işğal olunmuş
ərazilərdəki mövcud vəziyyətin davam etməsinin qəbul olunmazlığını və oradakı qanunsuz fəaliyyətə
son qoyulmalı olduğunu bildirmişdilər. İşğalçılar Azərbaycan torpaqlarında qanunsuz arxeoloji
“tədqiqatlar” aparmaqdan da çəkinməmişdilər. 1999-cu ildən Azıx mağarasında aparılan qazıntılar
zamanı aşkar edilən tapıntılar dünyaya “erməni maddi mədəniyyətinin nümunələri” kimi təqdim
edilmişdi. İşğal olunmuş ərazilərdəki faydalı qazıntılar və meşə ehtiyatları amansızcasına talan
edilirdi.
2016-cı ilin aprelində atəşkəs rejimi dövründə Azərbaycan və erməni qoşunlarının təmas xəttində ən
böyük hərbi qarşıdurma baş verdi. Aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu
Azərbaycanın mövqeləri və yaşayış məntəqələri erməni silahlı qüvvələri tərəfindən güclü artilleriya
atəşinə məruz qaldı. Əks-hücuma keçən Azərbaycan hərbçiləri ermənilərin lovğalıqla “keçilməz” elan
etdikləri istehkam xətlərini bəzi yerdə 20 dəqiqəyə, bəzi yerdə 2 saata yarıb keçdi. Azərbaycan
mühəndis-istehkamçılarının sərəncamında olan vasitələrin beşdə biri səddi yarmağa kifayət etmişdi.
Aprel döyüşləri nəticəsində erməni tərəfinin xeyli canlı qüvvəsi və hərbi texnikası məhv edildi.
Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altında olan 2 min hektardan çox ərazisi azad edildi.
Cəbrayıl rayonunun Cocuq Mərcanlı və Füzuli rayonunun İranla sərhəd ərazilərinin təhlükəsizliyi
təmin edildi.
Aprelin 5-də Rusiyanın vasitəçiliyi ilə Moskva şəhərində Azərbaycan və Ermənistan Silahlı
Qüvvələrinin baş qərargah rəisləri arasında əldə edilən razılığa əsasən atəşkəs bərpa olundu. Aprel
döyüşlərindən sonra ATƏT-in Minsk qrupunun
2007-ci ildə təklif etdiyi “Madrid prinsipləri” yenidən gündəmə gəldi. Bu prinsiplərə görə ilk
mərhələdə erməni silahlı qüvvələri və onların havadarları tərəfindən işğal olunmuş Ağdam, Füzuli,
Cəbrayıl, Zəngilan, Qubadlı rayonları və Laçın rayonunun 13 kəndi Azərbaycana qaytarılmalı, növbəti
mərhələdə Laçın və Kəlbəcər rayonları azad edilməli idi. Azərbaycanlı icması öz yerlərinə
qayıtmalı, bundan sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində hüquqi status müəyyən edilməli
idi.Lakin 2018-ci ildə Ermənistanda N.Paşinyanın hakimiyyətə gəlişi danışıqlar prosesinə əngəllər
törətməyə başladı.
2019-cu ilin martında Ermənistanın müdafiə naziri Nyu-Yorkdakı erməni icmasının nümayəndələri ilə
görüşü zamanı “yeni torpaqlar üçün yeni müharibə”nin zəruriliyi haqqında bəyanat verdi. Əvvəlcə
danışıqlarda separatçıların ayrıca tərəf kimi iştirak etməsini təkid edən N.Paşinyan isə 2019-cu
ilin avqustunda Xankəndinə etdiyi qanunsuz səfəri zamanı “Qarabağ Ermənistandır və nöqtə” deməklə
sülh prosesinə ağır zərbə vurdu. İki ay sonra Rusiyada keçirilən “Valday” Beynəlxalq Diskussiya
Klubunun illik iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev beynəlxalq ictimaiyyət
qarşısında Ermənistan Baş nazirinin məsuliyyətsiz sözlərinə də münasibət bildirdi: “Dünya
tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan
özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ
Azərbaycandır və nida işarəsi”. 2020-ci ilin mayında Şuşada qondarma respublikanın prezidentinin
andiçmə mərasiminin keçirilməsi, parlamentin və paytaxtın Şuşaya köçürülməsi planı, Azərbaycanın
işğal olunmuş ərazilərinə ardıcıl qanunsuz səfərlər və s. təxribatçı davranışlarla Ermənistan
hökuməti Qarabağ probleminin dinc yolla həll edilməsinin mümkünsüzlüyünü dünya ictimaiyyətinə
göstərdi.
Ermənistan rəhbərliyinin sülhü pozan addımları erməni hərbçilərinin təmas xətti boyu Azərbaycan
Ordusuna qarşı təxribatçı hərəkətləri ilə müşayiət olunurdu. 2020-ci iyulunda Ermənistan hərbi
birləşmələri Azərbaycanın dövlət sərhədində, Tovuz istiqamətindəki strateji yüksəklikləri ələ
keçirmək məqsədilə hücuma cəhd etdi. Neft strategiyası və kommunikasiya siyasətində mühüm yer tutan
belə bir bölgədə 11 gün davam edən şiddətli döyüşlər nəticəsində düşmən geri oturduldu. Bir çox
zirehli texnika, radiokəşfiyyat qurğusu, pilotsuz uçuş aparatları ilə yanaşı, erməni tərəfi xeyli
canlı qüvvə itirdi. Döyüşlərdə 3-сü ordu birliyinin qərargah rəisi general-mayor Polad Həşimov və
polkovnik İlqar Mirzəyev daxil olmaqla Azərbaycan ordusunun 12 nəfər hərbçisi qəhrəmancasına həlak
oldu. Düşmənin mülki obyektləri atəşə tutması nəticəsində isə bir mülki şəxs həyatını itirdi.
İyulun 23-dən etibarən Ermənistan Silahlı Qüvvələrinin Rusiya ilə birgə hərbi təlimlər keçirməsi,
avqustda isə Goranboy rayonu ərazisinə diversiya qrupu göndərməsi, Yaxın Şərqdən gətirilən terrorçu
qrupların Azərbaycan Ordusu ilə təmas xətti boyu yerləşdirilməsi ermənilərin müharibə hazırlığından
xəbər verirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il 25 sentyabrda BMT-nin sessiyasının
ümumi debatlarında videoformatda etdiyi çıxışında dünya ictimaiyyətini Ermənistanın təxribatçı
hərəkətləri haqqında bir daha məlumatlandırdı: “Ermənistanın Baş Naziri Azərbaycana qarşı hərbi
əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış
dəstələrin yaradılmasını elan etmişdir. Ermənistanın müdafiə naziri “yeni ərazilər uğrunda yeni
müharibə”yə çağırır. Ermənistan Azərbaycanın böyük şəhərlərinə və mühüm mülki infrastrukturuna –
Mingəçevir su anbarı və Bakının yaxınlığında yerləşən dünyanın ən iri neft-qaz terminallarından
biri olan və onlarla dövlətin enerji təhlükəsizliyini təmin edən Səngəçal terminalına zərbə
endirməklə hədələyir. Ermənistan müxtəlif ölkələrdən muzdlular və terrorçular cəlb edir, onları
Azərbaycana qarşı istifadə edir”. İlham Əliyev eyni zamanda Ermənistanın havadarlarına səslənərək
bildirirdi: “Biz Ermənistana artmaqda olan silah təchizatından ciddi narahatıq. İyulun 17-dən
etibarən sentyabr ayına qədər biz hərbi yük təyyarələri ilə Ermənistana min tondan artıq hərbi
avadanlığın daşınmasının şahidi olduq. Ermənistanın dünyanın ən yoxsul ölkələrindən biri olduğunu
və silahlara milyardlarla dollar xərcləmək imkanına malik olmadığını nəzərə alsaq, silahların ona
pulsuz verildiyi qənaətinə gələ bilərik. Etnik təmizləmə aparmış işğalçı ölkənin silahlarla təchiz
edilməsi sülh danışıqlarını ciddi şəkildə sarsıdır və işğalçı dövləti yeni hərbi təxribatlara əl
atmağa həvəsləndirir. Bu mənada biz bütün ölkələri Ermənistana silah təchizatından çəkinməyə
çağırırıq”.
Sentyabrın 27-də saat 6 radələrindən başlayaraq təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyinin
əmri ilə Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini,
Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının təmas xəttində sıx məskunlaşma olan kəndləri ilə
yanaşı, cəbhə xəttindən yüz kilometrlərlə aralıda yerləşən Gəncə, Mingəçevir və digər yaşayış
məntəqələrinin mülki infrastruktur obyektlərini ballistik raketlərlə, fosforlu və kassetli
bombalarla, klaster silahlarla atəşə tutaraq mülki əhaliyə qarşı müxtəlif cinayətlər törətməyə
başladı. Ərazisinə minlərlə mərmi düşən Tərtər şəhəri İkinci Dünya müharibəsi dövründə dağılmış
Stalinqrad şəhərinə bənzəyirdi. Azərbaycanın ikinci böyük şəhəri, yarım milyon əhalisi olan və
münaqişə zonasından 100 kilometrdən artıq məsafədə yerləşən Gəncə şəhərinə düşmənin raket hücumları
nəticəsində aralarında qadın və uşaqlar da olmaqla mülki şəxslər həlak oldu, yaralandı. Şəhərdə
mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə
külli miqdarda ziyan dəydi.
Erməni silahlılarının bu vandallıqları Ali Baş Komandanın əmri ilə Azərbaycan Ordusunu əks
tədbirlər görməyə vadar etdi. Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan
Respublikasının Qarabağ bölgəsində dağlıq yerləri və ətraf rayonları işğal etməsi, Azərbaycan
Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar
olaraq, Prezident fərmanı ilə 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün
ərazisində hərbi vəziyyət elan edildi. 28 sentyabrda imzalanmış sərəncama görə isə respublikada
qismən səfərbərlik elan edildi.
Azərbaycan Ordusunun həyata keçirdiyi “Dəmir Yumruq” əməliyyatının ilk günlərində Füzuli və Tərtər
rayonları istiqamətində, o cümlədən Murovdağda bir çox strateji məntəqələr azad edilərək
irimiqyaslı hərbi əməliyyatlar davam etdirildi.
Oktyabrın 3-də şimal cəbhəsində irəliləmək üçün yüksək əhəmiyyətə malik olan Tərtərin Madagiz kəndi
işğaldan azad
edilərək orada Azərbaycan bayrağı qaldırıldı. Kəndin tarixi adı bərpa edildi – Suqovuşan.
Cənub cəbhəsi boyu irəliləyərək oktyabrın 4-də Cəbrayıl şəhərini, 9-da isə Hadrut (pəhləvi dilində
İkiçayarası deməkdir) qəsəbəsini düşməndən təmizləyən Azərbaycan Silahlı Qüvvələri Xocavənd
rayonunun ərazisində əlverişli mövqeləri ələ keçirdi. Düşmənə sarsıdıcı zərbə vuran
Azərbaycan ordusunun ermənilər tərəfindən uydurulan “məğlubedilməz erməni ordusu” mifini məhv etməsi

Ermənistan hakimiyyətini atəşkəs istəməyə məcbur etdi. Rusiyanın təşəbbüsü ilə münaqişə tərəflərinin xarici işlər nazirlərinin

Moskva şəhərində 9-10 oktyabr görüşündə atəşkəslə bağlı razılıq əldə etməsinə baxmayaraq, bir neçə saatdan sonra Ermənistan
tərəfi yenidən hücum cəhdi göstərdi. Əks-hücuma keçən Azərbaycan Silahlı Qüvvələri oktyabrın 17-də
Füzuli şəhərini işğalçılardan təmizlədi, 18-də Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını
qaldırdı, 20-də isə Zəngilan şəhərini azad etdi. Hər qarış torpaq Azərbaycanın igid əsgər və
zabitlərinin canı və qanı bahasına azad edilirdi. Ali Baş Komandan televiziya ilə xalqa müraciət
edərkən Füzuli şəhərinin azad edilməsinin çətinliyini xüsusi vurğulamış, 30 il ərzində düşmənin
orada çox möhkəm istehkamlar qurduğunu söyləmişdi. Hərbi mütəxəssislər də belə fikirdə idi
ki, Füzulini azad etmək aylarla vaxt alacaq. Lakin qəhrəman Azərbaycan ordusu hərbi
kitablara daxil ediləcək mürəkkəb əməliyyatla bu missiyanı yerinə yetirdi və bayraq asmağa bircə
salamat binanın da qalmadığı şəhəri azad edə bildi. Oktyabrın 22-də Zəngilanın Ağbənd qəsəbəsini
azad etdikdən sonra Arazın o tayındakı soydaşları tərəfindən alqışlarla müşayiət olunan Azərbaycan
əsgərləri İranla dövlət sərhədini tam nəzarətə götürdülər. Erməni hərbi birləşmələrinin geri
oturdulması N.Paşinyanı bu dəfə danışıqlar üçün ABŞ-a üz tutmağa məcbur etdi. Oktyabrın 24-də ABŞ
Dövlət katibi müavininin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin birgə
görüşündən sonra münaqişə tərəfləri arasında 10 oktyabr tarixli Moskva bəyanatına uyğun olaraq
humanitar atəşkəs haqqında razılıq əldə olundu. Lakin ertəsi günün səhər saatlarında düşmən ölkənin
ordusu yenidən Azərbaycanın mövqelərinə hücum etdi. Məşhur “aypara” və ya “qurd tələsi” taktikası
ilə əks-hücuma keçən Azərbaycan hərbçiləri Laçın dəhlizinə doğru irəliləyərək Qarabağdakı separatçı
ünsürlərlə Ermənistanı birləşdirən əsas magistral yolun 10 kilometrliyindən artilleriya vasitəsilə buraya nəzarət etməyə başladı.

Oktyabrın 25-də Qubadlı rayonu işğaldan azad edildi.

Qarabağ müharibəsi yalnız ön cəbhə ilə məhdudlaşmırdı. Bu müharibə dünya azərbaycanlılarının
birliyini bir daha nümayiş etdirdi. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə
Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin apardığı
çirkin kampaniyalara qarşı fədakar fəaliyyət göstərirdilər. Müharibənin gedişində xalq-dövlət-ordu
birliyi daha da möhkəmləndi. Azərbaycan Respublikasının bütün vətəndaşları etnik, sosial, dini
baxımdan bütövlük nümayiş etdirdi, ön və arxa cəbhənin mükəmməl birliyi yarandı. Arxa cəbhədə olan
vətəndaşlar vuruşan orduya kütləvi yardım kampaniyaları keçirir, qanvermə aksiyaları təşkil edir,
həmçinin müxtəlif formalarla mənəvi dəstək olurdular. Müxtəlif təşkilatlar, özəl müəssisə
və şirkətlərlə yanaşı, xeyli sayda vətəndaş müharibə zamanı, eləcə də atəşkəsdən sonra orduya
daimi maddi dəstək verir, geyim, ərzaq, tibbi ləvazimat və s. yardım göndərməklə vətəndaşlıq
borclarını yerinə yetirirdilər. Bu yardımlar o qədər geniş hal almışdı ki, Müdafiə Nazirliyi
yardımlara ehtiyacın olmadığı, ordunun hər bir şeylə təmin edildiyi barədə ictimaiyyətə dəfələrlə
açıqlamalar verməli olmuşdu. Ermənistana aid bəzi kütləvi informasiya mənbələri isə bu vəziyyətə
heyrətini gizlədə bilmirdi.
Azərbaycan dövləti hərb meydanı ilə yanaşı, diplomatik və ideoloji cəbhədə də mübarizə aparırdı.
Ölkə başçısının yüksək siyasi məharəti sayəsində diplomatik cəbhədə də böyük uğurlar qazanıldı.
Ölkə Prezidenti Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti haqqında dünya
ictimaiyyətini məlumatlandırırdı. Hərbi əməliyyatların nəticəsi Prezidentin rəsmi Twitter
hesabından operativ olaraq paylaşıldığından, vətəndaşlar o səhifədəki xəbərləri səbirsizliklə
gözləyir, KİV nümayəndələri də oraya istinad edirdilər. Müharibənin gedişində müxtəlif nüfuzlu
əcnəbi televiziya kanallarına verdiyi müsahibələrdə Ali Baş Komandan beynəlxalq aləmdə Azərbaycan
haqqında formalaşmış yanlış təsəvvürləri aradan qaldırırdı. Azərbaycan Prezidenti erməni
yalanlarına uymuş bəzi xarici müxbirlərin qərəzli suallarını soyuqqanlılıqla cavablandıraraq onları
məntiqli arqumentlər əsasında susdururdu. Məsələn, Almaniya televiziya kanallarından birinin
müxbirinin “Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir
rəmzi məna daşıyır?” sualına İlham Əliyev çox sərrast cavab vermişdi: “Elzas və Lotaringiya sizin
üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? … Əsas resurslar burada,
Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir …”.
Azərbaycan növbəti dəfə hücuma məruz qalsa da, çoxsaylı ölkələr və təşkilatlar münaqişəni kəskin
şəkildə qınamış və dinc əhalini hədəfə alan Ermənistana sərt reaksiya vermək, işğala son qoymaq
çağırışı etmək əvəzinə hər iki tərəfi gərginliyi azaltmağa və danışıqları təxirə salmadan davam
etdirməyə çağırmışdır. Türkiyə, Pakistan, İsrail, Ukrayna, Əfqanıstan, Şimali Kipr Türk
Respublikası və bir neçə başqa ölkə isə Azərbaycanın bu müharibədə haqlı tərəf olduğunu
dəstəkləmiş, onun ərazi bütövlüyünü tanıdıqlarını bildirmişdir. Türkiyənin mənəvi və siyasi
dəstəyi, yüksək vəzifəli rəsmilərinin müharibə müddətində Azərbaycana çoxsaylı səfərləri diplomatik
mübarizədə xüsusilə əvəzedilməz rol oynadı.
Ölkəmizin uğurlu xarici siyasətinin əsas istiqamətlərindən biri də Qoşulmama Hərəkatı təşkilatının
işində fəal iştirak, bu təşkilata üzv ölkələrlə yaxın əməkdaşlıq münasibətlərinin qurulmasıdır.
Belə ki, məhz bu ölkələrin nümayiş etdirdikləri prinsipial mövqe sayəsində Vətən müharibəsi
gedişində BMT Təhlükəsizlik Şurasında ölkəmizin mənafeyinə uyğun olmayan qətnamə layihəsinin qəbul
edilməsinin qarşısı alınmışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Azərbaycanda fəaliyyət göstərən ölkələrin
səfirliklərinin məsul işçiləri, hərbi nümayəndələri və beynəlxalq təşkilatların Azərbaycandakı
nümayəndəliklərinin rəhbərlərinin hərbi əməliyyatlar dövründə Ermənistan silahlı qüvvələri
tərəfindən vandalizmə məruz qalmış Tərtərə, Gəncəyə və digər bölgələrə səfərləri təşkil olundu.
Erməni işğalçılarının azərbaycanlılara məxsus abidələrə qarşı dağıdıcı və hörmətsiz davranışı dünya
ictimaiyyətinə nümayiş etdirildi.
Azərbaycan ordusu oktyabrın axırında Çanaqçı kəndini işğaldan azad etdi, ardından da strateji
Şuşa-Laçın yolunun bir hissəsinə nəzarəti ələ keçirdi. Bu zaman Şuşa şəhəri ətrafında lokal
döyüşlər başladı. Azərbaycan tərəfinin hesablamalarına görə, həm ərazi, həm də seçilən marşrut
nəqliyyat vasitələri üçün uyğun olmadığından Azərbaycan qüvvələri beş gün Şuşa istiqamətində piyada
hərəkət etməli idi. Erməni komandanlığı Azərbaycan qoşunlarının Qırmızı Bazar istiqamətində hücuma
keçəcəyini güman edirdi. Çünki Şuşaya qalxan ən rahat Şuşakənd yolu buradan keçirdi. Ermənistan
ordusunun Azərbaycan qoşunlarının Şuşaya həmləsini gözlədiyi ikinci istiqamət isə Laçın idi. Lakin
Azərbaycan ordusunun komandanlığı öz miqyasına, planına və ardıcıllığına görə misli
görünməmiş qərar verərək Şuşaya sıx Qarabağ meşələrindən 3 gün ərzində onlarla kilometr
uzunluğunda yeni yol açdı.
Azərbaycan ordusunun Laçın dəhlizinə nəzarət etməsi nəticəsində Şuşadakı işğalçı erməni hərbi
birləşmələri əlavə dəstək almaqdan məhrum oldu. Yüngül silah-sursatla silahlanmış Azərbaycan Xüsusi
Təyinatlı Qüvvələri Şuşanın sıldırım qayalarına iplərlə dırmaşaraq, yaralı döyüş yoldaşlarını
çiyinlərində daşıyaraq bir neçə yerdən şəhərə daxil oldu. İşğaldan azad edilmiş Daşaltı kəndindəki
hərbi bölmələrin atəş dəstəyi ilə Azərbaycan ordusunun dağ piyadaları qəfil pusquya salınmış erməni
əsgərlərinin sonuncu müqavimətini də qırdı. Şuşanın azad edilməsi zamanı yüzlərlə erməni hərbçisi
məhv edildi, xeylisi itkin düşdü.
Noyabrın 8-də Şəhidlər Xiyabanını ziyarət edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Azərbaycan Silahlı Qüvvələrinin Şuşa şəhərini işğaldan azad etdiyini elan etdi: “İyirmi səkkiz il
yarım işğal altında olan Şuşa azad edildi! … Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq…
Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa
bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa döyüşləri barədə bunları söylədi: “Şuşanın
işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, Ordumuzun peşəkarlığını, hərbçilərimizin
cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən
əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu
əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən,
cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir”.
Prezident Şuşa şəhərinin işğalçılardan azad edilməsi münasibətilə Birlik komandiri
general-leytenant Hikmət Mirzəyevi şəxsən təbrik edib. Vətən müharibəsində hərbi əməliyyatlara
rəhbərlik edən Ali Baş Komandan İlham Əliyev şəxsi heyətin döyüş ruhunun yüksəldilməsini də xüsusi
diqqətdə saxlayırdı. O, Suqovuşanın işğaldan azad olunması münasibətilə general- mayor Hikmət
Həsənovu, düşməndən təmizlənmiş ilk şəhər mərkəzi – Cəbrayılın azad olunması münasibətilə general-
mayor Mayis Bərxudarovu və general-leytenant Hikmət Mirzəyevi, Xudafərin körpüsündə Azərbaycan
bayrağının qaldırılması və DSX-nin iştirakı ilə bir neçə yaşayış məntəqəsinin azad edilməsi
münasibətilə general-polkovnik Elçin Quliyevi, Qubadlı şəhərinin işğalçılardan azad olunmasında
fərqləndiklərinə görə Yaşar Həsənovu və Zaur Quliyevi ayrıca təbrik etmiş, təbrik və
təşəkkürlərinin bütün şəxsi heyətə çatdırılmasını tapşırmışdır. Ali Baş Komandan Qubadlının azad
edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuş Milli Qəhrəman Şükür Həmidovun atası ilə də danışaraq
başsağlığı vermişdir.
Şuşa azad edildikdən dərhal sonra noyabrın 9-u Dövlət Bayrağı günündə Azərbaycan ordusu daha 71
kəndi, bir qəsəbəni və 8 strateji yüksəkliyi işğaldan azad etdi. Bununla, hərbi əməliyyatlar
gedişində işğaldan azad edilmiş yaşayış məntəqələrinin sayı 300-ə çatdı. Şuşanın və ətraf
yüksəkliklərin alınması Ermənistanın bütün manevr imkanlarını puça çıxardı. Azərbaycan Ordusu
müasir döyüş strategiyasında pilotsuz uçuş aparatlarından (dronlardan) yüksək effektlə
faydalanmaqla dünya hərb tarixinə öz şanlı adını yazdı. Azərbaycanın yalançı hədəf kimi istifadəsiz
köhnə təyyarələrdən istifadə edərək Ermənistanın hava hücumundan müdafiə sistemlərinin mövqe
rayonunu üzə çıxarması, ardınca o sistemləri məhv etməsi fəndi hərb tarixində yenilik kimi qəbul
edilir. Türkiyə Respublikası və İsraildən alınmış “Bayraktar” və “Harop”, habelə Azərbaycan
istehsalı olan “Zərbə” dronları ermənilərin qiyməti milyard dollarla ölçülən hərbi texnikasını,
habelə çoxlu miqdarda canlı qüvvəsini məhv etmişdir. Ümumilikdə müharibənin gedişində ölkəmizin
hərbi sənaye kompleksinin istehsalı olan geniş çeşiddə silah və hərbi sursatlardan uğurla istifadə
edilmişdir. Alınmaz hesab edilən Şuşanın azad edilməsində xüsusi təyinatlılar yüngül atıcı və soyuq
silahlardan mahir istifadə etməklə Azərbaycan ordusunun şücaətini nümayiş etdirmişlər. Eyni
zamanda, həm müasir, həm də ənənəvi hərbi strategiya və taktikanı uğurla tətbiq etmiş Azərbaycan
ordusu Ermənistan ordusundan fərqli olaraq, düşmənin dinc əhalisinə insanpərvər münasibət
bəsləmişdir. Prezident İlham Əliyev müharibə ərzində demişdir: “Biz günahsız insanların
qisasını yalnız döyüş meydanında alırıq və alacağıq. Biz heç vaxt mülki şəxslərə atəş
açmayacağıq”.
Şuşanın azad edilməsi müharibədə ermənilərin öz məğlubiyyətlərini etiraf etmələrinə gətirib çıxaran
həlledici döyüş olmuşdur. Şuşanın azad edilməsindən sonra qondarma rejimin rəhbər vəzifəli şəxsləri
başda olmaqla, demək olar, bütün sakinlər Xankəndini tərk etməyə başlamışdı. Beləliklə, Ermənistan
məğlubiyyəti qəbul etməyə məcbur oldu.
Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan
Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə
bəyanat qəbul etdilər. Bəyanatda nəzərdə tutulurdu:
1. 10 noyabr 2020-ci il tarixindən etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün
hərbi əməliyyatların tam dayandırılması elan olunur. Azərbaycan Respublikası və Ermənistan
Respublikası tutduqları mövqelərdə qalırlar.
2. 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu Azərbaycan Respublikasına qaytarılır.
3. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının odlu silahlı hərbi
qulluqçuları, hərbi zirehli texnika, avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti
yerləşdirilir.
4. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə
paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5
ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyətini
Tərəflərdən hər hansı biri bəyan etməzsə, avtomatik olaraq növbəti 5 illik müddətlərə uzadılır.
5. Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması
məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır.
6. Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər
rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni
təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 km. enliyində) Rusiya
sülhməramlı kontingentinin nəzarəti altında qalır.
Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni
təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da
həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə
tutulur.
Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat
vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir.

7. Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin
Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır.
8. Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata
keçirilir.
9. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası
vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili
məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında
nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın
Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir.
Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını
birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir.
Bəyanatın imzalanmasından sonra noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın
rayonları boşaldılaraq işğaldan azad edildi. Hava şəraitinin pis olması nəticəsində Vardenis
(Basarkeçər) keçidində problemlər yarandığından Ermənistan tərəfinin Kəlbəcərin boşaldılması üçün
daha 10 gün vaxt istəməsinə Azərbaycan dövləti humanist yanaşdı. Amma tarixdən məlumdur ki, 1993-cü
ildə Kəlbəcərin işğalı zamanı erməni hərbi birləşmələri əhaliyə rayonu tərk etmək üçün cəmi 10 saat
vaxt vermişdilər. Bu 3 rayonun azad edilməsindən sonra Azərbaycan-Ermənistan dövlət sərhədində
demarkasiya xətlərinin dəqiqləşdirilməsinə başlanıldı.
Azərbaycan 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş İkinci Qarabağ müharibəsini
qlobal pandemiyanın baş verdiyi şəraitdə böyük zəfərlə başa çatdırdı. Öz doğma yurdlarına qayıtmaq
istəyən Azərbaycan vətəndaşlarının uzunmüddətli həsrətinə son qoyuldu. Naxçıvanın 30 illik
blokadasına son qoymaq üçün onun Mehri dəhlizi vasitəsilə Azərbaycanın əsas hissəsi ilə quru
yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı.
Azərbaycan Respublikasının Prezidenti 2020-ci ilin dekabrında Vətən müharibəsinin yekunları ilə
bağlı bir neçə fərman və sərəncam imzaladı. Bu sənədlər əsasında:
– Hər il üçün 8 noyabr Zəfər Günü və 27 sentyabr Anım Günü təsis edildi.
– Canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi
şəhidlərinin əziz xatirəsi dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükutla yad edildi.
– Prezident Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və
şəhid ailələrinin təminatına dəstək üçün “YAŞAT” Fondunun yaradılması haqqında Fərman imzaladı.
– “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı, “Zəfər” və “Qarabağ” ordenləri, “Cəsur döyüşçü”, “Döyüşdə
fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad
olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına
görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına
görə” və digər medallar təsis edildi. Döyüşlərdə iştirak etmiş minlərlə hərbçi müxtəlif orden,
medal və fəxri adla təltif edildi.
– Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm
tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi
məqsədilə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması
nəzərdə tutuldu.
2020-ci il dekabrın 10-da Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş “Zəfər
Paradı”nda ölkə ordusunun şəxsi heyətinin və hərbi texnikasının, habelə müzəffər ordumuzun
düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi nümayiş etdirildi. “Zəfər Paradı”nda Şuşaya
sancılmış Qələbə Bayrağını Azadlıq meydanına Şuşanın azad edilməsində müstəsna xidmətləri olan,
Qarabağ xanlığının, Şuşa qalasının əsasını qoymuş Pənahəli xan Cavanşirin nəslindən olan və Şuşa
azad olunandan sonra şəhərin ilk komendantı general-mayor Zaur Məmmədov gətirdi. Paradda qardaş
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkələrimiz arasındakı qardaşlığın
rəmzinin bariz nümunəsi kimi Vətən müharibəsində şəhid olan azərbaycanlıların sayı qədər türk
əsgərlər iştirak etdilər.
Azərbaycan Respublikasının Prezidenti müharibə bitdikdən sonra işğaldan yenicə azad edilmiş
torpaqlara bir neçə dəfə səfərlər etdi, orada yeni layihələrin təməlini qoydu. 2021-ci ilin yanvarında “Qarabağ Dirçəliş
Fondu” yaradıldı. 2021-ci il yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham
Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirildi. Görüş
nəticəsində imzalanmış Bəyanatda nəzərdə tutulurdu:
– Rusiya Federasiyasının Prezidenti V.V.Putinin Azərbaycan Respublikasının, Ermənistan
Respublikasının Baş nazirləri müavinlərinin və Rusiya Federasiyası Hökumətinin Sədr müavininin
birgə həmsədrliyi ilə üçtərəfli İşçi qrupu yaradılması barədə təklifi dəstəklənir.
– İşçi qrupu 2021-ci il yanvarın 30-dək ilk iclasını keçirməli, bu iclasın nəticələrinə görə
Bəyanatın 9-cu bəndinin reallaşdırılmasından irəli gələn işlərin əsas istiqamətlərinin siyahısı
formalaşdırılmalı, prioritet qismində dəmir yolu və avtomobil yolları müəyyən edilməlidir.
Prezident İlham Əliyev Moskva görüşündən sonra qeyd etmişdir: “Dağlıq Qarabağ münaqişəsi keçmişdə
qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının
açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi
möhkəmlətmək haqqında düşünməliyik”.

 

Artıq 2021-ci ilin yanvar ayının axırından etibarən Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi
fəaliyyət göstərməkdədir.
Müharibədən dərhal sonra Azərbaycan Respublikasının Prezidentinin imzaladığı fərman və
sərəncamların sürətlə icra edilməsinə başlanıldı.
2021-ci ilin fevralında Laçın rayonunda səfərdə olarkən Prezident İlham Əliyev “Güləbird” Su
Elektrik Stansiyasının açılışında iştirak etdi. Stansiyanın istifadəyə verilməsi tarixi və
əlamətdar hadisə idi. Bu, işğaldan azad olunan rayonlarda Prezident İlham Əliyevin iştirakı ilə
istifadəyə verilən ilk infrastruktur layihəsidir.
Hərbçilərlə çoxsaylı görüşündə düşmənin qənimət götürülmüş və məhv edilmiş texnikasının nümayişi
üçün planlarının olduğunu deyən Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının salınması
haqqında təşəbbüs irəli sürdü. Onun göstərişi ilə çox qısa zamanda görülən genişmiqyaslı işlər
yekunlaşdı: 2021-ci ilin aprelində açıq səma altında nadir park salındı.
2021-ci ilin mayında Zəfər Günü münasibətilə Bakı metropoliteninin “8 Noyabr” stansiyası istifadəyə
verildi.
2021-ci il iyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə
Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada görüşünün yekununda “Azərbaycan
Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa
Bəyannaməsi” imzalandı. Bu çox mühüm tarixi sənəddə Azərbaycan Respublikası və Türkiyə
Respublikası tərəflər arasında imzalanmış bütün beynəlxalq sənədlərə, bununla əlaqədar 13 oktyabr
1921-ci il tarixli Qars müqaviləsinə sadiqliyini təsdiq edir, həmçinin 1994 və 2010-cu illərə aid
dostluq, strateji tərəfdaşlıq, qarşılıqlı yardım və hərtərəfli əməkdaşlıq haqqında müqavilə və
protokolları rəhbər tuturdu. İki dost və qardaş ölkə bəyan edirdi:
– Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə,
beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü
dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə
məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT
Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə zəruri yardım
göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə
müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək
və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil
olunacaqdır.
– Tərəflər iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən
formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səy göstərməyə davam edəcəklər.
– Tərəflər Zəngəzur dəhlizinin açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir
yolunun tikintisinin mühümlüyünü qeyd edirlər.
– Tərəflər xarici siyasət sahəsində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında
Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətlərin əhəmiyyətini vurğulayırlar.
Bəyannamədə tərəflərin qlobal və regional sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsində birgə
səylərinin davam etdirilməsinin əhəmiyyəti, iki dövlət arasında inkişaf etdirilən və onların milli
maraqlarına cavab verən hərbi-siyasi əməkdaşlığın üçüncü dövlətlərə qarşı yönəlmədiyi
vurğulanmışdır. Sənəddə Türk dünyasının birlik və rifahına xidmət edəcək milli və beynəlxalq
səylərin artırılmasının vacibliyi də əksini tapmışdır.
2021-ci ilin ortalarında Azərbaycan Ağdam, Füzuli və Zəngilan rayonlarındakı minaların xəritələrini
Ermənistandan təhvil aldı. Xəritələrdə qəsdən yanlışlıqlara yol vermiş Ermənistan müharibədə məğlub
olduğu Azərbaycanla sərhəd xəttinin dəqiqləşdirilməsində də təxribata yol verdi və hər bir halda
layiqli cavabını aldı.
Vətən müharibəsi zamanı döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, düşmənin hərbi
cinayətlərinin qurbanı olmuş mülki vətəndaşlarımıza və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti
olaraq 2021-ci il sentyabrın 27-də – Anım Günündə Bakı şəhərində yürüş təşkil edildi. Müzəffər Ali
Baş Komandan, Prezident İlham Əliyev yürüşdə iştirak etdikdən sonra Vətən Müharibəsi Memorial
Kompleksinin və Zəfər Muzeyinin təməlini qoydu. Yerli vaxtla saat 12:00-da bütün ölkə ərazisində
şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri
infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı
tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin 7 iyul 2021-ci il tarixli Fərmanı ilə
ölkəmizin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən səmərəli istifadə etmək məqsədilə
Azərbaycan Respublikasının 14 iqtisadi rayondan ibarət yeni bölgüsü təsdiq edilmişdir. İşğaldan
azad edilmiş şəhər və rayon mərkəzlərinin yeni baş planları hazırlanmış, bu sahədə
çoxşaxəli quruculuq işləri aparılmaqdadır. Quruculuq işlərində yüksək texnologiyanın tətbiq
edildiyi layihələr (“ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının birləşdirilməsi, “yaşıl
enerji” zonaları və s.) icra edilməkdədir. İşğaldan azad edilmiş şəhər və rayonların ölkə rəhbəri
tərəfindən ziyarət olunması və oradakı quruculuq işlərinə daim nəzarət edilməsi Qarabağın yenidən
abadlaşdırılmasının ölkə üçün xüsusi əhəmiyyət daşıdığını göstərir.
2021-ci il oktyabrın 26-da Azərbaycanın və Türkiyənin dövlət başçıları Füzuli Beynəlxalq Hava
Limanının açılış mərasimində iştirak etdilər. “Qarabağın hava qapısı” adlandırılan, ən müasir
səviyyədə inşa olunan Füzuli Beynəlxalq Hava limanının istənilən tip hava gəmisini qəbul etmək
imkanları var. Hazırda Zəngilan və Laçında da beynəlxalq hava limanları tikilir.

Prezident İlham Əliyev 2021-ci il noyabrın 7-də Zəfər yolunun açılışında iştirak etdi. Füzuli,
Xocavənd, Xocalı və
Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilən 101 kilometrlik Zəfər yolu Füzuli və Şuşa şəhəri
də daxil olmaqla
onlarla yaşayış məntəqəsini əhatə edir. Ali mühəndislik düşüncəsinin, yüksək texnoloji imkanların
istifadə olunduğu bu layihə Şanlı Ordumuzun ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərini mənfur
düşməndən azad edərkən istifadə etdiyi cığır-yolun əbədiləşdirilməsi məqsədilə, dövlət başçısının
daimi nəzarəti altında icra edilib.
Qarabağdakı quruculuq işlərinin qısa vaxtda həyata keçirilməsi Azərbaycan xalqının qazandığı
parlaq qələbənin simvoludur.

İstifadə edilən əsas məlumat mənbələri:
1. https://president.az/
2. https://twitter.com/azpresident
3. https://mod.gov.az/
4. https://mfa.gov.az/
https://mfa.gov.az/

 

[QR size=”100×100″ link=”no”][/QR]                        

 

Dostlarla Paylaş ↓