AZƏRBAYCAN  XALQ  CÜMHURİYYƏTİ

 

Azərbaycan Xalq Cümhuriyyəti,  Azərbaycan  Cümhuriyyəti, Azərbaycan Demokratik  Respublikası – Azərbaycan xalqının çar Rusiyasına qarşı mübarizəsi nəticəsində, Birinci Dünya müharibəsi (1914-1918) dövründə Şimali Azərbaycanda (Rusiya Azərbaycanında) yaranmış müstəqil dövlətdir.

1917-ci il fevralda Romonovlar sülaləsi devrildi. Hakimiyyətə Lvovun başcılığı ilə  Müvəqqəti hökümət gəldi. 1917-ci il oktyabr çevrilişi hökümətin işini  dayandırdı. 1918-ci il 23 fevralda Zaqafqaziya Demokratik Federativ Respublikası yaradıldı. 26 mayda seymin sonuncu iclası keçirildi. Elə həmin gün gürcü milli şurası Gürcüstanın müstəqilliyini elan etdi. 27 mayda seymin Müsəlman franksiyasının üzvləri də özlərinin ayrıca iclasını keçirdilər və Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər. Həmin iclasda Zaqafqaziya seyminin müsəlman franksiyası özünü Azərbaycanın Milli Şurası, daha doğrusu Azərbaycan parlamenti elan etdi. İclasda Məhəmməd Əmin Rəsulzadə olmadığı üçün (Batumi konfransı – 1918 ) qiyabi olaraq Milli Şuranın sədri seçildi. Fətəli xan Xoyski yekdilliklə Milli Şuranın icra orqanın sədri seçildi. İcra orqanın tərkibinə Məmməd Həsən Hacınıski, Nəsib bəy Yusifbəyov, Xəlil bəy Xasməmmədov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik Aslanov, Camo bəy Hacınıski, Əkbər ağa Şeyxülislamov, Xosrov paşa bəy Sultanov daxil idilər.

1918-ci il 28 may Tiflisdə – Qafqaz canişinin iqamətgahında Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi. İclasda Mustafa Mahmudov katib idi. Həmin iclasda 24 səslə Azərbaycan müstəqilliyinin elan edilməsi haqqında bəyannamə qəbul edildi. İclasın Səsverməsində  2 nəfər – Sultan Məcid Qənizadə və Cəfər bəy Axundov bitərəf qaldılar. Həmin sənədi Həsən bəy Ağayev, Fətəli xan Xoyski, Nəsibbəy Yusifbəyli, Camo bəy Hacınıski,Şəfi bıy Rüstəmbəyov, Nəriman bəy Nərimanbəyov, Cavad bəy Məlik – Yeqanov, Mustafa Mahmudov imzaladılar.

İstiqlal bəyannaməsi, Əqdnamə, Misaqi Milli

  1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyət hüququna malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycanda tam hüquqlu müstəqil bir dövlətdir.
  2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.
  3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərə mehriban münasibətlər yaratmaq əzmindədir.
  4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir.
  5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərzində daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.
  6. Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökümət durur.

 

M.Ə.Rəsulzadə və M.H.Hacınıski hələ may ayının əvvəlindən Türkiyədə aparılan sülh danışıqlarında olduğundan bu tarixi iclasda iştirak etməmişdilər.  İstiqlal bəyannaməsinin elanından sonra Müvəqqəti höküməti yaratmaq üçün Milli Şura bu işi F.X.Xoyskiyə tapşırdı.

 

Bir saatlıq fasilədən sonra ilk Azərbaycan Müvəqqəti höküməti aşağıdakı tərkibdə yaradıldı:

 

  1. Fətəli xan Xoyski – Nazirlər Şurasının sədri və daxili işlər naziri
  2. Xosrov Paşa bəy Sultanov – Hərbi nazir
  3. Məmməd Həsən Hacınıski – Xarici işlər naziri
  4. Nəsib bəy Yusifbəyli – Maliyyə və xalq maarifi naziri
  5. Xəlil bəy Xasməmmədov – Ədliyyə naziri
  6. Məmməd Yusif Cəfərov – Ticarət və sənaye naziri
  7. Əkbər ağa Şeyxülislamov – Əkinçilik və əmək naziri
  8. Xudadat bəy Məlik-Aslanov – Yollar və poçt –teleqraf naziri
  9. Camo bəy Hacınıski – Dövlət nəzarəti naziri

 

Beləliklə, 1918-ci il mayın 28-də axşam saat səkkizə on dəqiqə işləmiş Azərbaycanın istiqlalı elan edildi. 30 mayda bir sıra dövlətlərin xarici işlər nazirinə radioqram göndərərək Azərbaycanın müstəqil dövlət olduğunu elan etdi. Xarici işlər naziri Hacınıski Türkiyəli həmkarı Nəsimi Bəydən məxfi teleqramla xahiş etdi ki, Avropa dövlətlərinin paytaxtında türk səfirlikləri Azərbaycanın həmin ölkələrdəki nümayəndəlikləri funksiyasını da öz üzərinə götürsünlər. yeni yaranmış Azərbaycan dövlətinin ilk addımlarından biri Osmanlı imperatorluğu ilə qarşılıqlı münasibətlər yaratmaq oldu. 11 mayda başlanan danışıqlar 4 iyunda Azərbacanla Türkiyə arasında sülh və dostluq müqaviləsi imzalamaqla nəticələndi. “Osmanlı imperator höküməti ilə Azərbaycan Cümhuriyyəti arasında dostluq müqaviləsi”ni Türkiyə tərəfindən Ədliyyə naziri Xəlil Mentəşə, Qafqaz komitəsinin baş komandanı Vehib paşa, Azərbaycan tərəfindən xarici işlər naziri Hacınıski və Milli Şuranın sədri Rəsulzadə imzaladılar. Batum müqaviləsinin IV bəndində dinclik və asayişi möhkəmləndirmək, ölkənin təhlükəsizliyini təmin etmək üçün, əgər ehtiyac olarsa, Osmanlı höküməti Azərbaycan Cümhuriyyətinə hərbi yardım göstərməyi öz üzərinə götürməlidir. Bu maddəyə əsaslanan Rəsulzadə və Hacınıski Azərbaycan höküməti  ilə razılaşdıqdan sonra Türkiyədən hərbi yardım istədilər. bu müraciətə cavab olaraq 16 iyunda Osmanlı hərbi dəstəsi Azərbaycana daxil oldu. Türkiyənin Qafqazdakı hərbi hissələrinin baş komandanı hərbi nazir Ənvər paşanın ögey qardaşı Nuru paşa öz qərargahı ilə birlikdə Gəncəyə gəldi. Tiflisdəki 18 günlük fəaliyyətdən sonra Milli Şura hökümətin Gəncəyə gəlişi o qədər də uğurlu olmadı. Bu zaman Azərbaycanın hər yerindən qaragüruhçu klerikal dairələrin nümayəndələri Gəncəyə axışmağa başladı. Müstəqilliyin əlehdarı olan Milli Şuraya qarşı fəal kompaniyaya başlayaraq Nuru paşanı  öz tərəflərinə çəkə bildilər. Nəticədə Nuru paşa bildirdi ki, solçulardan və müsavatçılardan daha çox mühafizəkar – islamist dairələrə rəğbət bəsləyir. Yalnız güclü müqavimətdən sonra türk komandanlığı yeni hökümət komitəsinin Milli Şura tərəfindən təşkilinə, Milli Şura isə bütün səlahiyyətlərini yeni təşkil olunmuş hökümətə verib özünü buraxmasına razılıq verdi. Bu Cümhuriyyət tarixində  iyul böhranı adlanır. 17 iyunda Milli Şuranın say etibarilə  7-ci iclasında 2 qətnamə qəbul edildi: birincisi  Müvəqqəti hökümət dövlət müstəqilliyini və mövcud siyasi azadlıqları ləğv etmək, aqrar və buna bənzər inqilabi qanunları dəyişdirmək hüququna malik deyildi. Ikincisi isə Azərbaycan Milli Şurasının buraxılmasına aid idi. Milli şura öz fəaliyyətini dayandırsa da Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini qoruyub saxlaya bildi.

Bütün hakimiyyət (həm qanunvericilik, həm də icraedici hakimiyyət) Müəssislər Məclisi çağrılana qədər Fətəli xan Xoyskinin sədrliyi yaradılmış yeni – ikinci Müvəqqəti hökümətə həvalə edildi. 12 nəfərdən ibarət olan hökümət kabinəsinə köhnə kökümətin 6 üzvi və 6 yeni nazir daxil edildi.

19 iyunda yeni hökümətin nazir portfelləri aşağıdakı qaydada bölüşdürüldü.

  1. Fətəli xan Xoyski – Nazirlər Şurasının sədri və ədliyyə naziri
  2. Məmməd Həsən Hacınıski – Xarici işlər naziri
  3. Nəsib bəy Yusifbəyli – Xalq maarifi naziri
  4. Cavanşir – Daxili işlər naziri
  5. Məlik-Aslanov –Yollar naziri
  6. Ə.Əmircanov – Maliyyə naziri
  7. Sultanov – Əkinçilik naziri
  8. Aşurov – Ticarət və sənaye naziri
  9. Rəfibəyli – Xalq səhiyyə – himayəçilik naziri
  10. Xəlil bəy Xasməmmədov  – portfelsiz nazir
  11. Ə.Topçubaşov – portfelsiz nazir
  12. Rəfiyev – portfelsiz nazir

İkinci Müvəqqəti hökümət 19 iyunda bütün ölkə ərazisində hərbi vəziyyət elan etdi. Osmanlıların V piyada divizyası və general Şıxlıniskinin başcılıq etdiyi müsəlman milli korpusu əsasında təşkil edilmiş İslam ordusu Daxili İşlər Nazirliyinin rəhbərliyi altında fəaliyyət planı hazırladılar.

21 iyunda isə qırmızı parça üzərində ağ aypara və ağ səkkizguşəli  ulduz təsviri olan bayraq dövlət bayrağı qəbul edildi.

26 iyunda Müsəlman hərbi korpusu əlahiddə Azərbaycan korpusuna çevrildi. Buda Azərbaycan Silahlı Qüvvələrin yaradılması idi.

27 iyun Azərbaycan dili dövlət dili elan edildi.

15 iyulda Fövqəlada Təhqiqat komissiyası yaradıldı. I DM-də Cənubi Qafqazda müsəlmanlara qarşı törədilmiş soyqrım vəhşiliklərini və onların əmlakının talan məsələlərinə hüquqi qaydada baxmalı idi. Hökümətin bu qərarı azərbaycanlılara qarşı törədilmiş soyqrıma hüquqi qiymət verilməsinin əsasını qoydu. (hüquqi qiymət 1998-ci il Heydər Əliyev tərəfindən 31 mart soyqrımı)

11 avqustda hərbi mükəlləfiyyət haqqında qərar qəbul edildi.

23 avqustda Azərbaycan Xalq Cümhuriyytinin vətəndaşlığı (təəbəliyi) haqqında qərar qəbul edildi.

28 avqust qərarı ilə məktəblər milliləşdirildi.

1918-ci il 15 sentyabrda ağır döyüşlərdən sonra Bakı azad edildi. 14 sentyabrda Milli Şuranın 17 iyun qərarına əsasən Müəssislər Məclisinə seçkilər keçirmək üçün komissiya yaradıldı. 21 oktyabrda Musa bəy Rəfiyev başda olmaqla komissiyanın tərkibi təsdiq edildi. 1918-ci il 17 sentyabr Xoyski kabinetinin təşkilindən 3 ay onra Cümhuriyyət Bakıya köçdü.

Hökümətin 9 noyabr qərarı ilə dövlət bayrağının təsviri dəyişdirildi. Yeni qərarla mavi, qırmızı yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan milli bayraq qəbul edildi.

1918-ci il 16 noyabrda Milli Şuranın 5 aylıq fasilədən sonra yenidən fəaliyyəti başladı.

19 noyabrda Milli Şuranın iclasında “Azərbaycan Parlamentinin yaradılması” haqqqında qənun qəbul edildi. Cümhuriyyət əhalisi yalnız azərbaycanlılardan ibarət olmadığı üçün Parlamentdə qeyri millətlərin təmsilinə icazə verildi. Ölkə əhalisinin (2 mln. 750 min nəfər) hər 24 min nəfərinə 1 nəfər nümayəndə hesabı ilə 120 deputatdan ibarət olmalı və 3 dekabra qədər  Parlament formalaşmalı idi. Milli Şura 1918-ci il 3 dekabrda Müəssislər Məclisinin  – geniş tərkibli Azərbaycan Parlamentinin çağrılması haqqında qanun qəbul etdi və öz yerini yeni Parlamentə verərək fəaliyyətini dayandırdı.

1918-ci il 7 dekabrda saat 13:00-da H.Z.Tağıyevin Qızlar məktəbi binasında (hazırda Füzuli adına Əlyazmalar İnustutunun yerləşdiyi bina) Azərbaycan Parlamentinin təntənəli açılışı oldu. Bu bütün müsəlman şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament idi.

Azərbaycan Parlamentinin tərkibi aşağıdakı kimi idi:

  • Türk-müsəlman əhalisi – 80
  • erəminilər – 21
  • ruslar – 10
  • almanlar – 1
  • yəhudilər – 1
  • gürcülər – 1
  • polyaklar – 1
  • Bakı həmkarlar ittifaqları – 3
  • Bakı Neft Sənayeçiləri şurası – 1
  • Ticarət-Sənaye ittifaqı – 1

 

Hələ 1917-ci ilin sonlarında ümumrusiya Müəssislər Məclisinə seçilmiş 44 nəfər türk-müsəlman deputat birbaşa Azərbaycan Parlamentinin tərkibinə daxil edildi. Müsəlmanlar üçün nəzərdə tutulmuş qalan 36 yerə (80 yerdən) seçkilər keçirildi. Səfərdə olan Əlimərdan bəy Topçubaşov  qiyabi olaraq Parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçildi. Ənənəyə sadiq olaraq Parlamentin ən gənc üzvi Rəhim bəy Vəkilov katib təsdiq olundu. Parlamentin ilk iclasında Fətəli xan Xoyskinin kabinəsnin istefası qəbul olundu. Yeni hökümətin təşkili yenidən Xoyskiyə tapşırıldı.

1918-ci il 26 dekabrda Xoyski hökümətinin – III Hökümətin – yeni  tərkibi Parlament tərəfindən təsdiq edildi. Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan xalqı tərəfindən müdafiə olunduğunu görən general Tomson 28 dekabrda Xoyski hökümətini Azərbaycanın yeganə qanuni yerli hakimiyyət orqanı kimi tanıdı. Nəticdə şəhərdəki erməni hərbi birləşmələri tərkisilah olundu və ləğv edildi. Dekabrda təşkil olunmuş Azərbaycan höküməti koalisyalı kabinə idi. Burada 3 nəfər rus naziri də təmsil olunmuşdur. Koalisyan yeni kabinə partiya prinsipi üzrə deyil, parlament franksiyalarının hökümət başcısına və proqramına etimad prinsipi üzrə təşkil edilmişdir.

Parlamentdə 11 franksiya fəaliyyət göstərirdi. ən böyük franksiya bitərəf demokratların müsavatçılarla birləşməsi ilə yarandı. Bu franksiyaya Rəsulzadə başcılıq edirdi və 38 üzvi var idi. Bundan əlavə bitərəflər 3, partiyasızlar 4 nəfərdən iabrət franksiyalar yaratmışdılar. Müsəlman sosialistlər ittifaqı  ilə Hümmətin üzvləri 13 nəfərdən ibarət sosialistlər franksiyasında birləşdilər. Franksiyanın sədri S.Ağamalıoğlu oldu. Q.Qarabəylinin İttihad partiyasının parlamentdə 11 nümayəndisi var idi. Müsavat franksiyanın əsas rəqibi hesab edilirdi. Bunlardan əlavə Əhrar partiyasının, rus-slavyan ittifaqının və digər milli azlıqların da parlament franksiyası var idi.

Azərbaycan Parlameniti ümumilikdə 315 qanun lahiyəsindən 10-12-ni rədd etmiş, qalanlarını qəbul etmişdir.

1919-cu il Azərbaycan dövlət büdcəsinin mədaxili və məxarici tarazlaşdırılmışdır. Ərzaq Nazirliyinin 24 iyun 1918-ci il qərarı ilə əhalini və ordunu zəruri məhsullarla təmin etmək üçün Respublikadan kənara mal çıxarılması, habelə şəxsi istehlakdan lazım olan miqdardan artıq taxıl alveri qadağan edilirdi. Bu qərara uyğun olaraq  27  iyun fərmanına əsasən ölkədən qırağa bir sıra KT məhsullarının çıxarılmasına qadağa qoydu. 1918-ci il 27 avqustda azad ticarətin yaradılması haqqında fərman verildi. Daxili ticarətin inkişaf etdirilməsi ilə əlaqədar olaraq 30 oktyabrda ticarət donanmasının fəaliyyətinin bərpası haqqında qərar qəbul edildi.

Azərbaycan Höküməti Bakıya gəldikdən sonra birinci olaraq neft sənayesinin dirçəldilməsinə diqqət yetirməyə başladı. 1 oktyabrda Bakı Sovetinin elan etdiyi hökümət fərmanı ilə neft sənayesinin və ticarət donanmasının “milliləşdirilməsi” ləğv edildi. Bakı neftinin dünya qiymətləri ilə Avropa dövlətlərinə daşınması üçün Versal müqaviləsinin 89-cu paraqrafına uyğun olaraq Azərbaycana Batumi limanından istifadə hüququ verildi.

Müsavat partiyasının inqilabi məzmuna malik fəhlə proqramını həyata keçirmək bir sıra çətinliklə qarşılansa da, sonralar bu proqram hökümətin sosial siyasətinin özəyini təşkil etdi.

Aqrar qanunlar hökümətin ən mühüm məsələlərindən biri idi. Torpaqların 30% xəzinəyə (dövlət), 50% kəndliyə, 20% mülkədarlara məxsus idi. Parlamentin ikinci iclasında Müsavat partiyasının  bütün torpaqların əvəzsiz olaraq kəndlilərə paylanması və verilmiş torpağa sahib olmaq hüququnun təsdiqlənməsi qərarı çox mühüm hadisə idi.  1920-ci il mart aqrar qanunu ilə əhalinin torpaqla təmin edilməsinin əsası qoyuldu. Kəndlilər üçün 7 desyatindən – 50 desyatinə qədər, şəhərlilər üçün 1 desyatindən – 12 desyatinə qədər olması qərarı verildi. Lakin bu işlər həyata keçirilə bilmədi.

1918-ci ilin sentyabrında Azərbaycan Cümhuriyyəti öz pulunu – Bon – bazara buraxdı. 1919-cu il sentyabrda Bankın yaradılması oldu.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentçilik tariximiz iki dövrə ayrılır:

Birinci dövr 1918-ci il 27 may – 29 noyabra qədər davam etmişdir. Bu altı ay ərzində Azərbaycan Milli Şurası adı ilə fəaliyyət göstərən və 44 nəfər müsəlman-türk deputatdan ibarət olan ilk Azərbaycan Parlamenti çox mühüm tarixi qərarlar qəbul etmişdir. İlk Parlament mayın 28-də Azərbaycanın müstəqilliyini elan etmiş, ölkəninin idarəsini öz üzərinə götürmüş və tarixi  İstiqlal bəyannaməsini (Əqdnamə, Misaqi Milli) qəbul etmişdir. Milli Şura dövründə Azərbaycan Parlamentinin təsis qurultayı ilə birlikdə cəmi 10 iclası keçirilmişdir. İlk iclas 1918-ci il 19 noyabrda Tiflisdə, son iclas 1918-ci il 19 noyabrda Bakıda keçirilmişdir. 17 iyunda  Milli Şura öz fəaliyyətini müvəqqəti dayandırmış və 1918-ci il 16 noyabrda Bakıda yenidən fəaliyyətini bərpa etmişdir. 19 noyabr iclasında 3 dekabrda Azərbaycan Müəssislər məclisinə – Azərbaycan Parlamentinin çağrılması haqqında qanun qəbul etdi və öz fəaliyyətini dayandırdı. Beləliklə Azərbaycan Parlamentinin bu dövründə daha doğrusu, Milli Şura dövründə Tiflisdə, Gəncədə və Bakıda fəaliyyət göstərmişdir.

İkinci dövr və ya Bakı dövrü 1918-ci ilin 7 dekabrından – 1920-ci ilin 27 aprelinə qədər cəmi 17 ay davam etmişdir. İlk iclası 1918-ci il 7 dekabrda, son iclas isə 1920-ci il 27 apreldə keçirilmişdir. Bu dövrdə Parlamentin cəmi 145 iclası olmuşdur. Bütün bu iclaslarda Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti İstiqlal bəyannaməsinin müəyyən etdiyi prinsiplərə sadiq qalaraq və konkret tarixi şəraiti nəzərə alaraq ölkənin ərazi bütövlüyünü təmin etmək və müstəqilliyini qoruyub saxlamaq, demokratik dövlət yaratmaq məqsədi daşıyan çox mühüm qanunlar və qərarlar qəbul etmişdir. Bütün bu qanunlar və qərarlar,  nəticə etibarilə, hakimiyyətin 3 qolunun – qanunvericilik, icra və məhkəmə orqanlarının formalaşdırılmasına yönəltmişdi.

Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti 3 dövrə bölünür:

  • Türkiyə oriyentasiyası dövrü (1918-ci il noyabr – 1920-ci il yanvar)
  • Qərb eriyentasiyası dövrü (1918-ci il noyabr – 1920-ci il yanvar)
  • Geniş və hərtərəfli dünya əməkdaşlığına daxil olmaq uğrunda mübarizə dövrü (1920-ci il yanvar – aprel)

Azərbaycanla Türkiyə arasında bağlanmış  4 iyun müqaviləsi Türkiyənin Azərbaycanı ilk tanıyan dövlət olmasında baza rolu oynadı. 1918-ci il in iyununda keçirilməsi nəzərdə tutulan İstanbul konfransına Rəsulzadənin başcılığı ilə nümayəndə heyətinin qatılması böyük əhəmiyyət kəsb edirdi. Sentyabrın əvvəllərində Azərbaycan nümayəndə heyəti Tələt Paşa tərəfindən qəbul edildi. Az sonra Berlinə gedən Tələt paşa 27 avqust sazişini ləğv etməsini Almaniyadan tələb etdi. 6 sentyabrda isə Sultan VI Mehmed  Vahideddin ilə görüş oldu.  1918-ci il 28 sentyabrda Topçubaşov Türkiyədə səfir missiyasına başladı.

1918-ci ilin 26 dekabrda yaradılmış hökümətin ilk addımı həmin ayın 28-də Paris sülh konfransına göndəriləcək nümayəndə heyətinin tərkibini və statusunu müəyyən etmək oldu. Ə.Topçubaşov sülh konfransına gedəcək nümayəndə heyətinin başcısı, Məmməd Həsən Hacınıski isə onun müavini təyin edildi. Nümayəndə heyətinin 2 nəfər parlament üzvü – Əhməd Ağayev və Əkbər ağa Seyxülislamov daxil edildi. İstanbula gələn nümayəndə heyəti elə ilk gündən Parisə getməkdə ciddi çətinliklərlə üzləşdilər. nümayəndə heyətindən iki nəfər – Ə.Hüseynzadə və A.Ağayev İstanbulda müttəfiqlər tərəfindən həbs edildi. Ə.Hüseynzadəni həbsdən azad etdirmək mümkün olsa da, Parisə getməyə viza ala bilmədi. Ə.ağayev isə Malta adasına sürgün olundu. Digər nümayəndə heyətinin üzvləri isə 3 aydan sonra İstanbul – Salonski – Afina – Neapol – Roma – Paris xətti ilə Fransaya gedə bildilər. Parisə gəldikdən sonra nümayəndə heyətinin ilk mühüm işi “Qafqaz Azərbaycanı Cümhuriyyətinin Paris sülh konfransına memorandomu”  adlı sənədi konfransın keçirildiyi ingilis və fransız dillərinə tərcümə elətdirmələri oldu. 1919-cu il 2 mayda ABŞ prezidenti V.Vilsonun təşəbbüsü ilə ilk dəfə Azərbaycan məsələsi Versal konfransının Dördlər Şurasının iclasında müzakirə edildi.  28 iyunda Böyük Britaniya höküməti ingilis ordusunun Qafqazdan çıxarılması barədə Paris sülh konfransına rəsmi məlumat verdi.  1919-cu il noyabr- dekabr aylarında müttəfiqlər arasında aparılan danışıqlar Azərbaycanın müstəqilliyinin tanınmasını artıq reallaşdırdı.

1919-ci ilin martında Nəsib bəy Yusifbəyli tərəfindən IV hökümət kabinəsi yaradıldı.

1919-cu il dekabr ayında isə Nəsib bəy Yusifbəyli tərəfindən V hökümət yaradıldı. Fətəli xan Xoyski hökümətin xarici işlər naziri oldu. Aprel işgalı ərəfəsində Azərbaycanın siaysi həyatında ən ciddi hadisə hökümət böhranın yaranması idi. 1919-cu il Parisdən qayıdan H.Hacınski və onun tərəfdarları hesab edirdilər ki, Sovet Rusiyasına geniş güzəştlər verməklə Azərbaycanın isitiqlaliyyətini tanıtdırmaq olar. Lakin Xoyskinin təklifi ilə Hacınski daxili işlər naziri vəzifəsindən uzaqlaşdırıldı. O hökümətin tərkibində Ticarət və Sənaye naziri kimi qaldı. 1920-ci il 1 apreldə Yusifbəyli Höküməti – V Hökümət –istefa    verdi. VI  Hökümətin təşkili Hacıniskiyə həvalə edildi.  O komministlər də daxil olmaqla sol qüvvələrdən ibarət koalisyon hökümət yaratmaq istəyirdi. Onun bolşeviklərlə danışıqları 20 gündən çox çəkdi. 22 Aprel 1920-ci ildə Hacınski VI  Hökümətin təşkilinin mümkün olmadığı haqqında Parlamentə məlumat verdi. Yeni  – VI  Hökümətin təşkili mümkün olmadığı üçün N.Yusifbəyli kabinəsini öz vəzifəsini müvəqqəti icra edirdi.

Sovet Rusiyası hələ 1918-ci ilin noyabrından Bakını və bütün Cənubi Qafqazı ələ keçirmək üçün konkret hərbi hazırlıq tədbirləri görməyə başlamışdılar. Rusiya hərbi-inqilab şurasının qərarı ilə 11-ci və 12-ci orduların, həmçinin Həştərxan – Xəzər donanamasının daxil edildiyi ayrıca Xəzər – Qafqaz cəhbəsi yaradılmışdı. Bütün cənubi Qafqazı ələ keçirmək üçün xüsusi “Bakı əməliyyatı”  adlı xüsusi hərbi planı hazırlamışdı. 30 martda Azərbaycan Xalq Cümhuriyyətini devirmək üçün Əliheydər Qarayevin başcılığı ilə “operativ qərargah” yaradılmışdır. 1920-ci il aprelin 26-dan 27-nə keçən gecə işğalçı 11-ci Qırmızı ordu hissələri müharibə elan etmədən müstəqil Azərbaycan dövlətinin sərhədlərini keçdi və Bakıya hücum etdi. Bakı eyni zamanda dənizdən də mühasirəyə alındı. 27 aprel səhər tezdən komministlərin silahlı dəstələri həm şəhər daxilində, həm də onun kənarlarında mühüm obyektləri ələ keçirdilər. Azərbaycan kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi, Rusiya kommunist (bolşeviklər) Partiyası Qafqaz Diyar Komitəsinin Bakı bürosu və Mərkəzi Fəhlə konfransı adından Azərbaycan Parlamentinə hakimiyyəti təhvil vermək barədə ultimatım verdi. Göstərilən ultimatım və VI hökümətin təşkili ilə bağlı Hacınıskinin sədrliyi ilə yaradılmış komissiyanın apardığı danışıqların nəticələri Məmməd Yusif Cəfərovun sədrliyi ilə Parlamentin sonuncu (145-ci) iclasında müzakirə olundu. İclas 27 aprel axşam saat 23.25-dək davam etdi. Rəsulzadənin təklifi ilə parlamentin qapıları xalqın üzünə açıldı. Hacınıski təklif etdi ki, hakimiyyəti “millətin qurtuluşu naminə” kommunistlərə təhvil verməliyik. Lakin qeyd-şərtsiz hakimiyyətin təhvilinə etiraz edən Parlament üzvələri yekunda qərar qəbul etdilər:

 

  1. Sovet höküməti tərəfindən idarə olunan Azərbaycan tam istiqlaliyyati mühafizə edilir;
  2. Azərbaycan Kommunist Firqəsinin yaratdığı hökümət müvəqqəti orqan olacaqdır;
  3. Azərbaycanın son idarə formasını hər hansı bir xarici təzyiqdən asılı olmayan fəhlə, kəndli və əsgər deputatları sovetləri şəxsində Azərbaycanın ali qanunverici orqanı müəyyənləşdirir;
  4. Hökümət idarələrinin bütün qulluqçuları öz yerlərində qalır, ancaq məsul vəzifə tutanlar dəyişdirilir;
  5. Yeni yaradılan müvəqqəti kommunist höküməti Parlament və Hökümət üzvlərinin həyatının və əmlakının toxunulmazlığına təminat verir;
  6. Qırmızı Ordunun Bakı şəhərinə döyüşlə daxil olmasına yol verməmək üçün tədbir görüləcək;
  7. Yeni hökümət, haradan baş verməsindən asılı olmayaraq, Azərbaycanın istiqlalınısarsıtmaq məqsədi güdən bütün xarici qüvvələrə qarşı öz sərəncamında olan vasitələrlə qəti tədbirlər görəcəkdir.

Lakin işğalçılar Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin hakimiyyəti dinc yolla, qan tökülmədən kommunistlərə təhvil vermək haqqında qərarına məhəl qoymadılar. Beləliklə, Sovet Rusiyasının beynəlxalq hüquq normalarını kobudcasına tapdalayan hərbi müdaxiləsi və 11-ci Qırmızı Ordu hisslərinin qanlı döyüş əməliyyatları nəticəsində Paris sülh konfransının iştirakçısı olan dövlətlər tərəfindən tanınmış müstəqil Azərbaycan Xalq Cümhuriyyəti aradan qaldırıldı və onun ərazisi işğal olundu.

 

Xronologiya

1917, 27 fevral Rusiyada Fevral demokratik inqilabının baş verməsi
1917, 3 mart Yelizavetpolda Türk Ədəmi-Mərkəziyyət Partiyasının təşkili
1917, 3 mart Cənubi Qafqazda mülki hakimiyyətin yeni yaradılmış Xüsusi Zaqafqaziya Komitəsinə – OZAKOM-a verilməsi
1917, 5 mart Bakı şəhəri ictimai təşkilatlarının İcraiyyə Komitəsinin təşkili
1917, 6 mart 7-nə keçən gecə Bakı əsgər, fəhlə və zabit deputatları Sovetlərinin təşkili
1917, 9mart Müvəqqəti hökumət tərəfindən Qafqaz canişinliyinin ləğvi və Xüsusi Zaqafqaziya Komitəsinin təşkili
1917, 10 mart RSDFP-nin Birləşmiş Müvəqqəti Komitəsinin təşkili
1917, 27 mart Müsəlman ictimai təşkilatları Şurası və onun Müvəqqəti Komitəsinin təşkili
1917, 15-20 aprel Bakıda Qafqaz müsəlmanları qurultayının keçirilməsi
1917, 1-8 may Moskvada I Ümumrusiya müsəlman qurultayının keçirilməsi
1917, 20 iyun “Müsavat” və “Türk Ədəmi-Mərkəziyyət” Partiyalarının Türk Ədəmi-Mərkəziyyət “Müsavat” Partiyası adı altında birləşməsi
1917, 22 oktyabr Bakı fəhlə və hərbi deputatları Sovetinə seçkilər keçirilməsi
1917, 25-31 oktyabr Türk Ədəmi-Mərkəziyyət “Müsavat” partiyasının I qurultayı
1917, 25 oktyabr Petroqradda bolşevik çevrilişinin baş verməsi
1917, 27 oktyabr Bakı fəhlə və əsgər deputatları Sovetinin hakimiyyət məsələsinə həsr edilmiş fövqəladə iclası
1917, 31 oktyabr Bakı fəhlə və hərbi deputatları Sovetinin yeganə qanunverici, inqilabi və yerli orqan elan edilməsi
1917, 2 noyabr Bolşeviklərin Bakı Soveti İcraiyyə Komitəsi rəhbərliyini ələ keçirmələri
1917, 15 noyabr Zaqafqaziya Komissarlığının təşkili
1917, 22 noyabr Bakı şəhəri ictimai təşkilatlarının İcraiyyə Komitəsinin ləğv edilməsi
1917, 26 noyabr Azərbaycanda və bütün Cənubi Qafqazda Ümumrusiya Müəssislər Məclisinə seçkilər keçirilməsi
1917,5 dekabr Osmanlı ordusu ilə Qafqaz cəbhəsi komandanlığı arasında Ərzincanda barışıq imzalanması
1917, 12-13 dekabr Bakı fəhlə və hərbi deputatları Sovetinə seçkilərin keçirilməsi
1917, 17 dekabr Zaqafqaziya Komissarlığı tərəfindən “Torpaq haqqında dekretin qəbulu
1917, 18 dekabr V. İ. Lenin tərəfindən Stepan Şaumyanın Qafqazın Fövqəladə komissarı təyin edilməsi
1918, yanvar “Rusiyada müsəlmanlıq” partiyası ilə Gəncədəki “İttihad cəmiyyəti”nin qovuşması nəticəsində vahid “İttihadi-İslam Rusiyada müsəlmanlıq” Partiyası yaradılması
1918, 5 yanvar Ümumrusiya Müəssislər Məclisinin dağıdılması
1918, 7-9 yanvar Qafqaz cəbhəsindən çıxarılan Rusiya ordusu hissələri ilə Zaqafqaziya hərbi hissələri arasında Şamxor ( Şəmkir) və Dəllər stansiyasında toqquşma
1918. 23 fevral Zaqafqaziya Seyminin açılması, Gegeçkorinin başçılığı ilə Zaqafqaziya hökumətinin təşkili
1918, 7 mart Zaqafqaziya Seymi tərəfindən aqrar qanunun qəbulu
1918, 14-20 mart Zaqafqaziya Seymi və Türkiyə arasında Trabzon konfransının keçirilməsi
1918, mart-aprel Bolşevik-daşnak qüvvələri tərəfindən azərbaycanlıların soyqırımı
1918, martın ortaları Cavad qəzası, Astara nahiyəsində azərbaycanlıların soyqırımı
1918, 27-29 mart Şamaxı qəzasında azərbaycanlıların soyqırımı
1918, 30 mart – 
1 aprel
Bakı şəhərində azərbaycanlıların soyqırımı
1918, 10 aprel Bakı Soveti qoşunlarının Qotsinskinin dəstəsini Xırdalanda məğlub etməsi
1918, 13 aprel Zaqafqaziya Seymi tərəfindən Türkiyəyə müharibə elan edilməsi
1918,22 aprel Zaqafqaziya Seymi tərəfindən Zaqafqaziya müstəqilliyinin elan edilməsi
1918, 25 aprel Bakı Soveti Xalq Komissarları Şurasının təşkili
1918, 26 aprel Zaqafqaziya Seymi tərəfindən Çxenkelinin başçılığı ilə yeni Zaqafqaziya hökumətinin təsdiqi
1918, 30 aprel Bakı şəhər Dumasının İnqilabi Müdafiə Komitəsi tərəfindən ləğvi
1918, 1 may Qubanın Bakı Soveti qoşunları tərəfindən tutulması
1918, 11 may Batum sülh konfransı
1918, 26 may Bakı qəzası kənd deputatları sovetlərinin qurultayı
1918, 26 may Zaqafqaziya Seyminin son iclası
1918, 27 may Azərbaycan Milli Şurasının təşkili
1918, 28 may Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi Azərbaycanın istiqlaliyyəti haqqında Aktın (Əqdnamə) qəbul edilməsi
1918, 28 may – 
17 iyun
Fətəli xan Xoyskinin başçılığı altında I hökumət kabinetinin fəaliyyət dövrü
1918 ,4 iyun Batumda Azərbaycan və Osmanlı hökumətləri arasında Sülh və Dostluq müqaviləsinin imzalanması
1918, 5 iyun Türk ordusunun Yelizavetpola (Gəncəyə) daxil olması
1918, 16 iyun Azərbaycan Cümhuriyyəti Milli Şurasının və hökumətinin Tiflisdən Gəncəyə köçməsi
1918, 17 iyun Milli Şuranın buraxılması
1918, 17 iyun-
7 dekabr
Fətəli xan Xoyskinin başçılığı altında II hökumət kabinetinin fəaliyyət dövrü
1918, 23 iyun Azərbaycanda hərbi vəziyyətin elan edilməsi
1918, 26 iyun Müsəlman korpusunun Azərbaycan korpusuna çevrilməsi haqqında Azərbaycan hökumətinin qərar qəbul etməsi. Azərbaycan Milli Ordusunun yaradılması
1918, 26 iyun Zaqatala quberniyasının yaradılması
1918, 27 iyun Qafqaz İslam Ordusunun Göyçay yaxınlığında Bakı Soveti qoşunları üzərində qələbəsi
1918, 27 iyun Azərbaycan (türk) dilinin Azərbaycan Cümhuriyyətinin dövlət dili elan edilməsi
1918, 10 iyul Qafqaz İslam Ordusunun Kürdəmir və Şamaxını azad etməsi
1918, 11 iyul Azərbaycan hökumətinin ümumi səfərbərlik haqqında qərar qəbul etməsi
1918, 25 iyul Bakı Soveti tərəfindən ingilislərin Bakıya dəvət edilməsi haqqında qərarın qəbul edilməsi
1918, 30 iyul Çar Rusiyasının istilası zamanı Yelizavetpol adlandırılmış Gəncə şəhərinin tarixi adının bərpa edilməsi
1918, 31 iyul Bakı Xalq Komissarları Şurasının süqutu
1918, 1 avqust Sentrokaspi Diktaturası və Fəhlə, Əsgər Deputatları Sovetinin Müvəqqəti İcraiyyə Komitəsinin birgə hökumətinin təşkili
1918, 4 avqust İlk ingilis qoşun dəstəsinin Bakıya gəlməsi
1918, 28 avqust Azərbaycan dilinin tədris edilməsi haqqında Nazirlər Şurasının qərarı
1918, 4 sentyabr İngilis qoşunlarının Bakını tərk etməsi
1918, 15 sentyabr Qafqaz İslam Ordusunun Bakı şəhərini azad etməsi
1918, 17 sentyabr Azərbaycanhökumətinin Bakıda fəaliyyətə başlaması
1918, 5 oktyabr Azərbaycan hökumətinin neft sənayesinin dövlətsizləşdirilməsi haqqında qərarı
1918, 18 oktyabr Bakı şəhərində “Türk Ocağı” cəmiyyətinin yaranması
1918, 30 oktyabr Türkiyə və Antanta ölkələri arasında Mudros sülh müqaviləsinin imzalanması
1918, 1 noyabr Hərbi Nazirliyin təsis edilməsi
1918, 9 noyabr Azərbaycan Cümhuriyyətinin Dövlət Bayrağı haqqında qanunun qəbul edilməsi
1918, 16 noyabr Azərbaycan Milli Şurasının bərpası; Qori seminariyasının Azərbaycan bölməsinin Qazaxa köçürülməsi
1918, 17 noyabr Cənubi Qafqazda müttəfiq qoşunlarının baş komandanı general Tomsonun başçılıq etdiyi ingilis qoşunlarının Mudros müqaviləsinə əsasən Azərbaycana daxil olması
1918, 20 noyabr Azərbaycan Cümhuriyyəti Parlamenti haqqında qanunun qəbulu
1918, 29 noyabr Xəzər donanması ticarət gəmilərinin ingilis komandanlığının ixtiyarına keçməsi. “İngilis dəniz nəqliyyatı”nın yaranması
1918, 7 dekabr Azərbaycan Cümhuriyyəti Parlamentinin açılışı
1918, 15 dekabr Bakı Fəhlə Konfransı təşkilatının bərpası
1918, 24-26 dekabr Bakı Fəhlə Konfransının başçılığı ilə ümumi tətil keçirilməsi
1918, 26 dekabr Fətəlim xan Xoyskinin başçılığı ilə III hökumət kabinetinin təşkili; Gürcüstan və Azərbaycan arasında tranzit müqaviləsinin bağlanması
1918, 28 dekabr Azərbaycan Cümhuriyyəti hökumətinin tanınması haqqında Bakı general-qubernatoru Tomsonun deklarasiyası
1919, 15 yanvar Qarabağ general-qubernatorluğunun yaradılması; Azərbaycan Cümhuriyyəti Silahlı Qüvvələri Baş Qərargahının təşkili
1919, 4 fevral Parlamentin aqrar komissiyasının təşkili
1919, 6 fevral “İttihad”ın lideri Qara bəy Qarabəyovun hökumətə etimadsızlıq votumu ilə çıxışı
1919, 25 fevral Fətəli xan Xoyskinin III hökumət kabinetinin istefası
1919, 19 mart Fəhlə məsələsi üzrə xüsusi müşavirə haqqında qanunun parlament tərəfindən təsdiqi
1919, 5 aprel Hərbi Nazirliyin Bakıya köçürülməsi
1919, 14 aprel Azərbaycan Cümhuriyyəti Parlamentinin Nəsib bəy Yusifbəyli başda olmaqla IV hökumət kabinetini təsdiq etməsi
1919, 24 aprel Cənubi Qafqazda müttəfiq qoşunlarının baş komandanı general Tomsonun general Şatervortla əvəz edilməsi
1919, 6-13 may Bakı Fəhlə Konfransının keçirdiyi ümumi tətil
1919, 28 may Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransında ABŞ prezidenti  Vudro Vilsonla görüşü
1919, 29 may Cənubi Qafqaz respublikalarının Tiflis konfransının keçirilməsi
1919, 31 may Arbitraj orqanının yaradılması haqqında hökumətin qərar qəbul etməsi
1919, 11 iyun Hökumətin Dövlət Müdafiə Komitəsinin təşkili haqqında qərar qəbul etməsi
1919, 11 iyun Cənubi Qafqaz Respublikaları ilə Könüllü Ordu arasında demarkasiya xəttinin müəyyən edilməsi
1919, 11 iyun Dövlət Müdafiə Komitəsi tərəfindən Azərbaycan Cümhuriyyəti ərazisində hərbi vəziyyət elan edilməsi
1919, 13 iyun Paris Sülh Konfransında Kolçakın Rusiya ərazisində ali hakimiyyətinin tanınması haqqında sənədin qəbul edilməsi. Azərbaycan, Gürcüstan, Şimali Qafqaz, Belorusiya, Ukrayna, Estoniya və Latviya nümayəndələrinin buna etiraz etməsi
1919, 13 iyun İngilislərə qarşı Bakıda nümayişlərin keçirilməsi
1919, 16 iyun Azərbaycan-Gürcüstan arasında hərbi müdafiə Aktının imzalanması
1919, 27 iyun Ərazi bütövlüyünü birgə qorumaq haqqında Azərbaycan-Gürcüstan müqaviləsini Parlamentin təsdiq etməsi
1919, 6 avqust General Tomsonun Xəzər hərbi donanmasını Denikinin Könüllülər ordusuna vermək barədə sərəncam imzalaması
1919, 11 avqust Cümhuriyyət Parlamentinin Azərbaycan vətəndaşlığı haqqında qanunu qəbul etməsi
1919, 19 avqust İngiltərə-İran müqaviləsinə görə, İranın Azərbaycana olan ərazi iddialarından əl çəkdiyini bəyan etməsi
1919, 24 avqust İngilislərin Bakını tərk etməyə başlamaları
1919, 28 avqust Azərbaycan Dövlət Bankının yaradılması haqqında qanun qəbul edilməsi
1919, 1 sentyabr Bakı Dövlət Universitetinin açılması haqqında qanun qəbul edilməsi
1919, 13 sentyabr Baş nazir Nəsib bəy Yusifbəylinin IV hökumətin sədri vəzifəsindən istefası
1919, 25 sentyabr Qazax qəzası kəndlilərinin I qurultayının açılışı
1919, 23 oktyabr Müttəfiqlər ordusu Ali Baş komandanı Vilyam Haskelin “Naxçıvan general-qubernatorluğu yaradılması və Edmund D.Deklinin ona general-qubernator təyin edilməsi haqqında” əmr verməsi
1919, 25 oktyabr Azərbaycan Dövlət Bankının açılışı
1919, 23 noyabr Tiflisdə Azərbaycan və Ermənistan tərəfləri arasında baş verən bütün münaqişələrə son qoyulmasını və sərhəd məsələsinin sülh yolu ilə həll edilməsini nəzərdə tutan müqavilənin imzalanması
1919, 2-11 dekabr Türk Ədəmi-Mərkəziyyət “Müsavat” Partiyasının II qurultayı
1919, 22 dekabr Parlamentin Nəsib bəy Yusifbəylinin başçılığı ilə V hökumət kabineti tərkibini təsdiq etməsi
1920, 2 yanvar Sovet Rusiyasının Denikinə qarşı birgə mübarizə aparmaq təklifi haqqında Azərbaycan Cümhuriyyətinə birinci dəfə nota verməsi
1920, 11 yanvar Azərbaycanın müstəqilliyini Paris Sülh Konfransında Antanta Ali Şurasının de-fakto tanıması
1920, 14 yanvar Fətəli xan Xoyskinin Rusiyanın Denikinlə mübarizəsinin onun daxili işi olması haqqında Q. Çiçerinə cavab notası verməsi
1920, yanvar Paris Sülh Konfransının Azərbaycan Cümhuriyyətinə kömək göstərilməsi haqqında qərar qəbul etməsi
1920, 23 yanvar Azərbaycan hökumətinə ikinci notanın verilməsi
1920, 11-12 fevral Fətəli xan Xoyskinin Q. Çiçerinə Azərbaycanın suverenliyinin tanınması haqqında cavab notası
1920, 18fevral M. Hacınskinin daxili işlər naziri vəzifəsindən istefa verməsi
1920, 20 mart Azərbaycan-İran müqaviləsinin bağlanması. Bu müqaviləyə əsasən Azərbaycanın İran tərəfindən de-yure tanınması
1920, 23 mart Əkin və əkinçilik naziri Əhməd Cövdət Pepinovun istefa verməsi
1920, 23 mart Azərbaycan və Gürcüstan arasında ticarət müqaviləsinin imzalanması
1920, 9 aprel Poçt və teleqraf naziri sosialist C. Hacınskinin istefa verməsi
1920, 15 aprel A. Qardaşovun “Əhrar” Partiyasının hökumət kabinetindən çıxması; Fətəli xan Xoyskinin Q. Çiçerinə Rusiya qoşun hissələrinin Azərbaycan sərhədlərində cəmləşməsi ilə bağlı Azərbaycan dövlətinin narahatlığını ifadə edən notası
1920, 27 aprel XI Qızıl Ordunun Azərbaycan Xalq Cümhuriyyəti ərazisinə daxil olması
1920, 27 aprel Azərbaycan Cümhuriyyəti Parlamenti tərəfindən Azərbaycan İnqilab Komitəsinin hakimiyyəti ona təhvil verməsi haqqında ultimatumunu qəbul etməsi
1920, 28 aprel Azərbaycan Xalq Cümhuriyyətinin süqutu. Sovet hakimiyyətinin qurulması

Mənbə: Azərbaycan tarixi. Yeddi cilddə. V cild (1900-1920-ci illər). Bakı, “Elm”, 2008, səh.60

 

 

Dostlarla Paylaş ↓