Rəqəmsal mühitlərdə verilənləri, informasiyanı və rəqəmsal məzmunu peşəkar şəkildə idarə etmək bacarıqlarına yiyələnmək üçün texniki təminatla yanaşı proqram təminatını da öyrənmək lazımdır.
Kompüterdə proqram və texniki təminatlar qırılmaz əlaqədə və qarşılıqlı təsirdə işləyir.
Proqram təminatının səviyyələri bir piramida təşkil edir ki, burada da hər bir səviyyə özündən əvvəlki səviyyələr üzərində yerləşir.(Sxem 1.5) Bu piramidanın zirvəsində tətbiqi səviyyə, bunun altında xidmətedici səviyyə, bunun altında sistem səviyyəsi və piramidanın oturacağında baza səviyyəsi yerləşir.


Baza səviyyəsi. Baza səviyyəsi proqram təminatının ən aşağı səviyyəsidir. Bu səviyyə baza aparat vasitələrinin qarşılıqlı fəaliyyətini təmin edir. Baza proqram təminatı baza aparat təminatının tərkibində yerləşərək sabit yaddaş qurğusunun (ROM) xüsusi mikrosxemlərində saxlanır və BİOS adlanan baza giriş-çıxış sistemini əmələ gətirir. Proqramlar və verilənlər sabit yaddaş qurğusuna istehsal mərhələsində yazılır və istismar zamanı dəyişdirilmir.
Sistem səviyyəsi.Sistem proqramları kompüterin resurslarını – mərkəzi prosessoru, yaddaşı, giriş-çıxış qurğularını idarə etmək üçündür. Onlar bütün istifadəçilər üçün nəzərdə tutulmuş proqramlardır. Kompüterin sistem proqramları elə hazırlanır ki, tətbiqi proqramlar səmərəli işləyə bilsin. Sistem proqramlarının əsas tərkib hissəsini əməliyyat sistemləri təşkil edir. Əməliyyat sistemlərinə misal olaraq MS DOS, OS/2, Linux, Mcintosh(Mac OS), Unix, Windows əməliyyat sistemlərini misal göstərmək olar. Windows-un hər bir proqramı heç olmasa bir pəncərəyə malikdir. Bu pəncərə istifadəçini həmin proqram ilə işləməyə şərait yaradır. Windows sistemində monitorun ekranı işçi masa kimi təqdim olunur ki, bu masada həmin anda işləyən proqramların pənсərələri yerləşmiş olurlar. Proqram kiçik təsvir (düymə) şəklində də göstərilə bilər ki, bu təsvir çox zaman “ikonka” adlanır. Təbii ki, hər hansı proqram (pəncərə) kiçik təsvir şəklində yığıla və yenidən normal vəziyyətə gətirilə bilər. Bu imkan Windows sistemində işləyərkən ekranın informasiya həcminin artmasına səbəb olur. Manipulyatordan (siçandan) istifadə isə Windows-da işləyən istifadəçilərin işini xeyli asanlaşdırır.
Rəqəmsal mühitlərdə informasiya fayllarda saxlanılır. İstifadəçi bu informasiyanı, rəqəmsal məzmunu yadda saxlamaq, açmaq, uzaqlaşdırmaq (silmək), ad vermək və yenidən adlandırmaq, çapa vermək, tutumunu sıxaraq arxivləşdirmək, kəsmək, surətini almaq, göndərmək, şəbəkədə fayla giriş icazəsi vermək kimi əməliyyatlarla idarə edə bilər. İstifadəçi rəqəmsal məzmunu xarici yaddaş daşıyıcılarında: maqnit lenti, maqnit diski, sərt disk, fləş kart, mobil telefonlar, rəqəmsal foto aparatlar və s. qurğularda saxlaya bilər. Bütün bu proseslər Windows bələdçi proqramının köməyi ilə faylın və ya qovluğun kontekst menyusundan yerinə yetirilir. Faylların tipindən (genişlənməsindən) asılı olaraq onları idarə etmək üçün uyğun proqramlar da q

uraşdırılmalıdır. Faylı açmaq üçün həmin faylın tipini dəstəkləyən proqram olmalıdır. Mətn faylı üçün mətn redaktoru, təsvirlər üçün qrafik redaktorlar, musiqi faylları üçün audio proqramlar və s. Faylların arxivləşməsi onların tutumlarının azalmasında, ehtiyat üzünün çıxarılmasında, şəbəkə üzərindən göndərilməsində çox vacibdir. Əlbəttə, faylları arxivləşdirə və ya arxivdən çıxarmaq üçün sıxlaşdırma proqramlarından (arxivatorlardan), viruslarını təmizləmək üçün antivirus proqramlarından istifadə edilir.

Xidmətedici səviyyə. Piramidanın digər səviyyəsini xidmət proqramları-Utilitlər (lat. “utilitas” – xeyir, fayda) təşkil edir. Bu səviyyənin proqramları həm baza, həm də sistem səviyyələrinin proqramları ilə qarşılıqlı fəaliyyət göstərir. Xidmətedici proqramlar (utilitlər) kompüter sisteminin yoxlanması və sazlanması işlərinin avtomatlaşdırılmasını həyata keçirir, həmçinin sistem proqramlarının funksiyalarının yaxşılaşdırılmasını təmin edir.
Yəqin ki, nə vaxtsa hiss etmisiniz ki, kompüteriniz əvvəlki kimi açılmır, fayllarınız yoxa çıxır və ya çox çətin açılır. Belə hallarla qarşılaşanda problemin nə olduğunu anlayırsınızmı? Əlbəttə, kompüterinizə virus yoluxub. Virus proqram özünü təxminən bioloji virus kimi aparır: özü-özünə çoxalır, sistem faylları daxilində maskalanır və kompüterə və ya sistemə ziyanlı təsirlər göstərir. Virus xarici yaddaş qurğularından (disketlərdən), elektron poçt və ya digər İnternet resurslarından istifadə edilən zaman təhlükə yarada bilər, bu zaman lazim olmayan və tanımadığınız məktub və resursları maksimum dərəcədə məhdudiyyətlə istifadə etməniz məsləhətdir. Viruslar xüsusi olaraq yaradılmış kiçik proqramlardır. Bunlara qarşı mübarizə aparmaq üçün xıdmət proqramı olan antiviruslardan istifadə olunur.
Kompüterin periferiya qurğularının işini idarə etmək üçün xidmət proqramlarına aid olan xüsusi proqramdan – drayverlərdən istifadə edilir. Ümumiyyətlə, drayver proqramlar xarici qurğuları kompüterə tanıdır, yəni əməliyyat sistemi ilə qurğular arasında əlaqə yaradır. Buna görə də printer, skaner kimi qurğuları kompüterə qoşmaq üçün əvvəlcə onun drayverini yükləmək lazımdır.
Tətbiqi səviyyə. Bu səviyyənin proqram təminatı istehsal, yaradıcılıq, əyləncə və öyrətmə məsələlərinin həlli üçün nəzərdə tutulmuş tətbiqi proqramlar kompleksindən ibarətdir. Tətbiqi proqramlarla sistem proqramları arasında sıx qarşılıqlı əlaqə mövcuddur.
Sistem səviyyəsində problem yaranarsa, sistemi idarə edən əməliyyat sistemindəki nasazlıqlar xidmət proqramlarının köməyi ilə aradan qaldırılır və ya daha çətin problemlərdə sistem formatlanır. Bir əməliyyat sisteminin yeni versiya ilə əvəz olunması lazım gəldikdə də kompüter format olunur. Bu proses xarici yaddaş qurğuları (DVD disklər və ya fləş kartla) ilə yerinə yetirilir.
Antivirus proqramlarından, arxivatorlardan, tətbiqi proqramlardan (MS Office proqramları, Qrafik redaktorlar, multimedia proqramları və s.) istifadə etmək üçün onu kompüterinizə quraşdırmağınız gərəkdir. Kompüterə proqram quraşdırılmasının ardıcıllığı belədir:

 Xarici yaddaş qurğusundan və ya internetdən proqram fayllarını kompüterə(Sərt diskə) endirin. Əsasən axtarış saytlarından istifadə edin.
 Sərt diskə köçürülmüş Setup.exe faylını çalışdırın və quraşdır (rus. Установить, ing. Install) komandasını verin.
 Ardıcıl olaraq açılan dialoq pəncərələrində soruşulan əməliyyatları icra edin. Proses bitdikdən sonra həmin proqramdan istifadə etmək olar.

Müəllif: Baza modulu
üzrə Təlim Materialı
“İKT-dən istifadə”

Dostlarla Paylaş ↓