ZƏRF VƏ MƏNA NÖVLƏRİ

  • Zərf — iş və hərəkətin icra tərzini, zamanını, yerini, miqdarını, əlamətini və s. bildir
  • Sualları: necə? (nə cür?), nə zaman? (haçan?), nə vaxt? hara? nə qədər? nə üçün? niyə? necə? və s.
  • Həm təsriflənən, həm də təsriflənməyən feillərə aid ola bilir: Dünən keçirilmiş tədbir əyləncəli idi. (burda “dünən” sözü zərfdir və feili sifətə aid olub) Müəllim şagirdi diqqətlə dinlədi.

( “diqqətlə” zərfdir və feilin təsriflənən formasına aiddir )

  • Zərflər quruluşca sadə, düzəltmə və mürəkkəb olur.
  • Sadə zərflər bir kökdən ibarət olur: tez, cəld və s
  • Düzəltmə zərflər kök və leksik (sözdüzəldici) şəkilçidən ibarət olur.
  • Adlardan zərf düzəldən şəkilçilər: -ca²(yavaşca),-casına²(igidcəsinə), -la2(qəzəblə), -ən(qəflətən), -yana; -yanə(saymazyana, şairanə), -dan2(ucadan), -akı2(yanakı), –lıq4(birlikdə), -gə(birgə)
  • -casına², -la², -ən vurğu qəbul etmir.
  • -la² şəkilçisi [nan²] şəklində tələffüz olunur: güclə [gücnən]
  • Unutma! -la² şəkilçisi həm də digər nitq hissələrindən feil düzəldə bilir: Cəsarətlə danış.(zərf düzəldir), Biz addımladıq. (feil düzəldir). Həm də -la² ilə qoşmasının şəkilçiləşmiş formasına bənzəyir : Mən qələmlə yazıram. (qoşma)
  • Mürəkkəb zərflər iki sözün birləşməsi yolu ilə düzəlir. Yaranma yolları:
  • Sadə sözlərin təkrarı ilə: az-az, çox-çox, asta-asta, yavaş-yavaş, yeyin-yeyin, tez-tez və s.
  • Düzəltmə sözlərin təkrarı ilə: ağıllı-ağıllı, qəmli-qəmli, yanıqlı-yanıqlı, mənalı-mənalı, dərdli-dərdli, bikef-bikef, yenicə-yenicə, indicə-indicə və s.
  • Biri və ya hər ikisi şəkilçi (əsasən, hal şəkilçisi) qəbul etmiş söz-lərin təkrarı ilə: üz-üzə, qabaq-qabağa, birdən-birə, ildən-ilə, haçandan-haçana, sonradan-sonraya, altdan-altdan, başdan-başa və s.
  • Antonim və ya yaxın mənalı sözlərin birləşməsi ilə: az-çox, gec-tez, tək-tənha, dinməz-söyləməz, səssiz-səmirsiz, altdan-yuxarı, başdan-ayağa, açıq-aşkar, gecə-gündüz və s.
  • Tərəflərdən biri və ya hər ikisi ayrılıqda işlənməyən sözlərin birləşməsi ilə: az-maz, tələm-tələsik, maddım-maddım, xısın-xısın, uzun-uzadı, dizin-dizin, için-için, oğrun-oğrun və s. (Son üç nümunədəki dizin, için və oğrun sözləri dilimizdə bu şəkildə ayrılıqda işlənmir).
  • Sözün təkrarı və ortada -ba2 bitişdiricisinin
  • işlənməsi yolu ilə: anbaan, adbaad, taybatay, qarabaqara, yanbayan, dalbadal, üzbəüz, ilbəil, günbəgün və s.

UNUTMA! Rəngbərəng, cürbəcür, növbənöv və dadbadad kimi sözlər sifətdir.

  • Müxtəlif mənalı sözlərin birləşməsi ilə: dilucu, əliboş, birbaşa, gözucu, əlüstü, addımbaşı, hərdənbir, arabir, üzüyuxarı, başıaşağı, axşamçağı, gecəyarısı, bayramsayağı və s.
  • Qeyd – 6 və 7-ci bəndlərdə olan sözlər bitişik yazılır.

ZƏRFİN MƏNACA NÖVLƏRİ

Tərzi-hərəkət

zərfləri

Hərəkətin icra tərzini bildirir, necə?, nə cür? suallarına cavab verir:

O, aramla bizə tərəf addımladı.

Quruluşca: sadə, düzəltmə, mürəkkəb

Sadə zərflər – bir kökdən ibarətdir. Məsələn: gec, tez, yaman və s.

Düzəltmə zərflər – dostyana, çəpəki, türkcə, ucadan v

Mürəkkəb zərflər – addımbaşı, üz-üzə, qeyri-ixtiyari, sözarası və s.

Tərzi-hərəkət zərfləri bəzən iş və hərəkətin keyfiyyəti mənasında da işlənir

Məsələn: yaxşı oxumaq, pis bilmək və s

Zaman

zərfləri

Hərəkətin nə zaman icra olunduğunu bildirir, nə zaman? nə vaxt? haçan? suallarına cavab olur. Dilimizdə ən çox işlənən zaman zərfləri bunlardır: indi, hələ, yenə, bayaq, dünən, srağagün, səhər gecə, gündüz, axşam-səhər, həmişə, tez, gec-tez, əvvəl, sonra. Unutma! Zaman zərfləri quruluşca 3 cür olsa da, əksəriyyəti sadədir! Gecə, sabah, səhər, gündüz, axşam, günorta və s. kimi sözlər işlənmə yerinə görə həm zərf, həm isim olur. Bəs necə fərqləndiririk? Əgər isimdirsə, əşyanın adını bildirəcək, nə? Sualına cavab verəcək: Səhərimizə inanırıq. (Nəyə inanırıq?) Zərf olduqda isə nə zaman? sualına cavab verəcək: Səhər kitablarımı gətirərsən.(Nə zaman?)
Yer

zərfləri

Hərəkətin icra olunduğu yeri bildirir, hara? (haraya?), harada? haradan? suallarına cavab verir. Məsələn: irəli, geri, aşağı, yuxarı, bəri, ora-bura, saga-sola və s.

Quruluşca, əsasən, sadə və mürəkkəb olur.

Bu sözlərin çoxu yönlük, yerlik və çıxışlıq hal şəkilçiləri ilə işləndikdə də yer zərfləri olur: irəliyə,, uzaqda, yaxında, qabaqda, və s.

Unutma! Yer zərflərini məkan mənalı isimlərlə qarışdırmaq olmaz: Rayonda tədbir var. (“Rayon” sözü isimdir, yer mənası bildirir, zərflik olaraq cümlə üzvü olsa da, zərf deyil.)

Kəmiyyət

zərfləri

İş və hərəkətin miqdarını və ya dərəcəsini bildirir, nə qədər? nə dərəcədə? suallarına cavab olur. Məsələn: az, çox, xeyli, tamamilə, dəfələrlə, bütünlükdə, az-az, az-çox, birə-beş və s.

Quruluşca: sadə, düzəltmə, mürəkkəb.

Miqdar zərfləri bəzən sifətə də aid ola bilir: İşlərimiz xeyli dolaşıqdır. (zərf)

  • Gözəl, qəşəng, yaxşı, pis, cəld, aydın, doğru, tək, dahiyanə, sabiranə və s.kimi sözlər həm zərf, həm də sifət ola bilir. Əgər necə? nə cür? cür suallarına cavab verib, ismin yanında işlənərsə, deməli, sifətdir. Məsələn: Pis günün ömrü az olar. Onun dahiyanə bir şəxsiyyət olduğu hər kəsə məlumdur. Yaxşı əməllər insanı ucaldar və s. Əgər bu sözlər feilin yanında işlənib necə? nə cür? suallarına cavab verərsə, zərfdir. Məsələn: Doğru danışmaq hər zaman onların vəzifəsi idi. Mən eynəksiz uzağı aydın görə bilmirəm və s.
  • Xeyli, az, bir az, bir qədər, çox və s.kimi sözlər həm say, həm də zərfdir. İsmin yanında işləndikdə say, feilin yanında işləndikdə zərfdir. Məsələn: Az adam mənim dediklərimlə razılaşırdı.(say) Az danışıb amma mənalı danışmaq lazımdır.(zərf)
  • Əvvəl, sonra, qabaq, bəri sözləri həm zərf, həm də qoşma olur. Məsələn: Qabaq buralar çox təmiz idi.(zərf) Təlimdən qabaq əsgərlər bir qədər dincəlməlidirlər.(qoşma)
  • Doğru, yaxın, tək kimi sözlər həm sifət, həm zərf, həm də qoşma ola bilir: doğru söz, yaxın adam (sifət) – Doğru danış. Yaxın gəl. (zərf) – Məktəbə doğru, təpəyə yaxın. (qoşma)
  • Zərflər, əsasən, tərzi-hərəkət, zaman, yer, kəmiyyət zərfliyi olur. Məsələn: Onlar ard-arda içəri daxil oldular.(tərzi-hərəkət) Sabah böyük yarışımız olacaq.(zaman) Sən nə çox danışırsan?(kəmiyyət) Ora getmə, qaranlıqdır.(yer)
  • Bəzən yerindən asılı olaraq, mübtəda, xəbər, tamamlıq və təyin vəzifəsində də ola bilir. Məsələn: Yuxarı otaq çox istidir. (təyin) Bura bizim vətəndir. (mübtəda) və s

Müəllif: Rəhimə Mürvətova

Dostlarla Paylaş ↓