AZƏRBAYCAN və SOCARIN TARİXİ

 

 Azərbaycan tarixi haqqında ümumi məlumat.

Şimaldan – Baş Qafqaz dağları, qərbdən – Göyçə gölü hövzəsi də daxil olmaqla Alagöz dağ silsiləsi və Şərqi Anadolu, şərqdən – Xəzər dənizi, cənubdan isə Sultaniyyə–Zəncan–Həmədan hüdudları ilə əhatə olunan tarixi Azərbaycan torpaqları müasir sivilizasiyanın inkişafına başladığı ən qədim mədəniyyət mərkəzlərindən biridir. Azərbaycan xalqı bu ərazidə – tarixi Azərbaycan torpaqlarında zəngin və özünəməxsus bir mədəniyyət, o cümlədən dövlətçilik ənənələri yaratmışdır.
Azərbaycan adının tarixi tələffüzü müxtəlif olmuşdur. Qaynaqlarda bu ad qədimdən başlayaraq Andirpatian, Atropatena, Adirbican, Azirbican və nəhayət, Azərbaycan şəklində işlənmişdir.
Azərbaycan qədim tarixi arxeoloji, etnoqrafik, antropoloji və yazılı qaynaqlar əsasında yazılır. Arxeoloji qazıntılar zamanı aşkar edilmiş əşyalar Azərbaycanın maddi–mədəniyyət tarixini öyrənməyə imkan vermişdir. Tarixi qaynaqlar və ekspedisiyalar zamanı toplanan etnoqrafik materiallar əsasında adət–ənənələr, maddi–mənəvi mədəniyyət, keçmiş idarə formaları, ailə münasibətləri və s. öyrənilir.
Azərbaycan Respublikası ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı ilk sakinlərin məskunlaşmasına aid zəngin maddi mədəniyyət nümunələri aşkar olunmuş və bunun nəticəsində respublikamızın ərazisidə insanın formalaşdığı məskənlər siyahısına daxil olunmasına zəmin yaratmışdır. Azərbaycan ərazisində hazırda ilk ibtidai insanların 1,7–1,8 milyon il bundan əvvəldən yaşamağa başlamasına aid ən qədim arxeoloji və paleontoloji materiallar tapılmışdır.
Azərbaycan ərazisi bu diyarın dünyanın ən qədim insan məskənlərindən biri olduğunu sübut edən arxeoloji abidələrlə son dərəcə zəngindir. Azıx, Tağlar, Damcılı, Daşsalahlı, Qazma (Naxçıvan) mağaralarında, habelə başqa abidələrdə aşkar olunan arxeoloji tapıntılar, o cümlədən 300–400 min il bundan əvvəl yaşamış Aşöl dövrünə aid qədim insanın – Azıx adamının (Azıxantrop) çənə sümüyü Azərbaycanın ibtidai insanların formalaşdıqları əraziyə daxil olduğunu sübut edir.
Bu nadir tapıntıya görə Azərbaycan ərazisi “Avropanın ən qədim sakinləri” xəritəsinə daxil edilmişdir.
Azərbaycan xalqı, eyni zamanda dünyanın ən qədim dövlətçilik ənənələrinə malik olan xalqlarındandır. Azərbaycan xalqı təqribən 5 min illik dövlətçilik tarixinə malikdir. Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik–siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu – III minilliyin əvvəllərindən başlayaraq Urmiya hövzəsində yaranmışdı. Burada meydana gəlmiş ən qədim Azərbaycan dövlətləri bütün regionun hərbi–siyasi tarixində mühüm rol oynayırdılar. Həmin dövrdə Azərbaycanda Dəclə və Fərat vadilərində yerləşən və dünya tarixində dərin iz qoymuş qədim Şumer, Akkard və Aşşur (Assuriya) dövlətləri, habelə Kiçik Asiyadakı Het dövləti arasında sıx qarşılıqlı əlaqələr vardı.
Eramızdan əvvəl I minillikdə – bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında Manna, İskit (Skit, Skif) şahlığı, Atropatena və Albaniya kimi qüvvətli dövlətlər mövcud olmuşdur. Bu dövlətlər Azərbaycanda dövlət idarəçiliyi mədəniyyətinin daha da yüksəldilməsində, ölkənin iqtisadi–mədəni tarixində, eləcə də vahid xalqın təşəkkülü prosesində mühüm rol oynamışlar.
Eramızın əvvəllərində ölkəmiz öz tarixinin ən ağır sınaq dövrlərindən biri ilə qarşılaşdı: III əsrdə Azərbaycanı Sasani–İran imperiyası, VII əsrdə isə Ərəb xilafəti işğal etdi. İşğalçılar ölkəyə İranın və Ərəbistanın içərilərindən çoxlu İran və ərəb mənşəli əhali köçürüb gətirdilər.
Eramızın ilk yüzilliklərində ölkə əhalisinin əksəriyyətini təşkil edən və hərbi–siyasi cəhətdən daha mütəşəkkil və daha qüvvətli olan türk etnosları vahid xalqın təşəkülü prosesində mühüm rol oynayırdılar. Türk etnosları içərisində oğuz türkləri üstünlük təşkil edirdilər.
Eramızın ilk yüzilliklərindən başlayaraq, türk dili Azərbaycan ərazisində yaşayan və sayca az olan xalqlar, etnik qruplar arasında da başlıca ünsiyyət vasitəsinə çevrilməkdə idi. Türk dili, həm də şimalla cənub arasında birləşdirici, əlaqələndirici rol oynayırdı. Bu amilin o zaman vahid xalqın təşəkkülü prosesində çox mühüm rolu vardı. Çünki bəhs olunan dövrdə bütün Azərbaycan ərazisini əhatə edən vahid dini görüş – təkallahlı din yox idi. Qədim türklərin baş Allahı olan Tanrıya sitayiş – tanrıçılıq hələ başqa dini görüşləri sıxışdırıb tamamilə aradan qaldıra bilməmişdi. Zərdüştlük, atəşpərəstlik, Günəşə, Aya, Göyə, ulduzlara, torpağa, suya və s. sitayiş davam etməkdə idi. Ölkənin şimalında – Albaniya ərazisinin bəzi yerlərində, əsasən dağlıq qərb bölgələrində, xristianlıq yayılmaqda idi. Lakin müstəqil Alban kilsəsi qonşu erməni və gürcü kilsələrinin kəskin rəqabəti şəraitində fəaliyyət göstərirdi.
VII əsrdə islam dininin qəbul olunması ilə Azərbaycanın tarixi müqəddəratında əsaslı dönüş yarandı.
İslam dini vahid xalqın və dilin təşəkkülünə güclü təkan verdi, bu prosesin sürətlənməsinə həlledici təsir göstərdi. Türk və qeyri–türk etnosları arasında dini birliyin yaranması onların yayıldığı bütün Azərbaycan ərazisində vahid adət–ənənələrin təşəkkülünə, qohumluq əlaqələrinin genişlənməsinə, qaynayıb–qarışma prosesinin daha da dərinləşməsinə səbəb oldu. İslam dini onu qəbul etmiş bütün türk və qeyri–türk etnoslarını Cənubi Qafqazı bütöv halda xristianlığın təsir dairəsinə salmağa çalışan Bizans imperiyasına və onun himayə etdiyi erməni və gürcü feodallarına qarşı vahid türk–islam bayrağı altında birləşdirdi.
IX əsrin ortalarından Azərbaycanın qədim dövlətçilik ənənələri yenidən dirçəldi. Azərbaycanda yeni siyasi dirçəliş başlandı: islam dininin yayılmış olduğu Azərbaycan torpaqlarında Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər dövlətləri yarandı.
Müstəqil dövlətlərin yaranması nəticəsində siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində oyanış baş verməkdə idi. Azərbaycan tarixinin İntibah dövrü başlanırdı.
600 ilə qədər davam edən Sasani və ərəb əsarətindən sonra yerli dövlətlərin (Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər, Şəki hakimliyi) yaranması, islam dininin bütün ölkə ərazisində əsas təkallahlı dinə çevrilməsi Azərbaycan xalqının etnik təkamülündə, vahid dilin və mədəniyyətin təşəkkülündə mühüm rol oynadı.
İslam dini, eyni zamanda, Azərbaycanı idarə edən ayrı–ayrı feodal sülalələrinin tez–tez bir–birini əvəz etdiyi bir tarixi şəraitdə bütün Azərbaycan əhalisinin – həm xalqımızın təşəkkülündə başlıca rol oynayan müxtəlif türk tayfalarının, həm də onlarla qaynayıb–qarışmaqda olan qeyri–türk etnoslarının yadelli qəsbkarlara qarşı vahid qüvvə halında birləşməsində də mütərəqqi rol oynadı.
Ərəb xilafətinin tənəzzülündən sonra – IX əsrin ortalarından başlayaraq Qafqazda, habelə bütün Yaxın və Orta Şərqdə türk–islam imperiyalarının rolu artdı. Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər, Şəki hakimləri, Səlcuqlar, Eldənizlər, Monqollar, Elxanilər–Hülakular, Çobanilər, Cəlayirlər, Teymurilər, Osmanlılar, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar və başqa türk–islam sülalələrinin idarə etdikləri dövlətlər təkcə Azərbaycanın, həmçinin bütövlükdə Cənubi Qafqazın deyil, eyni zamanda, bütün Yaxın və Orta Şərqin dövlətçilik tarixində dərin iz qoydular.
XV–XVIII əsrlərdə və bundan sonrakı dövrdə Azərbaycanın dövlətçilik mədəniyyəti daha da zənginləşdi. Bu dövrdə Şərqin geniş ərazili Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Əfşar və Qacar imperiyaları bilavasitə Azərbaycan sülalələri tərəfindən idarə olunurdu.
Bu mühüm amil Azərbaycanın daxili və beynəlxalq əlaqələrinə müsbət təsir göstərir, ölkəmizin və xalqımızın hərbi–siyasi təsir dairəsini, Azərbaycan dilinin fəaliyyət meydanını genişləndirir, Azərbaycan xalqının maddi və mənəvi mədəniyyətinin daha da inkişaf etməsinə əlverişli şərait yaradırdı. Bəhs olunan dövrdə Azərbaycan dövlətləri Yaxın və Orta Şərqin beynəlxalq münasibətlərində, hərbi–siyasi həyatında mühüm rol oynamaqla yanaşı, Avropa–Şərq münasibətlərində də çox fəal iştirak edirdilər.
Azərbaycanın böyük dövlət xadimi Uzun Həsənin (1468–1478) hakimiyyəti illərində Ağqoyunlu imperiyası bütün Yaxın və Orta Şərqdə qüdrətli hərbi–siyasi amilə çevrildi. Azərbaycanın dövlətçilik mədəniyyəti daha da inkişaf etdi. Uzun Həsən bütün Azərbaycan torpaqlarını əhatə edən güclü mərkəzləşdirilmiş dövlət yaratmaq siyasəti yeridirdi. O, bu məqsədlə xüsusi “Qanunnamə” hazırlatmışdı. Böyük hökmdar Qurani–Kərimi azərbaycancaya çevirtmiş, dövrün görkəmli elm adamı Əbu Bəkr əl–Tehraniyə “Kitabi–Diyarbəkriyyə” adlı Oğuznamə yazdırmışdı.
XV əsrin sonu – XVI əsrin əvvəllərində Azərbaycan dövlətçiliyi özünün tarixi təkamülündə yeni mərhələyə qədəm qoydu. Uzun Həsənin nəvəsi görkəmli dövlət xadimi Şah İsmayıl Xətai (1501–1524) babasının başladığı işi başa çatdırdı, şimallı-cənublu bütün Azərbaycan torpaqlarını öz hakimiyyəti altında birləşdirə bildi.
Paytaxtı Təbriz şəhəri olan vahid, mərkəzləşdirilmiş Azərbaycan dövləti – Səfəvi dövləti meydana gəldi. Səfəvilərin hakimiyyəti dövründə Azərbaycanın dövlət idarəçiliyi mədəniyyəti daha da yüksəldi. Azərbaycan dili dövlət dilinə çevrildi. Şah İsmayıl, Şah Təhmasib, Şah Abbas və digər Səfəvi hökmdarlarının həyata keçirdikləri uğurlu islahatlar, daxili və xarici siyasət nəticəsində Səfəvi dövləti Yaxın və Orta Şərqin ən qüdrətli imperiyalarından birinə çevrildi.
Səfəvi dövlətinin süqutundan sonra hakimiyyətə gələn görkəmli Azərbaycan sərkərdəsi Nadir şah Əfşar (1736–1747) keçmiş Səfəvi imperiyasının sərhədlərini daha da genişləndirdi. Azərbaycanın əfşar–türk elindən çıxmış bu böyük hökmdar 1739–cu ildə Dehli də daxil olmaqla Şimali Hindistanı da ələ keçirdi. Lakin Azərbaycan hökmdarının bu geniş ərazidə qüdrətli mərkəzləşdirilmiş dövlət yaratmaq planları baş tutmadı.
Nadir şahın ölümündən sonra onun idarə etdiyi geniş ərazili imperiya süquta uğradı. Hələ Nadir şahın sağlığında ikən azadlıq mübarizəsinə qalxan və müstəqilliyə can atan Azərbaycan torpaqlarında yerli dövlətlər yarandı. Beləliklə, XVIII əsrin II yarısında Azərbaycan xırda dövlətlərə – xanlıqlara və sultanlıqlara parçalandı.
XVIII əsrin sonunda Azərbaycan sülaləsi olan Qacarlar (1796–1925) İranda hakimiyyətə gəldilər. Qacarlar vaxtı ilə onların ulu babaları qaraqoyunluların, ağqoyunluların, səfəvilərin və nəhayət, Nadir şahın hakimiyyəti altında olmuş bütün əraziləri, o cümlədən Azərbaycan xanlıqlarını yenidən mərkəzi hakimiyyətə tabe etmək siyasəti yeritməyə başladılar.
Beləliklə, Qacarlarla Cənubi Qafqazı işğal etməyə çalışan Rusiya arasında uzun sürən müharibələr dövrü başlandı.
Azərbaycan iki böyük dövlət arasında qanlı müharibələr meydanına çevrildi.
Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan iki imperiya arasında bölüşdürüldü: Şimali Azərbaycan Rusiyaya, Cənubi Azərbaycan isə qacarların idarə etdiyi İran şahlığına qatıldı.
Beləliklə, Azərbaycanın bundan sonrakı tarixində yeni siyasi–coğrafi anlayışlar meydana gəldi: “Şimali Azərbaycan” (və ya “Rusiya Azərbaycanı”) və “Cənubi Azərbaycan” (və ya “İran Azərbaycanı”).
Rusiya Cənubi Qafqazda özünə dayaq yaratmaq üçün işğal etdiyi Azərbaycan torpaqlarına, xüsusən Qarabağın dağlıq rayonlarına, keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə qonşu ölkələrdən kütləvi surətdə erməni əhalisi köçürdü. Türkiyə ilə həmsərhəd olan Qərbi Azərbaycan torpaqlarında – keçmiş İrəvan, Naxçıvan xanlıqlarının ərazisində süni surətdə və xüsusi məqsədlə “Erməni vilayəti” yaradıldı. Bununla, Azərbaycan torpaqlarında gələcək erməni dövlətinin əsası qoyuldu.
Bundan əlavə, Rusiya 1836–cı ildə müstəqil Alban kilsəsini ləğv etdi və onu erməni Qriqorian kilsəsinin tabeçiliyinə verdi. Bununla da Azərbaycanın qədim əhalisi olan xristian albanların qriqorianlaşdırılmasına və erməniləşdirilməsinə daha əlverişli şərait yaradıldı. Ermənilərin azərbaycanlılara qarşı yeni ərazi iddialarının əsası qoyuldu. Bütün bunlarla kifayətlənməyən çar Rusiyası daha çirkin siyasətə də əl atdı: erməniləri silahlandıraraq türk–müsəlman əhali üzərinə qaldırdı və azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilməsinə başlandı. Bununla azərbaycanlılara və Cənubi Qafqazın bütün türk–müsəlman əhalisinə qarşı soyqırımları dövrü başlandı.
Şimali Azərbaycanda azadlıq mübarizəsi misli görünməmiş faciələrlə nəticələndi. Burada hakimiyyəti ələ keçirən S.Şaumyanın daşnak–bolşevik hökuməti 1918–ci ilin martında Azərbaycan xalqına qarşı dəhşətli soyqırımı həyata keçirdi. Qardaş Türkiyə Azərbaycana kömək əlini yetirdi. Azadlıq hərəkatı qalib gəldi. 1918–ci il mayın 28–də Şimali Azərbaycanda Şərqdə ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı.
Azərbaycan xalqının tarixində ilk Parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, eyni zamanda, bütün Şərqdə, o cümlədən türk–islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentçilik tariximiz iki dövrə ayrılır: Birinci dövr – 1918–ci il mayın 27–dən noyabrın 19–dək davam etmişdir. Bu altı ay ərzində Azərbaycan Milli Şurası adı ilə fəaliyyət göstərən və 44 nəfər müsəlman–türk nümayəndədən ibarət olan ilk Azərbaycan Parlamenti çox mühüm tarixi qərarlar qəbul etmişdir. İlk Parlamentimiz 1918–ci il mayın 28–də Azərbaycanın müstəqilliyini elan etmiş, ölkənin idarə olunmasını öz üzərinə götürmüş və tarixi İstiqlal bəyannaməsini qəbul etmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin parlamentçilik tarixində İkinci dövr və ya Bakı dövrü 1918–ci il dekabrın 7–dən 1920–ci il aprelin 27–dək – cəmi 17 ay davam etmişdir.
Parlamentin 1919–cu il sentyabrın 1–də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanunu xüsusi qeyd etmək lazımdır. Milli universitetin açılması Cümhuriyyət xadimlərinin doğma xalq qarşısında çox mühüm tarixi xidməti idi. Sonralar Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də Cümhuriyyət ideyalarının yaşamasında və xalqımızın yenidən müstəqilliyə qovuşmasında Bakı Dövlət Universiteti misilsiz rol oynadı.
Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə ümumiyyətlə 155 parlament iclası keçirilmişdir ki, bunun da 10–u Azərbaycan Milli Şurasının (27 may–19 noyabr 1918–ci il), 145–i isə Azərbaycan Parlamentinin fəaliyyət göstərdiyi dövrdə (7 dekabr 1918–ci il – 27 aprel 1920–ci il) olmuşdur.
Parlamentin müzakirəsinə 270–dən çox qanun layihəsi çıxarılmış, onlardan 230–a yaxını qəbul olunmuşdu. Qanunlar qızğın və işgüzar fikir mübadiləsi şəraitində müzakirə edilir, özü də yalnız üçüncü oxunuşdan sonra qəbul olunurdu.
Cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, ən qəddar müstəmləkə və repressiya rejimləri belə Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyildir.
Sovet Rusiyasının hərbi təcavüzü nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Şimali Azərbaycanda müstəqil Azərbaycan dövlətçiliyinə son qoyuldu. 1920–ci il aprelin 28–də Cümhuriyyət ərazisində Azərbaycan Sovet Sosialist Respublikasının (Azərbaycan SSR) yaradıldığı elan olundu.
Sovet işğalından dərhal sonra ölkədə Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış müstəqil dövlət idarəçiliyi sisteminin dağıdılmasına başlandı.
Ölkənin hər yerində “qırmızı terror” tüğyan edirdi. Bolşevik rejiminin möhkəmlənməsinə müqavimət göstərə biləcək hər kəs “xalq düşməni”, “əksinqilabçı” və ya “təxribatçı” adı ilə dərhal “qırmızı terror”un qurbanı olurdu.
Beləliklə, 1918–ci ilin Mart soyqırımından sonra, faktiki olaraq, Azərbaycan xalqına qarşı yeni soyqırımına başlanmışdı. Fərq onda idi ki, bu dəfə millətin say–seçmə adamları – Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimləri, generallar, Milli Ordunun yüksək rütbəli zabitləri, qabaqcıl ziyalılar, din xadimləri, partiya rəhbərləri, siyasi xadimlər, məşhur alimlər məhv edilirdi. Bolşevik–daşnak güruhu bu dəfə düşünülmüş surətdə xalqın ancaq qaymağını məhv edir, onu başsız qoymağa çalışırdı. Bu, əslində 1918–ci ilin Mart soyqırımından daha amansız, daha dəhşətli soyqırımı idi.
1921–ci il mayın 6–da Azərbaycan SSR–in birinci sovetlər qurultayının çağırılması ilə Şimali Azərbaycanın sovetləşdirilməsi başa çatdırıldı. Mayın 19–da Azərbaycan SSR-in birinci Konstitusiyası qəbul olundu.
Azərbaycan xalqı özünün müstəqil hakimiyyətindən məhrum edildikdən sonra onun sərvətlərinin talan olunmasına başlandı. Torpaq üzərində xüsusi mülkiyyət ləğv olundu. Ölkənin bütün təbii sərvətləri milliləşdirildi, daha doğrusu, dövlət mülkiyyəti hesab olundu. Neft sənayesini idarə etmək üçün xüsusi olaraq Azərbaycan Neft Komitəsi yaradıldı və bu komitəyə rəhbərlik V.İ.Lenin tərəfindən Bakıya göndərilmiş A.P.Serebrovskiyə tapşırıldı. Beləliklə, hələ 1920–ci il martın 17–də Qafqaz Cəbhəsinin Hərbi–İnqilab Şurasına göndərdiyi teleqramda “Bakını almaq bizə olduqca və olduqca zəruridir” deyə Şimali Azərbaycanın işğalına göstəriş vermiş V.İ.Lenin öz arzusuna çatdı. Bakı nefti Sovet Rusiyasının əlinə keçdi.
30–cu illərdə bütövlükdə Azərbaycan xalqına qarşı repressiya aparılırdı. Təkcə 1937–ci ildə 29 min adam repressiyaya uğradı. Hamısı da ən layiqli Vətən övladları. Bu dövrdə Azərbaycan xalqı özünün Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad, Salman Mümtaz, Əli Nəzmi, Tağı Şahbazi və başqaları kimi onlarla mütəfəkkirlərini, nadir ziyalılarını itirdi. Xalqın zəka potensialı, onun ən qeyrətli şəxsiyyətləri məhv edildi. Bu dəhşətli zərbədən sonra Azərbaycan xalqı on illərlə özünə gələ bilmədi.
1948–1953–cü illərdə azərbaycanlıların öz ulu Vətənləri olan Qərbi Azərbaycandan (Ermənistan SSR adlanan ərazidən) kütləvi surətdə sürgün olunmasının yeni mərhələsi başlandı. Ermənilər Qərbi Azərbaycan torpaqlarında daha da möhkəmləndilər. Onların bu ərazidə sayca üstünlüyü təmin olundu.
Azərbaycan xalqının qurub–yaratmaq dühası sayəsində əldə olunmuş mühüm uğurlara baxmayaraq, bir sıra obyektiv və subyektiv səbəblər üzündən 60–cı illərdə Azərbaycan iqtisadiyyatının bir çox sahələrində – həm sənayedə, həm də kənd təsərrüfatında mənfi meyllər özünü göstərməyə başladı.
Respublikanın düşdüyü bu ağır vəziyyətdə Azərbaycan rəhbərliyində mühüm dəyişiklik baş verdi. 1969–cu ildə Heydər Əliyevin Azərbaycana rəhbərliyinin Birinci dövrü başlandı. Doğma xalqının böyük təəssübkeşi olan Heydər Əliyev totalitar rejimin hökmranlıq etdiyi mürəkkəb tarixi şəraitdə Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirmək üçün həyatın bütün sahələrində geniş islahatlar proqramı həyata keçirməyə başladı.
Böyük siyasətçi iqtisadiyyat (o cümlədən kənd təsərrüfatı) və mədəniyyətin müxtəlif sahələrində öz Vətəninin, xalqının inkişafı üçün zəruri olan ən vacib məsələlər barədə əvvəlcə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu, Mərkəzi Komitənin plenumları, Kommunist partiyasının qurultayları səviyyəsində əlverişli qərarlar qəbul edilməsinə nail olur, sonra da bütün xalqımızı həmin qərarların icrasına səfərbər edir, doğma Azərbaycanın tərəqqisi uğrunda yorulmadan, gecəli–gündüzlü mübarizə aparırdı. Azərbaycanı özü–özünü təmin edə bilən, müstəqil yaşamağa qadir olan və elmi–texniki cəhətdən yüksək tərəqqi etmiş bir ölkəyə (o vaxtkı terminologiya ilə desək, inzibati–iqtisadi vahidə) çevirmək onun planlarının başında gəlirdi. Bir sözlə, Vətənimizin müstəqilliyə gələn yolunu hələ o zaman Heydər Əliyev başlamışdı.
1970–1985–ci illərdə, tarixən qısa bir dövr ərzində, bütövlükdə respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradıldı. 213 iri sənaye müəssisəsi işə salındı. Bir çox mühüm istehsal sahələrinə görə Azərbaycan Sovet İttifaqında aparıcı yerlərdən birini tuturdu. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu.
Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi bütün bu əzəmətli quruculuq işlərinin çox böyük tarixi əhəmiyyəti bundan ibarət idi ki, xalqımızda milli qürur, milli mənlik şüuru oyandı, azadlıq, müstəqillik duyğuları baş qaldırdı. Bu, əslində XX yüzilliyin 70–ci illərində Azərbaycan xalqının milli azadlıq hərəkatının yeni mərhələyə–yüksəliş mərhələsinə daxil olması demək idi.
Azərbaycan dövlətçilik tarixinin sonuncu mərhələsi SSRİ–nin süqutu ərəfəsində 1991–ci il oktyabrın 18–də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə başlanmışdır və bu gün də uğurla davam edir.
Tarix boyu Azərbaycan dövlətləri yüksəliş və tənəzzül dövrləri keçirmiş, daxili parçalanmalara, xarici işğallara məruz qalmışdır. Azərbaycan həmişə qonşularla sülhsevər, dinc münasibətlər saxlamışdır. Lakin sülhsevər qonşular, xüsusilə Qərbi Azərbaycanda məskunlaşmış ermənilər Azərbaycan torpaqlarına daim göz dikmiş, fürsət düşdükcə müəyyən əraziləri işğal etmişlər.
1988–ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin separatçı–terrorçu qruplaşmaları və Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağın ələ keçirilməsi uğrunda hərbi əməliyyatlara başladılar. SSRİ Silahlı Qüvvələrinin Ermənistan və Dağlıq Qarabağ Muxtar Vilayətində yerləşən hissələri də onlara qoşuldular. Əvvəlcə Dağlıq Qarabağın azərbaycanlı yaşayış məskənlərinin işğalına başlandı. 1992–ci il yanvarın 15–də Kərkicahan, fevralın 10–da Malıbəyli, Quşçular kəndləri işğal olundu, dinc və silahsız əhaliyə divan tutuldu, Xocalı və Şuşanın mühasirə məngənəsi daraldı. Erməni və sovet hərbi birləşmələri fevralın ortalarında Qaradağlı kəndini ələ keçirdilər. 1992–ci il fevralın 25–dən 26–na keçən gecə müasir tarixin ən faciəli hadisəsi baş verdi. Erməni hərbi birləşmələri Xocalıda Rusiyanın 366–cı motoatıcı polkunun əsgərləri ilə birlikdə azərbaycanlılara qarşı dəhşətli soyqırımı törətdi. Xalq hərəkatının daha da gücləndiyi şəraitdə 1992–ci ilin martında respublikaya rəhbərlik edən A.Mütəllibov istefa verdi. Yaranmış hakimiyyət boşluğu Azərbaycan Respublikasının müdafiə qabiliyyətini daha da zəiflətdi. Bunun nəticəsində 1992–ci ilin mayında erməni və sovet hərbi birləşmələri Şuşanı da ələ keçirdilər. Bununla da faktiki olaraq ermənilər bütün Dağlıq Qarabağın ərazisini işğal etdilər. Növbəti addım Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın rayonunun işğalı oldu. Azərbaycan Xalq cəbhəsinin hakimiyyəti (1992 may–1993 iyun) dövründə davam edən yeni hakimiyyət çəkişmələri respublikanın müdafiəsinə ağır zərbə vurdu. 1993–cü ilin aprelində Kəlbəcər işğal olundu. İyun ayında Azərbaycanda dərin siyasi böhran baş verdi. Xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə gəldi.
Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluşunda həlledici dönüş baş verdi. Müdrik dövlət xadimi bir neçə siyasi gedişdən sonra vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı.
Ümummilli lider Heydər Əliyev müharibə məsələsində düzgün mövqe tutdu. Müdrik bir strateq kimi real vəziyyətlə hesablaşdı. Məkrli düşmənlərimizin və onların beynəlxalq havadarlarının gücünü, planlarını, Azərbaycanın düşdüyü qanlı burulğanın nə qədər təhlükəli olduğunu nəzərə aldı. Vəziyyəti düzgün qiymətləndirdi. Real vəziyyətdən çıxış edərək atəşkəs rejiminə nail oldu.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xalqı, yurdu milli–mənəvi parçalanmadan, iflasa uğramaqdan xilas etdi. Özündən əvvəlki “rəhbərlərin” tarixi keçmişin ibrət dərslərinə, dəyişən dünyanın real həqiqətlərinə, daxili həyatın və beynəlxalq vəziyyətin gerçəkliklərinə deyil, emosiyalara əsaslanaraq qəbul etdikləri səhv qərarların icrasını dayandırdı. Torpağımızın, xalqımızın, dilimizin üzərindəki əzəli və əbədi “Azərbaycan” möhürü özümüzə qaytarıldı. Bununla Vətənçilik, xalqımızın adı və dili, qüdrətimizin və vahidliyimizin əsası olan islam–türk birliyi bərpa olundu, reallaşmaqda olan etnik toqquşmalar ehtimalı aradan qaldırıldı. Düşmənlərimizin oxu bu məsələdə də daşa dəydi.
Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və şöhrəti durmadan artmaqdadır. Azərbaycan Respublikası bütün dünyada demokratik, hüquqi, dünyəvi dövlət nüfuzu qazanmışdır. Heydər Əliyev zəkasının məhsulu olan təməl qanunumuz dünyanın ən demokratik, ən mükəmməl konstitusiyalarından biridir və beynəlxalq aləmdə Vətənimizə böyük rəğbət qazandırır. Yurdumuzda hökmranlıq edən sabitlik, həyata keçirilən daxili islahatlar xarici ölkələrlə əlaqələrimizin genişlənməsinə müsbət təsir göstərir. Özünün xarici siyasətini bərabərlik və qarşılıqlı mənafe prinsipləri əsasında quran Azərbaycan Respublikası dünyanın bütün dövlətləri üçün açıq ölkəyə çevrilmişdir.

 

 İşğal olunmuş torpaqlar və işğal tarixi

Dağlıq Qarabağ (1988-1993)
Xankəndi (18.09.1988)
Əskəran (19.10.1991)
Hadrut (19.11.1991)
Xocalı (26.02.1992)
Şuşa (08.05.1992)
Laçın (17.05.1992)
Xocavənd (02.10.1992)
Kəlbəcər (3-4.04.1993)
Ağdərə (07.07.1993)
Ağdam (23.07.1993)
Cəbrayıl (23.08.1993)
Füzuli (23.08.1993)
Qubadlı (31.08.1993)
Zəngilan (30.10.1993)

 

AZƏRBAYCAN RESPUBLİKASININ COĞRAFİYASI

Azərbaycan Respublikasının ərazisi

Azərbaycanın tarixi ərazisi Şərqi Zaqafqaziya və İranın şimal–qərb hissəsində yerləşir. Sahəsi 221,6 min km2, əhalisinin sayı isə 30 mln. nəfərdən artıqdır. Hazırda bu tarixi ərazinin bir hissəsini tutan Azərbaycan Respublikasının sahəsi 86,6 min km², əhalisi 9,4425 mln. nəfərdir (01.10.2013–cü il), Cənubi Azərbaycanın ərazisi 135 min km², əhalisi 25 mln. nəfərə qədərdir.
Azərbaycan ərazisi düzənlik və dağlıq relyefə malik olub, mütləq yüksəkliyi 28 m–dən (Xəzərsahili düzənlik) 4821 m–ə (Bazardüzü) qədərdir. Azərbaycan Respublikasının ovalıq və düzənlik relyefi Gəncə, Qazax, Qarabağ, Mil, Muğan, Şirvan, Salyan, Lənkəran, Samur–Dəvəçi, Arazyanı və Şərurdan ibarətdir. Azərbaycan Respublikasının ərazisi beş coğrafi vilayətə bölünür: onlardan dördü (Böyük Qafqaz, Kiçik Qafqaz, Naxçıvan MR, Lənkəran) dağlıq, biri isə (Kür–Araz və ya Mərkəzi Aran) ovalıqdır. Böyük Qafqazın Azərbaycan hissəsi hüdudunda iki əsas dağ silsiləsi–Baş Qafqaz (Bazardüzü dağı – 4466 m) və Yan silsilə (Şahdağ – 4243 m) uzanır. Dağlıq Şirvan, Qobustan və Abşeron yarımadası Cənub–şərqi Qafqazda yerləşir. Baş Qafqaz dağ silsiləsinin cənub yamacı ətəyi boyunca Qanıx–Əyriçay dağarası çökəkliyi, ondan cənuba isə geniş Ceyrançöl və Acınohur öndağlığı uzanır. Baş Qafqaz silsiləsi Bazardüzü dağından şərqə Azərbaycan ərazisi daxilində şimal–qərbdən (Tinovroso dağı) cənub–şərqə doğru uzanmaqla 4000 metrdən 1026 metrə qədər (Kəmçi dağı) alçalır. Azərbaycan və Dağıstan xalqları arasında tarixən gediş–gəliş, o cümlədən də ticarət əlaqələri Baş Qafqaz silsiləsinin Tinovroso (2800 m), Maçxalroso (2900 m), Malarasa (2865 m), Qudurdağ (2500 m), Dindidağ (2992 m), Attaqay (2657 m), Ağbulaq (3200 m), Qərbi Salavat (2832 m), Nohurlar (3250 m), Qdım (2906 m), Fiy (3104 m) və bir çox başqa aşırımlar vasitəsilə saxlanılmışdır. Kiçik Qafqazın Azərbaycan hissəsində Şahdağ (Qara–arxac – 2901 m, Hinaldağ – 3367 m), Murovdağ (Gamışdağ – 3724 m), Qarabağ (Böyük Kirs – 2725 m) sıra dağları və Qarabağ vulkanik yaylası (Böyük İşıqlı – 3552 m, Dəlidağ – 3616 m) relyefdə üstünlük təşkil edir. Naxçıvan MR ərazisində Dərələyəz (Küküdağ – 3120 m) və Zəngəzur sıra dağları (Qapıcıq dağı – 3904 m) uzanır. Hər iki sıra dağların qovuşağında Biçənək aşırımı (2346 m) yerləşir. Lənkəran ovalığı cənub–qərbdə Talış sıra dağları ilə (Gömürgöy – 2493 m) sərhədlənir. Bu dağların ön hissəsi boyu Burovar silsiləsi (914 m), mərkəz hissəsi boyu isə Peştəsər (2200 m) sıra dağları uzanır.

 

Azərbaycan Respublikasının təbii sərvətləri

Azərbaycan ərazisində dağlıq relyef şəraitində geniş yayılmış sürüşmələr, uçqunlar, sellər və vaxtaşırı baş verən zəlzələlər yaşayış məntəqələrini dağıdır, təsərrüfata ciddi ziyan vurur və insan tələfatına səbəb olur. Azərbaycan ərazisi mezo–kaynozoyun çökmə, vulkanogen və intruziv süxurlarından yaranmışdır. Azərbaycan ərazisi Alp qırışıqlıq zonasına aid olub, tektonik cəhətdən olduqca fəaldır. Bu, özünü ilk növbədə güclü zəlzələlərdə (9 bal) büruzə verir. Azərbaycan ərazisi yeraltı faydalı qazıntılarla zəngindir. Bu torpaq ən qədim zamanlardan özünün faydalı qazıntıları ilə, ilk növbədə, nefti və qazı ilə şöhrət tapmışdır. Dəmir, maqnezium, titan (maqnetitli qumdaşı), xrom, mis, polimetallar, kobalt, mərgmüş, molibden, İslandiya şpatı, dağ bülluru, kvars, kükürd kolçedanı, kükürd, barit, alunit, andaluzit, bitum, daş duz və s. kimi filiz və qeyri–filiz faydalı qazıntılar bu torpağın sərvətidir. Tikinti üçün yararlı, odadavamlı, abraziv və digər təbii sərvətlər Azərbaycan ərazisində geniş yayılıb. Azərbaycanda olan mineral bulaqlar öz kimyəvi tərkibinə görə on bir tipə bölünür. Buraya hidrokarbonatlı, hidrokarbonatlı–xloridli, hidrokarbonatlı–xloridli–sulfatlı, hidrokarbonatlı–sulfatlı, xloridli, sulfatlı–xloridli və başqa kimyəvi tərkibli mineral bulaqlar daxildir.

Azərbaycan Respublikasının iqlimi

Azərbaycanın coğrafi yeri, onun dağlıq və düzənlik relyefinin atmosfer proseslərilə qarşılıqlı əlaqə və təsiri nəticəsində bir neçə iqlim tipləri yaranmışdır. Azərbaycan Respublikasının iqlimi Kür–Araz ovalığının mərkəz və şərq hissələrində, Qobustanda, Abşeron yarımadasında və Samur–Dəvəçi ovalığında yayı quraq keçən mülayim–isti yarımsəhra və quruçöl (bozqır və ya step) iqliminə malikdir. Eyni iqlim tipi Talış silsiləsinin şimal yamacı boyu da müşahidə edilir. Qışı quraq keçən mülayim iqlim yarımsəhra və quru çöl iqlimi Kür–Araz ovalığının Ağdaş–Qarqarçayın aşağı axını istiqamətindən qərbə uzanan Qarabağ düzünün bir qismini, Gəncə–Qazax düzünü, Boz dağı, Ceyrançölü və Acınohur öndağlığın cənub–qərbdəki ucqar hissəsini əhatə edir. Yuxarıda adları çəkilən hər iki iqlim daxilində qarlı günlərin sayı 20 günə qədər olduğundan və həmin müddətdə qarın qalınlığı 10 santimetrdən artıq olmadığından bu ərazilər yüksək məhsuldarlığa malik olan qış otlaqlarıdır. Bu ərazidə iyulun orta aylıq temperaturu 27°C–dən yüksək olduğundan pambıqçılıq, bağçılıq, üzümçülük, taxılçılıq geniş yer tutur. Kiçik Qafqazın dağətəyi və qismən orta dağlıq hissəsində, eləcə də Acınohur öndağlığında və Qanıx–Əyriçay çökəkliyi daxilində qışı quraq keçən mülayim isti iqlim mövcuddur. Kiçik Qafqazın və eləcə də cənub–şərqi Qafqazın şimal yamacının orta dağlıq ərazisində qışı quraq keçən soyuq iqlim hökm sürür. Böyük Qafqazın cənub yamacının alçaq hissəsi üçün yağıntısı demək olar ki, bərabər paylanmış mülayim-isti, orta dağlıq ərazi üçün isə qışı rütubətli keçən soyuq iqlim mövcuddur. Talış dağlarında və Lənkəran ovalığında əsasən yayı quraq keçən mülayim–isti iqlim vardır. Azərbaycanda rütubətli subtropik bitkilər (çay, limon, portağal, feyxoa və s.) bu iqlim tipinin əhatə etdiyi Lənkəran ovalığı və ona qovuşan alçaq dağlıq ərazinin şərq yamacında geniş yayılmışdır. Talış dağlarının alçaq dağlığı ilə orta dağlığın qovuşduğu dar bir zolaqda yağıntısı demək olar ki, bərabər paylanmış mülayim–isti iqlim yaranmışdır. Naxçıvan MR–in və Cənubi Azərbaycanın dağarası çökəkliklərində yayı quraq keçən soyuq yarımsəhra və quruçöl iqlimi hakimdir. Kontinental iqlimə malik olan bu iqlim tipi daxilində illik mütləq minimum temperatur –32°C, illik mütləq maksimum temperatur isə + 43oC olur. Hər iki ərazinin orta və yüksək dağlıq hissəsində yayı quraq keçən soyuq iqlim tipi mövcuddur. Bu iqlim şəraitində istər Naxçıvan MR, istərsə də Cənubi Azərbaycan ərazisində meşə örtüyü çox məhdud yaranmış və əsasən yox dərəcəsindədir. Dağ yamaclarının meşədən məhrum olması ariddenudasiya proseslərinin güclənməsinə, eroziyanın intensiv getməsinə, sellərin tez–tez baş verməsinə səbəb olur. Bu iqlim tipinə daxil olan ərazilərdə yay otlaqları az məhsuldardır. Azərbaycanın mütləq yüksəkliyi 2600–2800 metrdən artıq olan yüksək dağlıq əraziləri üçün soyuq və tundra tipli iqlim xasdır. Belə iqlimi olan ərazilərdə qismən daimi buzlaqlar və yayda əriməyən qar talaları müşahidə edilir. Azərbaycanın ən iri çayları Kür və Arazdır. Ümumiyyətlə, Azərbaycan çayları dağ çaylarıdır. Onlar əsasən ilin soyuq yarısı çoxsulu, isti yarısı isə azsulu olur. Bu da qismən quraq iqlimə malik olan dağarası çökəkliklərdə, dağ ətəklərində, düzənlik və ovalıqlarda suvarma əkinçiliyi üçün ciddi maneə törədir. Buna görə də tarixən ən intensiv əkinçilik və bağçılıq çay dərələri, çay yataqları boyu və çayların dağlıq ərazilərdən düzənliyə qovuşduğu zolaqlarda yaranmışdır.

Azərbaycan Respublikasının atmosferi, çay və gölləri

Atmosfer yağıntılarının miqdarının paylanma dərəcəsindən və səthə çıxan yeraltı suların həcmindən asılı olaraq Azərbaycanda axımın paylanması müxtəlifdir. Azərbaycan Respublikasının orta və yüksək dağlıq hissələri axın zonasına (35 l/san/kv.km) aiddir. Cənubi Azərbaycanın eyni yüksəkliyi olan dağlarının ərazisi isə orta axın zonasına (25–5 l/san./kv.km) daxildir. Alçaq dağlıq, düzənlik və dağlararası çökəkliklərdə isə zəif axım (5–1 l/san./kv.km) bəzən ondan da az üstünlük təşkil edir. Atmosfer yağıntıları ərazi üzrə bərabər paylanmamışdır. Əgər Azərbaycan Respublikasının Astara rayonunda illik yağıntının miqdarı 1800 mm–dən artıqdırsa, Qobustanın cənub–şərq hissəsində illik yağıntıların miqdarı 150 mm–dir. Mülayim iqlim qurşağın orta illik yağıntılarının miqdarı 200 mm–dən az olan ərazilərində tipik səhra, 200–400 mm olan ərazilərində tipik yarımsəhra, 400–-500 mm olan ərazilərində isə rütubətli dağ çölləri və alçaq dağlıq arid meşələri inkişaf etmişdir. İllik yağıntının 600–1400 mm–ə çatdığı ərazilərdə meşə örtüyü vardır. Yüksək dağlıq çəmənliklərində orta illik yağıntıların miqdarı 600 mm–dən 900 mm–ə qədərdir. Əlverişli relyef şəraiti olan dağlıq ərazilərdə yağan şıdırğı yağış güclü sellərin yaranmasına səbəb olur. Azərbaycan ərazisində ilin isti yarısında düşən dolu, əsən isti–quru küləklər (qara yel ve ağ yel), quraqlıq təsərrüfata böyük ziyan vurur. Azərbaycan Respublikasının ən iri çayları Kür, Araz, Samur, Tərtər, Naxçıvançay və başqalarıdır. Cənubi Azərbaycanda Qarasu, Hacılar, Sərdərirud, Qazançay (Ağçay), Zərrinərud, Zulaçay, Nazlıçay və başqa çaylar vardır. Azərbaycanın çayları ilin soyuq aylarında əsasən yağış və qrunt suları, ilin isti vaxtlarında isə qrunt, yağış və qar suları ilə qidalanır. Urmiya gölünün sahəsi 5900 kvadrat kilometr, onun sutoplayıcı hövzəsinin ümumi sahəsi isə 50 min kvadrat kilometrdir. Gölün səviyyəsi 125 m mütləq yüksəklikdədir. Onun uzunluğu 140 km, maksimal eni 40 kilometrdir. Gölün dərinliyi şimal hissədə 6 m–ə, cənubda isə 15 m–ə çatır. Payız və yaz fəsillərində yağışların yağması ilə əlaqədar olaraq onun səviyyəsi qalxır, yayda isə əksinə, su səthindən intensiv buxarlanmanın getməsi sayəsində kəskin enir. Hövzə yüksək minerallaşmaya malikdir. Lakin göldə xərçəngəbənzər canlılar vardır.

Azərbaycan Respublikasının torpaqları və bitki aləmi

Yüksək dağlıq ərazilərdə dağ–çəmən torpaqları inkişaf etmişdir. Dağlıq tundra iqlimi şəraitində (5000 m–dən yüksəklikdə) dağ–çəmən torflu torpaqlar formalaşır. Sıra dağların suayırıcı sahəsi boyunca yay otlaqları kimi istifadə edilən dağ çəmənlikləri geniş sahəni tutur. 1959–cu ildə Astara rayonunun Gəgiran məntəqəsində yağıntının miqdarı 2767 mm–ə çatmışdı. Azərbaycanın dağ meşələri altında dağ–meşə torpaqları, yüksək qələvili torpaq tipləri inkişaf etmişdir. Lənkəran dağlarının Xəzər dənizinə doğru istiqamətlənmiş cənub–şərq yamaclarında dağ–sarı, yuxa və podzollu torpaqlar geniş sahə tutur. Cənubi Azərbaycanın torpaq örtüyü arid iqlim və kəskin parçalanmış relyef şəraitində formalaşmışdır. Alçaq dağlıq ərazilərdə tipik və açıq–sarı, əksər hallarda skeletli torpaqlar əmələ gəlmişdir. Tipik boz torpaqlar yüksək dağarası çökəkliklərin allüvial–prolüvial mənşəli çöküntüləri üzərində yayılmışdır. Cənubi Azərbaycanda qəhvəyi torpaqlar geniş ərazini örtür. Maqmatik vulkanların püskürməsi nəticəsində yaranan effuziv və intruziv süxurlar üzərində əmələ gəlmiş torpaqlar mikroelementlərlə zəngin olduqlarından onların məhsuldarlığı yüksək olur. Qarabağ vulkanik yaylasını, Savalan və Səhənd dağlarının yamaclarını buna misal çəkmək olar. İqlim şəraitinin kontinentalvarı və quraq keçməsilə əlaqədar Cənubi Azərbaycandakı dağ yamaclarında seyrək kserofit kolluqları və yarımkol friqonoid bitkiləri geniş sahə tutur. Dağarası Çökəkliklərdə və maili düzənliklərdə quru çöl və yarımsəhra bitkiləri inkişaf etmişdir. Qotur–Musalan dağ silsiləsinin şərq yamaclarında enliyarpaqlı meşələr, bozqır və friqonoid bitkilərindən ibarət kolluqlar yayılmışdır. Xəzər dənizinin sahili boyu Üçüncü dövrün dəmirağacı, şabalıdyarpaq palıd, dzelkva və bu kimi relikt bitkilərindən ibarət subtropik meşələr inkişaf etmişdir. Azərbaycan ərazisində müxtəlif yüksəklik diapazonlarında yaranmış mürəkkəb təbii şərait, ayrı–ayrı təbii coğrafi komponentlər arasında baş verən qarşılıqlı əlaqə və təsir nəticəsində on bir landşaft tipi və yarımtipi yaranmışdır. Dağlıq ərazilərdə şiddətli parçalanmış yüksək dağlığın subnival, qismən nival–buzlaq, yüksək dağlığın çəmənlik landşaftı vardır. Orta dağlığın enliyarpaqlı meşə və meşədən sonrakı çəmən–çöl, orta dağlığın dağ kserofit (friqonoid) landşaftları mövcuddur. Dağ ətəklərinin enliyarpaqlı meşə, alçaq dağlığın kserofit, quru çöl və arid meşə, çöl və yarımsəhra landşaftları geniş sahəni əhatə edir. Düzənlik ərazilərdə ovalıq və düzənliklərin meşə–çəmən, quru–çöl və yarımsəhra landşaftları inkişaf etmişdir.

Azərbaycan Respublikasının heyvanlar aləmi və qoruqları

Yüksək dağlığın qayalıq hissələrində bezoar keçiləri, muflonlar məskunlaşıb. Dağ–meşə qurşağında daşlıq dələsi, meşə dələsi, ayı, vaşaq, meşə pişiyi, bəzən bəbir, muflon (dağ qoyunu), cüyür, çöl donuzu (qaban), tetra quşu, göyərçin, ular və b. vardır. Yarımsəhra şəraitində qırmızıquyruq siçan, oxlu kirpi, nutriya, gürzə, turac, kəklik, köçəri quşlar və bir çox başqa heyvanlar yaşayır. Azərbaycanın daimi və müvəqqəti qoruqlarında nadir heyvan növləri (ceyran, bezoar keçisi, muflon, cüyür (əlik), xallı maral, sayqak, maral, kövkər və b.), relikt və endemik meşə bitkiləri, eləcə də landşaft kompleksləri mühafizə olunur. Bu qoruqlara Qızılağac, Zaqatala, Göygöl, Bəsitçay, Şirvan, Qarayazı, Pirqulu, Turyançay, Hirkan və başqa qoruqlar aiddir.

 

AZƏRBAYCAN RESPUBLIKASI DÖVLƏT NEFT ŞİRKƏTİ

Azərbaycanda neft sənayesinin inkişaf tarixinə aid qısa arayış

Bütün dünyada neft səltənəti kimi tanınan Azərbaycanda “qara qızıl” qədim zamanlardan çıxarılmağa başlanmışdır. Tarixçilərin araşdırmaları nəticəsində məlum olub ki, hələ bizim eradan əvvəl VII-VI əsrlərdə Abşeron yarımadasında neft çıxarılmışdır. Azərbaycanın təbii neft–qazını isə dünyada ilk dəfə olaraq 1836-cı ildə akademik Q.İ.Qessi elmi surətdə təhlil etmiş və onun tərkibini müəyyən etmişdir. Professor K.V.Kostrin isə öz əsərlərində göstərir ki, dünyada yaşayış və təsərrüfat işləri üçün təbii qazdan ilk dəfə azərbaycanlılar istifadə etmişdir. Tarixi sənədlərə istinadən mexaniki üsulla dünyada ilk neft quyusu 1847-ci ildə Bibiheybətdə qazılmışdır. Sübut olunmuşdur ki, dənizdə də ilk neft quyusu XVIII əsrdə Abşeron yarımadasında – dənizdən 19 metr aralıda qazılmışdır. Sonralar Xəzər dənizinin qalxması nəticəsində həmin neft kəhrizləri suyun altında qalmışdır. Azərbaycan dünyada təkcə ilk neft-qaz hasilatçısı kimi deyil, həm də ilk neftayırma müəssisələrinə malik bir ölkə kimi də tanınır. 1859-cu ildə Bakıda Dubinin qardaşlarının ilk iri neftayırma zavodları istifadəyə verilir. Hasil və emal olunan neft və neft məhsullarının dünya bazarlarına çıxarılması üçün 1897-ci ildə Bakıdan Batuma birbaşa neft kəməri çəkilir.
Azərbaycanda neft hasilatı haqqında məlumatlar erkən orta əsr alim və səyyahlarının əsərlərində dəfələrlə qeyd olunmuş və bu qeyri-adi məhsulun böyük gəlirlər gətirdiyi bildirilmişdir. Lakin o dövrlər neft ancaq məişətdə yanacaq kimi, tibbi və hərbi məqsədlər üçün istifadə olunurdu.
XIV əsr səyyahı Marko Polo bu bölgədə neftdən xəstəliklərin müalicəsi üçün istifadə edilməsi və yaxın ölkələrə neftin daşınması barədə yazmışdır. Müasir dövrümüzdə Balaxanıdakı neft quyusundan tapılmış daş üzərindəki yazı həmin quyunun 1594-cü ildə usta Allahyar Məmməd Nuroğlu tərəfindən qazıldığı barədə xəbər verir.
Bakı neft sənayesinin ətraflı təsviri 1683-cü ildə İrandakı İcveç səfirliyinin katibi E.Kempfer tərəfindən edilmişdir. O, öz yazılarında Abşeronda yerin səthinə-Yanardağda çıxan təbii qazın yerinin mövcudluqunu təsdiq etmişdir. Kempfer “yanar çöl”ü belə təsvir edir: “…o xüsusi və gözəl mənzərə təşkil edirdi. Bəzi çatlarda güclü alov, digərləri sakit alov yayırdı və hamıya yaxına gəlməyə imkan yaradırdı; üçüncüləri tüstülənirdi və neftin ağır, üfunətli buxarlanmasını yayırdı. Uzunluğu 88, eni 26 addım olan sahədə yerləşirdi”. Əbədi alovun və Suraxanıda alovpərəstlərin məbədinin yerini belə təsvir edirdi: “Əbədi alovdan şimali-qərbə min addımda ağ neft mənbəyi yerləşir”. Məlumdur ki, qədim mənbələrdə nefti bəzən “nafta” adlandırırdılar.
Sənaye əhəmiyyətli neft ilk dəfə 1847-1848-ci illərdə Bibiheybət, sonralar isə Balaxanı yataqlarında mexaniki üsulla qazılan quyulardan hasil edilmişdir və bu ərəfədən Azərbaycanda neft sənayesinin inkişafı başlanır.
Mexaniki üsulla qazılan quyuların texnika və texnologiyasının inkişafı boyunca bir sıra yeni yataqlar açılırdı (Binəqədi, Pirallahı yarımadası, Suraxanı və s.), neftin hasilatı artır, neft sənayesinin infrastrukturunun inkişafı başlayır, neftin hasilatı, yenidən emalı və satışı üzrə şirkətlər açılırdı. Azərbaycanda yerli burjuaziya formalaşmağa başladı. Bakı böyük sənaye mərkəzlərindən birinə çevrildi.
1847-1920-ci illər Azərbaycanda Sovet hakimiyyəti qurulana qədər mexaniki üsulla qazılan quyulardan hasil edilən neft ilk hasilat dövrü hesab edilir.
1941-ci ildə Azərbaycanda 23,5 milyon ton neft çıxarılmışdır ki, bu da bütün Sovet İttifaqında hasil olunan neftin 71,4%-ni təşkil etmişdir. Belə yüksək hasilat SSRİ-nin İkinci dünya müharibəsindəki qələbəsini təmin etmiş, xalq təsərrüfatının qarşısında duran bir çox məsələlərin həllində neftin xüsusi rolunu daha da artırmışdır.
Azərbaycanda dünyada ilk dəfə olaraq dənizdə neftin çıxarılmasına da başlanılmışdır. 1949-cu ilin 7 noyabr tarixində açıq dənizdə sahildən 40 km, Bakıdan 90 km aralıda “Neft Daşları” yatağının aşkar edilməsi Azərbaycanı və Xəzəri bütün dünyada məşhur etdi. Sonralar Xəzərin Azərbaycan sektorunda bir-birinin ardınca “Gürgan-dəniz”, “Pirallahı”, “Çilov adası” kimi yataqlar mənimsənilmişdir.
1970-ci illərin sonu 1980-ci illərin əvvəllərində dənizin 80-350 metr dərinliklərində indi adları bütün dünyada məşhur olan “Azəri”, “Çıraq”, “Kəpəz” və hazırda ARDNŞ neftinin 60%-dən çoxunu verən “Günəşli” kimi yataqlar aşkar edildi.
Azərbaycanın neft sənayesi tarixində baş vermiş ən mühüm hadisələr aşağıda qeyd olunmuşdur:
1844-cü ildə F.N.Semyonovun səyi ilə qazma üsulu ilə Bakı mədənlərində dünyada ilk dərin quyu qazılıb. Bu hadisə əllə qazmanın sonu olub.
1872-1873-cü illərdə, ABŞ-dan 15 il əvvəl quyu nasosundan istifadə edilib.
1877-ci ildə neft məhsullarının daşınması üçün ilk metal korpuslu “Zoroastr” (“Zərdüşt”) tankeri istifadəyə verilib.
1884-cü ildə ilk dəfə vurma üsulu ilə qazmadan istifadə olunub. Bu, sonralar “Bakı üsulu” adı ilə məşhurlaşıb.
1899-1901-ci illərdə Azərbaycanda neft hasilatı 11,5 milyon tona çatıb və Azərbaycan neft hasilatı sahəsində dünya liderinə çevrilib. (Bu zaman ABŞ-da ildə cəmi 9,1 milyon ton neft hasil olunurdu).
1905-ci ildə Balaxanıda dünya neft sənayesi tarixində ilk dəfə olaraq kompressor istismarı tətbiq edilmişdir.
1916-cı ildə Ramanada ilk dəfə qazlift texnologiyasından istifadə olunmuşdur.
1941-ci ildə dünyada ilk dəfə olaraq Bayılda 2000 metr dərinlikdə “Ağa Nematulla turbin üsulu” ilə maili quyu qazılıb istifadəyə verilib.
1949-cu ildə əfsanəvi “Neft daşları” yatağı kəşf olundu. Bu hadisə dənizdə neft hasilatının inkişafının əsasını qoydu.
1971-ci ildə Azərbaycanda milyardıncı ton neft çıxarıldı.
1994-cü ildə dünyanın ən iri və aparıcı dövlətlərinin neft şirkətlərilə “Məhsulun Pay Bölgüsü” – “Əsrin müqaviləsi” Sazişinin imzalanması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrik siyasətinin, uzaqgörənliyinin və siyasi cəsarətinin ifadəsi idi. Saziş demək olar ki, bütün dünya dövlətlərinin Azərbaycana inamını artırdı və sonradan dünyanın ən böyük və tanınmış neft şirkətlərinin ölkəmizə axınına şərait yaratdı. Bununla da Azərbaycan xarici sərmayələr üçün öz qapılarını açdı. Bu vaxta qədər ARDNŞ və xarici neft şirkətləri arasında “Hasilatın pay bölgüsü” tipli 32 saziş imzalanmışdır. Bununla da Azərbaycanın neft sənayesi tarixində yeni eranın başlanğıcı qoyuldu.
2013-cü il dekabrın 17-də Bakıda “Şahdəniz” yatağından “Faza-2″ layihəsi üzrə qaz hasilatını başlatmaq üçün müqavilələrin imzalanması mərasimi keçirilib. ”Əsrin Müqaviləsi-2″ kimi də adlandırılan “Şahdəniz-2″ layihəsi üzrə yekun investisiya qərarının imzalanması Azərbaycan və Gürcüstan ərazisi ilə Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi, Türkiyə ərazisindən keçən Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP), həmçinin Yunanıstan və Albaniyadan keçərək İtaliyaya uzanan Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisi ilə bağlı planların reallaşdırılmasını sürətləndirəcək.
“BP-Azərbaycan” şirkətinin yaydığı rəsmi məlumatda bildirilir ki, bu layihələr qazı Bolqarıstana ötürəcək infrastrukturun yaradılmasına və Avropaya yeni bir Cənub Qaz Dəhlizinin açılmasına imkan verəcək.
“Şahdəniz” layihəsi çərçivəsində dənizdə 26 sualtı quyunun qazılması və tamamlanması, həmçinin körpü ilə birləşdiriləcək iki platformanın qurulması, quruda isə Səngəçalda yeni texniki emal və kompressiya qurğularının tikintisini nəzərdə tutur.
“Şahdəniz” tərəfdaşlarının payı aşağıdakı kimi olacaq: BP (operator-28,8%), ARDNŞ (16,7%), “Statoil” (15,5%), “Total” (10%), “LUKoil” (10%), NICO (10%) və TPAO (9%).
“BOTAŞ” və BP-nin TANAP-da 2014-cü ildə başa çatması gözlənilən iştirak paylarının alınması əməliyyatından sonra TANAP tərəfdaşları bu şirkətlər olacaq: ARDNŞ (operator-68%), “BOTAŞ” (20%) və BP (12%).
TAP tərəfdaşları isə aşağıdakı şirkətlərdir: ARDNŞ (20%), BP (20%), “Statoil” (20%), “Fluxys” (16%), “Total” (10%), E.ON (9%) və “Axpo” (5%).
Bu layihə sayəsində Azərbaycan artıq öz qazını birbaşa Avropa bazarına, həm də bazar qiymətləri ilə çıxara biləcək. Bu isə ölkənin bir bazardan asılılığının aradan qalxması və Bakının mavi yanacaq ixracatında əsas hədəfə vurması anlamına gəlir. Bakı bu qərarla Moskvanın xətrinə dəymədən Avropa Birliyinin enerji təhlükəsizliyinə ciddi töhfə verir. Odur ki, TAP anlaşması Azərbaycan üçün həm də siyasi-diplomatik əhəmiyyət kəsb edir.

ARDNŞ-in tarixi

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) dünyada tanınmış neft şirkətlərindən biridir. Respublikanın neft sərvətlərindən istifadəni vahid dövlət siyasəti əsasında həyata keçirmək, neft sənayesinin idarəetmə strukturunu təkmilləşdirmək, yanacaq-enerji kompleksinin inkişafını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 200 saylı 13.09.1992-ci il Fərmanı ilə ”Azərineft” Dövlət Konserninin və ”Azərnefkimya” İstehsalat Birliyininin bazasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 328 saylı 26 fevral 1993-cü il tarixli Sərəncamı ilə ARDNŞ-in yeni idarəetmə strukturu təsdiq edilmişdir.
Ümumiyyətlə, ayrı-ayrı vaxtlarda Azərbaycanın neft sənayesini özündə əhatə edən “Azərneft” birləşdirdiyi və idarə etdiyi müəssisələrin xüsusiyyətindən asılı olaraq İttifaq əhəmiyyətli trest və ya birlik kimi müxtəlif ittifaq və respublika təşkilatlarına (Azərbaycan SSR Xalq Komissarları Soveti, SSRİ Ali Xalq Təsərrüfatı Şurası, SSRİ Ağır Sənaye Nazirliyi, Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası) tabe olmuş və ”Azərneftkomitə”, ”Azərneftkombinat” (sonralar ”Azərneft”, ”Azərneftzavodlar” və ”Azərneftmaşınqayırma” Birliklərinə ayrılmış), ”Azərneftçıxarma” Birliyi və s. adlar daşımışdır. Müxtəlif dövrlərdə “Azərneft”in əsasında Azərbaycan SSR Neft Sənayesi Nazirliyi (1954-1959), Azərbaycan SSR Neftçıxarma Sənayesi Nazirliyi (1965-1970) yaradılmışdır. 1970-ci ilin avqustunda ”Azərneft” adı yenidən təşkilata qaytarılmışdır. “Azərneft” Azərbaycanın neft sənayesinə rəhbərliyi həyata keçirmək, dağıdılmış neft təsərrüfatını bərpa etmək, neft və neft məhsulları istehsalını artırmaq üçün yaradılmış bir təşkilat olmuşdur.
ARDNŞ yarandığı vaxtdan onun strukturunda bir sıra dəyişikliklər edilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1994-cü il tarixli ARDNŞ–in strukturunun təkmilləşdirilməsi haqqında 50 saylı Sərəncamına əsasən Dövlət Neft Şirkətinin strukturunda Dənizdə və Quruda Neft və Qazçıxarma İstehsalat Birlikləri yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin ARDNŞ-in strukturunun təkmilləşdirilməsi haqqında 24 yanvar 2003-cü il tarixli 844 saylı Fərmanına əsasən ARDNŞ-in Nizamnaməsi və onun strukturu təsdiq edilmiş, 18 sentyabr 2004-cü il tarixli 127 nömrəli və 22 dekabr 2005-ci il tarixli 340 nömrəli Fərmanları ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Şirkətin Nizamnaməsində və idarəetmə strukturunda əlavə və dəyişikliklər edilmişdir.

ARDNŞ-in vəzifələri və fəaliyyəti

ARDNŞ respublikanın bütün ərazisində – quruda və dənizdə neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı, hazırlanması və işlənməsi, neftin, qazın, qaz kondensatının hazırlanması, emalı və nəqli, həmçinin onlardan alınan məhsulların daxili və xarici bazarlarda satışı, istehlakçıların müvafiq enerji daşıyıcılarına olan tələbatının sabit və dayanıqlı ödənilməsi ilə məşğul olur. O, həmçinin, böyük həcmdə elmi-tədqiqat və layihə işləri yerinə yetirir.
ARDNŞ-in fəaliyyəti neft və qaz sənayesinin vahid kompleks kimi səmərəli fəaliyyətinin və inkişafının təmin edilməsindən, istehlakçıların enerji daşıyıcılarına olan tələbatının etibarlı ödənilməsindən ibarətdir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyəti haqqında www.socar.az internet saytında daim yeniləşən məlumat və informasiyalarla tanış olmaq mümkündür.
Şirkət onun əsas vəzifələrini yerinə yetirmək üçün qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı fəaliyyət növlərini həyata keçirir:
– sahənin inkişafına dair uzunmüddətli proqnozların, məqsədli kompleks elmi texniki, iqtisadi və sosial proqramların işlənib hazırlanmasını;
– istehsalın səmərəliliyinin yüksəldilməsini, enerjiyə və material ehtiyatlarına qənaət siyasətinin həyata keçirilməsini, sahə müəssisələri arasında əlverişli istehsal-texnoloji və təsərrüfat əlaqələrinin yaradılmasını;
– sahənin perspektiv inkişafının müəyyən edilməsində Şirkətlə müvafiq səlahiyyətli dövlət hakimiyyəti orqanları arasında qarşılıqlı əlaqələrin təmin edilməsini;
– sahənin istehsal və sosial bazasının inkişafını, Şirkətin tərkibinə daxil olan müəssisələrin müasirləşdirilməsi, genişləndirilməsi, yenidən qurulması, onların yeni texnika və texnologiyalarla təchiz edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada investisiya fəaliyyətini;
– müasir tikinti texnologiyasından və texniki vasitələrdən istifadə edilməklə geoloji-kəşfiyyat işlərinin aparılmasını, yataqların istismarının səmərəliliyinin yüksəldilməsini, buruqların tikintisinin sürətləndirilməsini, həmçinin, yerin təkindən istifadə edilməsi və ətraf mühitin mühafizəsi sahəsində mövcud olan qanunvericiliyə riayət etməklə yataqların istismara hazırlanmasının keyfiyyətinin və sürətinin artırılmasını;
– təsərrüfatçılıq üsullarının və formalarının təkmilləşdirilməsini, elmi nailiyyətlərin istehsalatda tətbiq edilməsini;
– iqtisadi və istehsal-texniki proqramların həyata keçirilməsi üçün banklardan, o cümlədən xarici banklardan və digər mənbələrdən kredit vəsaitlərinin cəlb olunmasını;
– kadr siyasətinin həyata keçirilməsini, respublikada və xaricdə kadrların hazırlanmasının və ixtisasının artırılmasının təşkilini;
– sosial sahənin maddi bazasının möhkəmləndirilməsi hesabına müəssisə kollektivlərinin sosial inkişafı üçün əlverişli imkanlar yaradılmasını;
– dövlət orqanları, xarici şirkətlər və sahibkarlarla qarşılıqlı əlaqəli fəaliyyət göstərilməsini;
– geofiziki, geoloji axtarış-kəşfiyyat işlərinin əsas istiqamətlərinin işlənib hazırlanmasını və müvafiq qaydada təsdiqlənməsinin təmin edilməsini;
– yeni kəşf olunmuş yataqların işlənməyə verilməsi haqqında qərarların qəbul edilməsini, müəssisələr tərəfindən istismar olunan yataqların təcrübə, sənaye-istismar layihələrinin, texnoloji sxemlərinin, neft, qaz və qaz kondensatlı yataqların işlənməsi layihələrinin hazırlanmasını və müvafiq qaydada təsdiq edilməsini;
– neft və qazçıxarma müəssisələrinin illik iş proqramlarının təsdiq edilməsini və bu proqramlara uyğun olaraq onların illik büdcə vəsaitlərinin müəyyənləşdirilməsini;
– hasil edilmiş xam neftin və təbii qazın nəqlinin təşkil edilməsini və xidmətə görə nəql müəssisələrinə müəyyən edilmiş nəql haqqının ödənilməsini;
– xam neftin və təbii qazın emalının təşkil edilməsini, neft və qaz emal müəssisələrinə Şirkət tərəfindən göstərilən xidmətlərə görə müəyyən edilmiş emal xərclərinin ödənilməsini;
– xam neft, təbii qaz, neft və qaz məhsullarının satışının təşkil edilməsini və onların təchizat xərclərinin müvafiq qaydada ödənilməsini;
– torpaqların rekultivasiyası və ətraf mühitin mühafizəsi üçün lazımi tədbirlərin görülməsini;
– qanunvericiliklə müəyyən edilmiş qaydada xarici iqtisadi əlaqələrin həyata keçirilməsini və s.

ARDNŞ-in birgə beynəlxalq layihələri

ARDNŞ istər dənizdə, istərsə də quruda neftin və təbii qazın daha səmərəli hasil olunması məqsədilə dünyanın bir çox şirkətləri ilə birgə layihələr həyata keçirir. Bu günə qədər ARDNŞ dünyanın 20-dən artıq ölkəsinin 30-dan yuxarı şirkəti ilə Azərbaycanın neft və qaz yataqlarının birgə işlənməsinə dair 26 saziş imzalamışdır. Öz mühümlüyünə, qlobal əhəmiyyətinə görə “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz qaz kəməri layihələri çox böyük önəm kəsb edir.
Hazırda bütün dünyanın diqqət mərkəzində olan “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” kimi layihələr məhz dənizdə, Xəzərin Azərbaycan sektorunda həyata keçirilir. Sazişə əsasən, yataqların tammiqyaslı işlənməsi 3 faza (mərhələ) üzrə həyata keçirilir. Faza-1 layihəsi “Azəri” yatağının mərkəzi hissəsinin, Faza-2 layihəsi “Azəri” yatağının qərb və şərq hissələrinin, Faza-3 layihəsi isə “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin tammiqyaslı işlənməsini əhatə edir.
“Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində hasil olunan neft dünya bazarlarına tarixə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Neft Kəməri kimi daxil olan boru vasitəsilə ixrac olunur. Bakıdan Türkiyənin Ceyhan limanına çəkilən və uzunluğu 1770 km-ə qədər olan bu kəmər Xəzər dənizindən Aralıq dənizinə qədər 3000 metr hündürlüyündə dağlardan, 1500 çay keçidindən və 7 seysmik zonadan keçir. Neftin nəql surəti saniyədə 2 metrdir. Bu kəmərin çəkilməsi iqtisadi cəhətdən sərfəli olmaqla yanaşı, region üçün həm də strateji əhəmiyyət kəsb edir. Azərbaycanın daxildəki və xaricdəki bədxahları müxtəlif bəhanələr gətirərək, layihənin reallaşmasına mane olmağa çalışırdılar. Lakin bütün maneələrə baxmayaraq, kəmərin tikintisi başa çatdı və 2006-cı ilin may ayının 28-də – Azərbaycanın Respublika günü ərəfəsində kəmərə vurulmuş ilk neft Ceyhan limanına çıxarıldı. İyulun 4-də BTC kəməri ilə Səngəçal terminalından Ceyhana qədər 1768 km məsafə qət etmiş Azərbaycan nefti ilə yüklənmiş ilk tanker Aralıq dənizinin Türkiyə sahilindən yola salındı. Kəmərin təntənəli açılış mərasimi iyulun 13-də Türkiyənin Ceyhan limanında və İstambul şəhərində, 98 ölkənin yüksək səviyyəli təmsilçilərinin iştirakı ilə keçirildi. Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri BTC-nin müstəsna əhəmiyyətinin rəmzi olaraq, kəmərin maketinə qızıldan sonluq əlavə etdilər. Artıq bütün dünyanın diqqət mərkəzində olan BTC kəməri iqtisadi cəhətdən çox sərfəli olduğundan bəzi dövlətlər bu kəmər vasitəsi ilə öz neftini nəql etmək niyyətindədirlər. Belə ki, artıq Azərbaycanla Qazaxıstan arasında Qazaxıstan neftinin BTC vasitəsilə nəql olunmasına dair saziş imzalanmışdır.
4 iyun 1996-cı il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Layihə İştirakçıları olan BP, Lukoil, NİCO, Statoil, TPAO, TOTAL şirkətləri arasında dünyanın ən iri qaz və qaz-kondensat yataqlarından olan və Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş imzalanmışdır. “Şahdəniz” yatağının təbii qaz ehtiyatı 1 trilyon kubmetrdən çox, kondensat ehtiyatı isə 300 milyon tondan çox qiymətləndirilir. Yatağın işlənməsinin 1-ci mərhələsi çərçivəsində (“plato dövrü”ndə) ildə 8 milyard kubmetr təbii qaz hasilatı proqnozlaşdırılır. Hasil olunacaq qazın müvafiq müqavilələr üzrə Türkiyəyə (ildə təqribən 6 milyard kubmetr), Gürcüstana (ildə 0.3 milyard kubmetr) və Azərbaycana (ildə 1.5 milyard kubmetr) təchizatı nəzərdə tutulub. “Şahdəniz” yatağının tam işlənməsi üzrə Faza-1 layihəsi çərçivəsində qazın satışının və marketinqinin idarə edilməsi məqsədilə Norveçin “Statoyl” şirkətinin operatorluğu ilə Azərbaycan Qaz Təchizatı Şirkəti yaradılmışdır. Bu yataqdan hasil olunacaq qaz ilk növbədə Azərbaycanın daxili tələbatının ödənilməsinə sərf ediləcək. Eyni zamanda Faza-1 dövründə hasil olunacaq qazın Türkiyənin “Botaş” şirkətinə və Gürcüstanın Beynəlxalq Əməliyyat Şirkətinə satılması haqqında sazişlər bağlanmışdır. Azərbaycan-Türkiyə, Azərbaycan-Gürcüstan, Azərbaycan-Türkiyə-Yunanıstan arasında bağlanmış sazişlər “Şahdəniz” qazının Avropaya nəqlinə imkan yaradacaqdır. Yatağın işlənməsinin 2-ci mərhələsində isə proqnozlara görə, ildə təxminən 12 milyard kubmetr təbii qaz hasil olunmalıdır. 2015-ci ilə kimi “Şahdəniz” yatağından ildə təqribən 20 milyard kubmetr qazın hasilatı gözlənilir.
Dünyanın ən zəngin qaz-kondensat yataqlarından sayılan “Şahdəniz” yatağından hasilat 2006-cı ilin dekabrında başlanmışdır. 2010-ci il aprel ayının 1-dək bu yataqdan 18,8 milyard kubmetr qaz hasil edilmişdir. 2007-ci il fevral ayından etibarən Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından hasil olunan təbii qaz Bakı-Tbilisi-Ərzurum boru kəməri vasitəsi ilə Gürcüstana nəql olunmağa başlanıb. 2007-ci il iyulun 3-də isə “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Cənubi Qafqaz qaz boru kəməri ilə Türkiyə sərhədlərini aşaraq, qardaş ölkənin qaz kəmərləri sisteminə daxil olmuşdur. Cənubi Qafqaz qaz boru kəmərinin ötürücülük qabiliyyəti ildə 20 milyard kubmetr həcmində ölçülür. Azərbaycan ərazisində kəmərin uzunluğu 442 km, Gürcüstan ərazisində isə 248 km-dir. Diametri 42 düymdür. Kəmərin son çatdırılma nöqtəsi Gürcüstan-Türkiyə sərhəddində yerləşir. Türkiyə ərazisində isə qaz kəmərinin uzunluğu 280 km təşkil edir. Kəmərin Gürcüstan–Türkiyə sərhəddindən Ərzuruma qədər olan hissəsi BOTAŞ şirkətinin qaz kəmər sisteminin bir hissəsi hesab edilir.
BTƏ qaz kəməri təkcə Azərbaycanın deyil, Qazaxıstan və Türkmənistanın da maraq dairəsindədir. Belə ki, bu ölkələr də gələcəkdə Cənubi Qafqaz boru kəməri ilə öz qazını nəql etməyi planlaşdırırlar. Bundan əlavə, Yunanıstan ilə Türkiyə arasında imzalanmış sazişə əsasən, Ankaradan Komotiniyə qədər qaz boru kəmərinin çəkilməsinə dair saziş imzalanmışdır. Bu isə “Şahdəniz” qazının Türkiyədən əlavə, Yunanıstana, İtaliyaya, Balkan yarımadası dövlətlərinə və digər Avropa ölkələrinə nəql olunmasına zəmin yaradıb.
Şirkətin iştirakı ilə yaradılmış birgə müəssisələr (o cümlədən Gürcüstan və Türkiyədə), alyanslar, Əməliyyat Şirkətləri neft-qaz sənayesinin müxtəlif sahələrində fəaliyyət göstərir. ARDNŞ–in Gürcüstan, ABŞ, Türkiyə, Rumıniya, Avstriya, İsveçrə, Qazaxıstan, Böyük Britaniya, İran, Almaniya, Ukraynada və Belçikada nümayəndəlikləri, İsveçrə, Sinqapur, Vyetnam, Nigeriya və s. treydinq şirkətləri təsis olunmuşdur.
ARDNŞ–in missiyası. Azərbaycan Respublikasının yanacaq-enerji təhlükəsizliyini, neft-qaz və neft-kimya sənayesinin inkişafı üzrə strateji maraqları təmin etmək, qabaqcıl və ekoloji təmiz texnologiyalardan istifadə edərək Azərbaycanın elmi-texniki, iqtisadi və intellektual potensialının artırılmasına dəstək olmaq, regional və beynəlxalq enerji layihələrində həlledici mövqe tutmaq, karbohidrogen ehtiyatlarının və emal məhsullarının daxili və xarici bazarlarda satışından maksimal mənfəət əldə etməkdir.
ARDNŞ–in məramı. Əməliyyat effektivliyi, sosial və ekoloji məsuliyyəti qabaqcıl təcrübəyə uyğun, dünyanın şaquli inteqrasiya olunmuş iri beynəlxalq neft-qaz şirkətinə çevrilməkdir.

Azneft İstehsalat Birliyi haqqında məlumat

ARDNŞ-in “Azneft” İstehsalat Birliyi Azərbaycanda 34 neft-qaz yatağının işlənməsini həyata keçirir. Bu yataqlardan 20-si quru ərazilərində, 14-ü isə Xəzər dənizinin Azərbaycana məxsus sektorunda yerləşir.
Quru sahəsindəki Balaxanı-Sabunçu-Ramana yatağı 1871-ci ildən istismar olunur. Balaxanı-Sabunçu-Ramana yatağının işlənməyə başlanması nəticəsində əsası 1848-ci ildə qoyulmuş Azərbaycan neft sənayesinin daha sürətli inkişaf dövrü başlamışdır.
“Neft Daşları” yatağı 1949-cu ildən istismar olunur. Dünyada ilk dəfə olaraq açıq dənizdə bu yatağın işlənməsi ilə neft tarixinin yeni səhifəsi açılmış, dəniz şəraitində dərin neft-qaz yataqlarının istismarı üçün elmi-praktiki bünövrə yaradılmışdır.
Uzun illər ərzində toplanmış nəzəri-praktiki biliklər sayəsində “Azneft” İB-nin mütəxəssisləri təkcə Azərbaycanda deyil, həm də dünyanın bir çox ölkələrində neft sənayesinin yaradılmasında və inkişafında böyük xidmətlər göstərmişdir.
“Azneft” İB-in tərkibində 11 neftqazçıxarma idarəsi fəaliyyət göstərir. İşlənmədə olan yataqlarda 5700-ə qədər quyu istismar olunur. Çoxsaylı texnoloji qurğular, müxtəlif təyinat və çeşidli boru kəmərləri, nasos, kompressor və elektrik stansiyaları, digər kommunikasiya və infrastrukturlar neft-qaz hasilatının texniki-iqtisadi cəhətdən səmərəliliyini təmin edir.
“Azneft” İB-in tərkibinə daxil olan iki yeraltı qaz anbarı mövsümdən asılı olmayaraq ölkənin qaz təchizatının stabil və etibarlı təminatında mühüm yer tutur. Hazırda regionların qaz təchizatının yenidən qurulduğunu və ARDNŞ tərəfindən qaz ixracının artırıldığını nəzərə alaraq, hər iki yeraltı qaz anbarının genişləndirilməsi və müasirləşdirilməsi istiqamətlərində ciddi layihələr həyata keçirilir.
Neftin ilkin çıxarılma dövründə primitiv texnika və texnologiyalar istifadə olunurdu. Uzun müddət həmin dövrdə mövcüd olan texniki vasitə və avadanlıqlardan istifadə olmayaraq neft yataqları intensiv istismar olunurdu.
XIX yüzilliyin sonuna Bakıda neft sənayesi sahəsində 167 sahibkar fəaliyyət göstərirdi. Onların sırasında ən tanınmışları H.Z,Tağıyev, M.Muxtarov, M.Nağıyev, İ.Hacinski, Ş.Əsədullayev, həmçinin Nobel qardaşları, Rotşild qardaşları və başqaları idilər.
Onilliklərlə neftin yığılması və daşınması üçün torpaq anbarlar və xəndəklər istifadə olunurdu. Tərkibində neft olan lay sularının qatışıqlardan təmizlənməsi onların şlamyığıcıda çökmə yolu ilə qravitasiya üsulu ilə aparılırdı.
Tez-tez qazıma və çıxarılma zamanı fontanlar vururdu və külli miqdarda neft, qaz, süxur və yüksək minerallı lay suları yer səthinə yayılırdı.
Nəticə olaraq, belə nəzarətsiz neft çıxarılma ekologiyaya mənfi təsir göstərirdi.
1921-ci ildə neftin çıxarılması 24 milyon tona düşmüşdü, bu da 1901-ci ildə əldə edilmiş nəticədən 4,6 dəfə az idi. Neft çıxarılmanın əvvəlki səviyyəsinin bərpası üçün bütün neft təsərrüfatının yenidən qurulması tələb olunurdu. Belə şəraitdə xarici şirkət və mütəxəssislərin köməyinə böyük ümid bəslənirdi. 20-ci illərdə Azərbaycanda neft çıxarılmasının artmasına amerikan elmi işləmələri və avadanlıqları mühüm təsir göstərdi. Amerikan qazma üsuluna keçmək üçün ABŞ-dan avadanlıq almaq lazım idi. Azərbaycanlı mütəxəssislər Pensilvaniya, Oklahoma, Kaliforniya, Texas neft mədənlərində oldular, quyuların istismarı, burma qazımanın üstünlükləri ilə tanış oldular. ABŞ şirkətləri bu avadanlıqları almaq üçün kredit ayırmağa, texniki yardım göstərməyə söz vermişdilər.
1920-ci ildə “Azneftekom” təşkilatı yaradılaraq gələcəkdə “Azneft” İstehsalat Birliyi adlandırıldı. O zaman Birliyinin tərkibinə neftçıxarma idarələri, neft emalı müəssisələri və neft maşınqayırma zavodları daxil edilmişdir.
İlk olaraq “Azneft” İB ilə “Barnsdal neft korporasiyası” əməkdaşlıq etməyə başladı. Bu korporasiya ümumi hasilatdan 15% tutma şərti ilə köhnə, zəifləmiş buruqların istismarını öhdəsinə götürdü. Qısamüddətli müqavilə bitdikdə bütün amerikan avadanlığı təmənnasız olaraq “Azneft” İB-nə keçdi.
İkinci Dünya müharibəsi dövründə neft və neft məhsulları olmadan ordunun, aviasiyanın və hərbi-dəniz donanmasının hərbi əməliyyatları imkansız idi. Müharibə illərində neftə olan ehtiyacın artmasını nəzərə alaraq 1941-ci ildə Bakı neftçiləri neft çıxardılmasında rekord dərəcəyə – 23,482 milyon tona nail oldular. 1942-ci ildə Bakının işğal olunması təhlükəsini nəzərə alaraq, neft sənayesinin evakuasiyasına başlandı. Qazma avadanlıqlarının 81 komplekti işçi heyəti ilə birlikdə Türkmənistana, sonra da ikinci Bakının yaranması nəzərdə tutulan Urala və Povoljyeyə göndərildi.
Neft məhsullarını cəbhəyə dəmir yolu ilə çatdırılması məhdud olduğu üçün, neft sənayesi rəhbərliyi tərəfindən neft məhsullarını sisternlərdə Krasnovodsk şəhərinə tankerlərdə, sonra isə dəmir yolu ilə cəbhəyə göndərmək qərara alındı.
Neft Daşları yataqının işlənməsinin unikallığı ondan ibarət idi ki, qabaqlar belə bir şəraitdə neft və qaz hasil edilməmişdir və burada tətbiq edilən yeni texnologiyalar dünyanın heç bir yerində istismar edilməmişdir.
Polad dirəklərdə 200 km-lik estakadalar, estakad meydançalar, quyuların qazılması və istismarı, həmçinin bütün sənaye infrastrukturu üçün stasionar özüllər tikilmişdir. Orada növbə üsulu ilə yaşayan neftçilər üçün böyük yaşayış massivi – şəhərcik tikilmişdir.
1949-cu ildə “Neft Daşları” yatağının istismara verilməsi ilə Azərbaycanda dəniz neft sənayesinin inkişafı başlanır və bu 1969-cu ilə kimi davam edir. Bu mərhələdə dəniz geoloji-kəşfiyyat işləri genişlənir, bir sıra neft və qaz yataqları aşkar edilib istismara verilir (Qum-dəniz, Səngəçal-Duvannı-dəniz-Xərə-Zirə adası, Bahar, Bulla-dəniz, Darvin küpəsi, Palçıq pilpiləsi və s.), dəniz qazma işlərinin (o cümlədən axtarış – kəşfiyyat qazmasının), hidrotexniki neft qurğularının tikilməsinin texnika və texnologiyası, dənizdə neftçıxarmanın infrastrukturu inkişaf etdirilir. Bu mərhələdə quru sahələrində də bir sıra yeni neft və qaz-kondensat yataqları aşkar edilib istismara verilmişdir (Kürovdaq, Mişovdaq, Kürsəngi, Qarabağlı, Qalmaz, Qaradağ və s.). Bu dövrdə əsasən “Neft Daşları”nın və digər yataqların intensiv surətdə işlənilməsi və istismarı həyata keçirilmişdir. Dünya təcrübəsində ilk dəfə açıq dənizdə estakada dirəkləri üzərində dəniz mədəni tikildi.
1969-cu ildən başlayaraq Azərbaycanın xalq təsərrüfatının bütün sahələri kimi neft və qaz sənayesinin də yüksək dinamik inkişaf mərhələsinə qədəm qoyması ilə səciyyələnir və bu da ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünə təsadüf edir. Bu dövrdə Azərbaycanın neft və qaz sənayesinin xüsusilə dəniz neftinin hasilatının inkişaf tarixində yeni mərhələ başlayır. 1970-ci ildə “Xəzərdənizneft” İstehsalat Birliyi (İB) yarandı və SSRİ Neft Sənayesi Nazirliyi Xəzərdə Azərbaycan neftçilərinin dəniz şəraitində iş aparmaq təcrübəsini nəzərə alaraq Xəzərin bütün sektorlarında (həmin ildən Xəzər sektorlara bölündü) geoloji-kəşfiyyat, qazma, işlənmə, istismar və digər işlərin aparılmasını Azərbaycan neftçilərinə həvalə etdi.
Bu tarixə kimi Xəzər dənizində istifadə olunan texniki vəsait yalnız dənizin dərinlikləri 40 m-ə qədər olan sahələrdə işləməyə imkan verirdi. Həmin dövrdə Xəzərin Azərbaycan sektorunda 40 m-ədək dərinlikdəki perspektivli sahələrdə demək olar ki, bütün neft-qaz yataqlarının hamısı aşkar olunmuşdu.
Dənizdə neft və qazın hasilatının artırılması daha böyük dərinliklərdə yatan neft və qaz yataqları ilə bağlı idi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və səyi nəticəsində 70-80-ci illərdə Azərbaycana 75 növdə 400-dən çox ağır yük qaldıran kran gəmisi, boruçəkən gəmilər, seysmik, sərnişin və s. gəmi növləri gətirildi. Xəzərdə 2500 t gücündə “Azərbaycan” kran gəmisi işə başladı. Bundan başqa ilk vaxtlarda dənizin 70 m dərinliyində olan sahələrdə geoloji-kəşfiyyat işləri aparmaq üçün “Xəzər” tipli özüqalxan, sonralar isə dənizin 200 m dərinliyindəki sahələrdə işləməyə imkan verən “Şelf” tipli yarımdalma üzən qazma qurğularının alınması nəticəsində dənizin daha dərin sahələrində zəngin neft və qaz yataqlarının kəşf olunmasına imkan yarandı. Nəticədə 60-cı illərin sonu ilə müqayisədə yeni 8 neft və qaz yataqları kəşf edildi, neft ehtiyatları iki, qaz ehtiyatları isə üç dəfə artırıldı. 1975-ci ildə neft və qazın ümumi hasilatı 27,1 milyon tona (şərti yanacaq) çatdırıldı.
SSRİ-nin dağılması, müstəqillik dövrünün və Azərbaycanın yeni tarixini əhatə etməklə “Yeni neft strategiyası”nın yaranması ilə səciyyələnir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra 90-cı illərin əvvəllərində bir çox çətinliklərlə üzləşmişdir. SSRİ-nin keçmiş respublikaları ilə Azərbaycan Respublikası arasında iqtisadi əlaqələrin qırılması, respublika ərazisində qeyri-sabitliyin mövcud olması, maliyyə və texniki təchizatın sıfra enməsi neft və qaz sənayesinin ağır böhran vəziyyətinə salmışdır. Bütün bu çətinliklər maliyyə, texniki və digər problemlər aşkar edilmiş “Azəri”, “Çıraq”, “Günəşli” kimi yataqların işlənməsinə imkan vermirdi. Belə vəziyyətdə xalqın tələbi ilə ikinci dəfə Azərbaycana rəhbərliyə qayıdan cənab Heydər Əliyev “Neft Azərbaycanın milli sərvətidir” devizi ilə çıxış edərək, respublikanın neft sənayesinin bərpası və inkişafı ilə yaxından məşğul olmuşdur. Neft sənayesində yaranmış çətin vəziyyətdən çıxmaq və ölkəmizin karbohidrogen ehtiyatlarının mənimsənilməsi üçün iki variantdan birini seçmək lazım idi. Azərbaycan xalqının ümummilli lideri xarici iri neft şirkətlərini Azərbaycana dəvət etmək qərarına gəldi və “Yeni neft strategiyası” tez bir vaxtda işlənib hazırlandı. O dövrdə Azərbaycan Prezidentinin sərəncamı ilə Azəri-Çıraq-Günəşli (dərin sulu hissəsi) yataqlarının işlənməsi üzrə xarici şirkətlərlə danışıqlara başlandı. Azərbaycanı labüd fəlakətdən xilas edən dahi rəhbər Heydər Əliyev onun iqtisadi yüksəlişi üçün də tədbirlər görməyə başladı. 1994-cü ilin sentyabrın 20-də Azəri-Çıraq-Günəşli (dərin sulu hissəsi) yataqlarının işlənməsi üzrə dünyanın 7 ölkəsinin 11 məşhur neft şirkəti ilə “Məhsulun Pay Bölgüsü” sazişi – “Əsrin müqaviləsi” imzalandı.
“Əsrin müqaviləsi”nin imzalanmasından keçən on doqquz ildən artıq müddət ərzində ümumilli lider Heydər Əliyevin “Yeni neft strategiyası”nın çox böyük uğurla reallaşması günümüzün reallığına çevrildi.
“Azneft” İstehsalat Birliyin əsas məqsədi:
Dövlət Neft Şirkətinə məxsus olan karbohidrogen yataqlarının kəşfiyyatı, hazırlanması, tikintisi, işlənməsi, neftin, qazın, qaz kondenstaının hasil edilməsini və müvafiq qaydada təhvil verilməsi;
Sahədə mövcud olan texnoloji sistemlərin və istehsalatların etibarlı istismarının və inkişafının təmin edilməsi.
Əsas məqsəd ilə yanaşı “Azneft” İstehsalat Birliyi öz Nizamnaməsi çərçivəsində aşağıdakı strateji məqsədləri daimi hədəfləməkdədir:
İstehsalat proseslərinin idarə edilməsinin səmərəliliyinin artırılması və yeni texnologiyaların tədbiq edilməsi yolları ilə neft və qaz hasilatını sabitləşdirmək və hasilatda artım tempinə nail olmaq məqsədi ilə yeni perspektivli yataqları kəşf etmək;
Texnoloji proseslərin effektivliyini yüksəldərək, qabaqlayıcı texniki xidmət mexanizmini tədbiq edərək və potensial riskləri idarə edərək istehsalat xərclərinin azalma tendensiyasına nail olmaq;
Müvafiq təlim-tədris proqramlarının təşkil edilməsi və beynəlxalq keyfiyyət standartların tədbiq edilməsi vasitəsi ilə əməkdaşların bilik və bacarıqlarının davamlı təkmilləşdirilməsini təmin etmək;
Qanunvericilik və müvafiq normativ sənədlərin tələblərinə əməl edərək, texniki təhlükəsizlik və ekoloji risklərin idarə edilməsi mexanizmini tədbiq edərək, əməliyyatları insanlara xəsarət yetirmədən, ətraf mühitə və əmlaka ziyan vurmadan həyata keçirilməsini təmin etmək.
Azneft İstehsalat Birliyinin Sağlamlıq, Əməyin mühafizəsi və Təhlükəsizlik Texnikası, Keyfiyyət və Ekoloji Siyasətləri vardır.
1. Azneft İstehsalat Birliyinin Sağlamlıq, Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası üzrə Siyasəti insanlara xəsarət yetirmədən, əməliyyatları qəzalara yol vermədən həyata keçirilməsini təmin etməklə beynəlxalq standartlara cavab verəcək sistemin qurulmasıdır.
Azneft İstehsalat Birliyinin Sağlamlıq, Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Siyasətinin məqsədi, Şirkətin hədəflərinə nail olmağına dəstək verəcək, müsbət münasibəti yaratmaq və Sağlamlıq, Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası mədəniyyətini təşkil və təbliğ etməkdir. Buna nail omaq üçün aşağıdakı prinsiplərə riayət edilir:
• Sağlamlıq, Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası ilə əlaqədar Qanunvericilik və Normativ Sənədlərin tələblərinə əməl edilməsi;
• Sağlamlıq, Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası qaydalarının açıqlanması, izah olunması və mənimsənməsi məqsədilə təlimlərin təşkil edilməsi və maarifləndirici işlərin aparılması;
• İnsanlara xəsarət yetirəcək, qəza törədəcək, ətraf mühitə ziyan verə biləcək bütün təhlükələrin müəyyən edilməsi və qabaqcadan tədbirlərin hazırlanması;
• Sağlamlıq, Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası qaydalarına biganəliyin və laqeydliyin qəti şəkildə qəbuledilməz olması;
• Sağlamlıq, Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası üzrə iş icrasını qabaqcıl təcrübə mübadiləsi yolu ilə davamlı surətdə yaxşılaşdırılması.
Sağlamlıq, Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Sisteminin təşkil və icrasına nəzarət edilməsi İB-in müvafiq şöbələri tərəfindən həyata keçirilir və eyni zamanda, İB-in bütün struktur və sahə rəhbərləri bu qaydaların təbliği və onlara riayyət edilməsini təmin edirlər.
İB-in heç bir əməkdaşı bu qaydalara zidd olan əməliyyatları və işləri həyata keçirməməlidir.
2. Azneft İstehsalat Birliyinin Keyfiyyət Siyasəti, Birliyin fəaliyyətinin hər bir mərhələsində yüksək keyfiyyət standartlarını əldə etmək və bu standartları davamlı təkmilləşdirərək tədbiq edilməsinə nail olmaqdır. Bunun üçün, İSO 9001:2008 Beynəlxalq Standatların tələblərinə cavab verən Keyfiyyətin İdarəedilməsi Sisteminin qurulması və işə salınması Azneft İB üçün xüsusi əhəmiyyət kəsb edir. Keyfiyyətin İdarəedilməsi Sistemini təşkil etməklə İB aşağıdakıları təmin edəcəkdir:
• Keyfiyyət üzrə hədəflərin müəyyən edilməsini;
• Keyfiyyətə Sadiqlik mədəniyyətinin yaranmasını və icra edilməsini;
• Personalın davamlı təlimini və ixtisaslarının artırılmasını;
• Müvafiq iş prosedurlarının yazılı şəkildə hazırlamaq, icra olunmasını və təkmilləşməsini;
• Bütün əməliyyatların və proseslərin effektiv, təkrarlanmaya yol vermədən və təhlükəsiz şəraitdə icra olunmasını;
• Hər bir əməkdaşda daimi inkişaf və öyrənmə istəyinin artırılmasını.
Keyfiyyət Siyasətinin müvəffəqiyyətlə reallaşdırılması üçün, bu Siyasətin məzmunu və Keyfiyyətin İdarəedilməsi Sisteminin tələbləri Azneft İstehsalat Birliyinin bütün personalına bildiriləcək və onların icra olunması hər bir əməkdaşın məsulliyyəti olacaqdır. Keyfiyyət Siyasətinin icra olunmasında hər bir əməkdaşın təklifi və konstruktiv tənqidi nəzərə alınacaq və dəyərləndiriləcəkdir.
Keyfiyyətin İdarəedilməsi Sisteminin təşkil olunması Azneft İB-in fundamental prinsipi olduğundan bu işdən yayınmalara heç bir güzəşt edilməyəcəkdir.
3. Azneft İstehsalat Birliyinin Ekoloji Siyasəti, Ətraf mühitin qorunması, ekoloji təhlükəsizlik və təbii ehtiyatlardan səmərəli istifadə sahəsində onun praktiki fəaliyyətinin ümumi istiqamətlərini müəyyən etməkdir.
• Keçmişdən miras qalmış ekoloji problemlərin mərhələlərlə həlli yollarını müəyyən etmək və onların nəticələrini aradan qaldırmq;
• Ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin təmin olunmasını əsas fəaliyyətin bütün istiqamətlərinə yönəltmək;
• Ekoloji qaydaların və standartların tətbiqinə nail olmaq;
• ARDNŞ–in obyektlərində, müştərək müəssisələrdə və çoxtərəfli müqavilələrdə yeni layihələri həyata keçirərkən ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin təmin olunması məsələlərinin Ekoloji Siyasətə, ən yaxşı təcrübəyə əsaslanmasını təmin etmək;
• Əsas strateji vəzifə kimi yüksək ekoloji və sosial nəticələrə gətirən layihələrin dəstəklənməsini yerinə yetirmək.
Azneft İstehsalat Birliyinin Ekoloji Siyasəti, ətraf mühitin qorunması və təbii ehtiyyatlardan səmərəli istifadə sahəsində onun niyyətini, ekoloji təhlükəsizliyini təmin edən prioritet vəzifələrin həlli strategiyasını özündə əks etdirir. O ekologiya sahəsində atılacaq bütün növbəti addımların istiqamətlərini, mərhələlərini, prioritet texniki və texnoloji, təşkilati vəzifələrini müəyyən edir.

 

Müəllif: D.Ə.İskəndərov

 NEFT VƏ QAZ  ÇIXARMA SƏNAYESİNDƏ ÇALIŞAN İŞÇİLƏR ÜÇÜN MƏLUMAT KİTABI

Dostlarla Paylaş ↓