Aprel Döyüşləri

 

2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan
Silahlı Qüvvələrinin Qondarma Dağlıq-Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş vermiş hərbi münaqişə. Döyüşlər Azərbaycan SilahlıQüvvələrinin qələbəsi ilə nəticələnmişdir.
İşğaldan azad olunmuşdur :
1. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər
2. Seysulan kəndi
3. Cəbrayıl rayonunun Lələ təpəyüksəkliyi və Cocuq Mərcanlı
4. Goranboy rayonunun Gülüstankəndi
5. Tərtər rayonunun Qazaxlar kəndi
6. Tərtər rayonunun Madaqiz kəndi istiqamətində

• 320 hərbçi ölüb, 500 hərbçi yaralanıb

“Böyük qayıdış”: Cocuq Mərcanlı

Cocuq Mərcanlı kəndi 1993-cü ilin oktyabr ayında işğal edilmişdi. 1994-cü il yanvarın 5-də isə Horadiz əməliyyatı zamanı kənd işğaldan azad edilib. Amma bununla belə, kəndin ətrafındakı əsas yüksəkliklər Ermənistan silahlı qüvvələrinin nəzarətində qaldığı üçün təhlükəsizlik nöqteyi-nəzərdən əhalini geri qaytarmaq mümkün olmayıb. Ötən ilin aprel döyüşlərində isə Lələtəpə yüksəkliyi başda olmaqla erməni ordusu həmin ərazilərdən tam qovulub və Cocuq Mərcanlı kəndi bütünlüklə Silahlı Qüvvələrimizin nəzarətindədir.Qeyd edək ki, Cocuq Mərcanlı kəndinin bərpası işlərinin ilkin mərhələsində 50 fərdi yaşayış evi, məktəb binası və müvafiq infrastrukturun tikintisi nəzərdə tutulub. Hələ ki, Cocuq Mərcanlı Cəbrayılın işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsidir. Mərcanlı tayfa adını özündə əks etdirir. Burada cocuq sözü yaşayış məntəqəsini Böyük Mərcanlı kəndindən fərqləndirməyə xidmət edir.
Oykonim “kicik Mərcanlı kəndi” mənasındadır.

• Müşfiq Orucov
• Samir Kaçayev
• Natiq Tahirli
• Yüzbəyov Əmrah
• Osmanov Namiq

Hazırladı: _Quliyeva Rəna_ 

 

 

İkinci Qarabağ müharibəsi

Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin döyüş.

Müharibəni şərtləndirən əsas son hadisələr:
1) Ermənistanın Baş naziri Nikol Paşinyanın 2019-cu ilin avqustunda Ümumerməni Oyunlarının keçirildiyi Xankəndində çıxışı zamanı “Qarabağ Ermənistandır” bəyanatı;
2) Nikol Paşinyanın qəbuledilməz “7 şərti”;
3) Ermənistanın sabiq müdafiə naziri David Tonoyanın “yeni ərazilər uğrunda yeni müharibə” bəyanatı;
4) 2019-cu ilin mayında tanınmamış “Dağlıq Qarabağ Respublikası prezidentinin andiçmə mərasimi”nin keçirilməsi;
5) Qondarma rejimin parlamentinin Xankəndinən Şuşaya keçirilməsi istəyi;
6) Ermənistanın Cenevrə Konvensiyası daxil olmaqla, beynəlxalq hüququn ciddi şəkildə pozaraq
Azərbaycanın işğal olunmuş ərazilərinə erməni əsilli livanlıları yerləşdirməsi;
7) 2020-ci ilin iyul ayının 12-də Tovuz rayonu istiqamətində təxribatlara əl atması;
8) 2020-ci ilin avqustunda Ermənistanın diversiya dəstəsinin təmas xəttini keçmək cəhdi;
9) Ermənistanın baş nazirinin Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılmasını elan etməsi.

Nikol Paşinyanın irəli sürdüyü 7 şərt:
1) Ermənistan və Qarabağdakı qondarma rejim “ümumi təhlükəsizlik sistemini” gücləndirməlidir; (Aprel döyüşlərində çox güvəndikləri və illərlə qurduqları “Ohanyan istehkamı”nın 40 dəqiqəyə darmadağın edilməsi hamının yadındadır)

2) Qarabağdakı qondarma rejim danışıqların tamhüquqlu üzvü olmalıdır;
(Qondarma rejimin danışıqlar prosesinin tamhüquqlu üzvü olması müzakirə mövzusu belə ola bilməz. Azərbaycan heç bir zaman işğal edilmiş torpaqlarda yaradılan bir ünsür ilə bərabər səviyyədə danışıqlar masasına otura bilməz)

3) Azərbaycan ictimai şəkildə güc tətbiqindən imtina etməli və antierməni ritorikasının dayandırmasıyla bağlı addımlar atmalıdır;
(Ermənistan tərəfinin belə bir şərt irəli sürməsi qəribədir. Çünki Paşinyan administrasiyası hakimiyyətə gətirildikdən sonra bu fonda ritorikanı məhz onlar edir. Bu şərti ermənilər ilk növbədə özləri yerinə yetirməlidir)

4) Danışıqlar mənalı olmalıdır. Azərbaycanın hərbi məqsədini danışıqlar masası ətrafında həll etmək istəyir ki, bu da bütün danışıqlar prosesini mənasız edir. Əgər Azərbaycan özünün maksimalist tələblərindən imtina edib, məhdudiyyətsiz kompromisə getməyə hazır olsa, danışıqların mənası olacaq;
(Azərbaycanın tələbləri açıq-aydındır. Burada maksimalist heç bir davranış yoxdur. Azərbaycanın işğal altında olan torpaqlarının geri qaytarılması, ərazi bütövlüyünün təmin edilməsi, daha sonra isə danışıqların bu formatda davam etdirilməsi kimi tələbləri tam demokratik və humansit tələblərdir)

5) Qarabağ xalqı”nın öz müqəddəratını təyinetmə haqqını tanıma, Ermənistan və Qarabağdakı qondarma rejimin təhlükəsizliyi heç bir şəraitdə güzəşt predmeti ola bilməz;
(Azərbaycan heç bir halda işğal edilmiş torpaqlarında erməni xalqının ikinci dəfə öz müqəddaratını həll etməsinə yol verə bilməz)

6) Karantinə qədər atəşkəs rejiminin saxlanılması üçün keçirilən monitorinq faktiki olaraq məhdudlaşdırılıb. Təcili olaraq daimi nəzarət mexanizmlərini özündə ehtiva edən beynəlxalq monitorinq sistemi ərsəyə gətirilməlidir;
(Bu cür monitorinq fəaliyyətlərini ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisi həyata keçirməlidir)

7) Sülhün əldə olunması üçün Ermənistan Minsk Qrupunun həmsədrləri ilə fəaliyyətini davam etdirəcək.

Ermənistan bu yolla sadəcə danışıqları uzatmaq, status-kvonu(mövcud vəziyyəti) saxlamaq niyyətində idi.
Bu “şərtlər”lə danışıqlar prosesində maraqlı olmadığını açıqlamış oldu.

Müharibənin başlaması:
Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələri genşmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutmuş, Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərini intensiv atəşə tutmuşdu və nəticədə ordumuz əks-hücum əməliyyatı həyata keçirmişdir.
Aparılan hərbi əməliyyatlar zamanı ilk gün Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, , Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilmiş, o cümlədən qarşı tərəfin Ağdərə rayonu istiqamətində və Murov dağı silsiləsindəki hündürlüklərdə yerləşən postları darmadağın edilərək bir sıra hakim yüksəkliklər nəzarətə götürülmüşdür. Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində Murovdağ silsiləsindəki Murov zirvəsi işğaldan azad edilmişdir.

Təhlükəsizlik şurasının iclası:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında 27 sentyabr Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasda Prezident mövcud vəziyyətlə əlaqədar xalqa müraciət edib və işgaldan azad olunmuş torpaqlarla bağlı Azərbaycan xalqını təbrik edib. O cümlədən dövlət başçısı tərəfindən aidiyyəti strukturlara real vəziyyətlə əlaqəli olaraq lazımi tapşırıqlar verilib.

Hərbi vəziyyət:
Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar, 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilməsi haqqında dövlət başçısı fərman imzalayıb( Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndini(fövqəladə və hərbi vəziyyət elan edilməsi) və 111-ci maddəsini(hərbi vəziyyət elan edilməsi) rəhbər tutaraq). Fərmana əsasən Bakı, Sumqayıt, Abşeron, Gəncə, Mingəçecir də daxil olmaqla 22 şəhər və rayonda komendant saatı tətbiq edilib.

Qismən səfərbərlik:
Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti 28 sentyabr tarixində Sərəncam imzalayıb(Azərbaycan Respublikası Konstitusiyasının 109cu maddəsinin 25-ci bəndini(ümumi və qismən səfərbərlik elan edir, habelə səfərbərlik üzrə çağırılanları tərxis edir) rəhbər tutaraq).
Qismən səfərbərlik zamanı təsdiq edilmiş planlara uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan birinci dərəcəli hərbi vəzifəlilər, əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar 35 yaş, zabitlər isə hərbi rütbəsindən asılı olaraq 50 və daha yuxarı yaş həddində Azərbaycan Ordusunun komplektləşdirilməsinə cəlb olundular.
Ermənistanda isə ümumi səfərbərlik elan edilmişdir.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağdakı vəziyyətlə bağlı fövqəladə iclası:
29 sentyabr bağlı qapılar arxasında keçən iclasda Şuranın 15 daimi və qeyri-daimi üzvü iştirak edib.
Təhlükəsizlik Şurasının üzvləri Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xətti boyunca irimiqyaslı hərbi əməliyyatlarla bağlı xəbərlərdən narahatlıqlarını dilə gətiriblər. Üzvlər mülki şəxslər də daxil olmaqla, insan tələfatından təəssüfləndiklərini, BMT Baş Katibinin tərəflərin gecikmədən substantiv danışıqlara qayıtmaq çağırışını dəstəklədiklərini bəyan ediblər. Təhlükəsizlik Şurasının üzvləri həmçinin, ATƏT-in Minsk Qrupu həmsədrlərinin mərkəzi rolunu tam dəstəklədiklərini bildiriblər və tərəfləri ilkin şərtlər olmadan dialoqun təcili bərpası üçün Minsk Qrupu həmsədrləri ilə işləməyə çağırıblar.

BMT Təhlükəsizlik Şurasının 19 oktyabr tarixindəki iclası:
19 oktyabrda BMT TŞ-da Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar keçirilmiş müzakirələrdən sonra TŞ-nın sədri adından bəyanat layihəsi hazırlanmışdır. Bəyanat layihəsində BMT TŞ-nın məlum qətnamələrinə istinad öz əksini tapmamışdır. Sözügedən layihə əsasən Rusiya
Federasiyası və Fransa tərəfindən hazırlanmışdır. BMT TŞ-nın qeyri-daimi üzvləri olan və
Qoşulmama Hərəkatının üzvü olan İndoneziya, Niger, Tunis, Vyetnam, Cənubi Afrika, Sent Vinsent və Qrenadin və Dominikan Respublikası iki dəfə sükut prosedurunu pozaraq, BMT TŞ qətnamələrinə istinadın bəyanata daxil edilməsinə israr etmişlər. Bununla həmin dövlətlər BMT
Nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT TŞ-nın qətnamələrinə, Bandunq prinsiplərinə, QH-nın sənədlərinə sadiqliyini növbəti dəfə nümayiş etdirmişlər. Qoşulmama Hərəkatı üzv dövlətlərinin israrlı və prinsipial mövqeyindən sonra haqqında bəhs olunan bəyanat layihəsi rəsmən geri götürülmüşdür.
Azərbaycan Respublikasının Prezidenti də xalqa müraciəti zamanı bildirmişdir ki, “Qoşulmama Hərəkatına üzv ölkələr kişi kimi buna imkan vermədilər, bizə dəstək göstərdilər, sağ olsunlar. Baxmayaraq ki, onlara təzyiq göstərildi, bəlkə də hədələr oldu. Amma durdular kişi kimi bizim arxamızda, necə ki, biz onların arxasında dururuq.”

ATƏT-in Minsk Qrupunun bəyanatı:
ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin başçıları oktyabrın 1-də birgə bəyanatla çıxış ediblər. Bəyanatda deyilir: “Rusiya Federasiyasının prezidenti Vladimir Putin, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp və Fransa Respublikasının prezidenti Emmanuel Makron Dağlıq Qarabağ münaqişə zonasının təmas xəttində baş verən zorakılığın artmasını qəti şəkildə pisləyirlər.
Həlak olanların və yaralananların ailələrinə başsağlığı veririk.
Biz iştirakçı tərəflərin silahlı qüvvələri arasında hərbi əməliyyatların dərhal dayandırılmasına çağırırıq.
Biz həmçinin Ermənistan və Azərbaycan rəhbərlərini ATƏT-in Minsk Qrupu həmsədrlərinin yardımı ilə vicdanla və ilkin şərtlər irəli sürmədən nizamlanmanın mahiyyəti üzrə danışıqları bərpa etməklə bağlı öhdəlik götürməyə çağırırıq”
Həmçinin, 5 oktyabr tarixində də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin Xarici İşlər Nazirləri səviyyəsində bəyanat hazırlanmışdır.

Makronun sərsəm bəyanatı:
Fransa Prezidenti Emmanuel Makron sentyabrın 30-da Riqada işğalçı Ermənistanı dəstəkləyici bəyanatla çıxış etmişdir; “Ermənistana və ermənilərə deyirəm, Fransa da öz rolunu oynayacaq. Qarabağın fəth edilməsinə yol verməyəcəyik”
Onun Latviyanın paytaxtı Riqada həmin tarixdə səsləndirdiyi həqiqətdən uzaq və Minsk Qrupu həmsədri kimi Fransanın vasitəçilik missiyasına uyğun gəlməyən bəyanatı haqqında aşağıdakı fikirlər formalaşır;
Fransa tərəfsizliyini qoruya bilmir- Fransanın Prezidenti Emmanuel Makronun sentyabrın 30-da Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş verən son hadisələrə dair verdiyi bəyanat münaqişənin həll edilməsi üçün yaradılan Minsk Qrupu həmsədri kimi ölkənin vasitəçilik missiyası ilə uyğun gəlmir, birtərəfli və qərəzlidir;
Fransa işğalçı Ermənistanı dəstəkləyir, obyektiv deyil- Makronun bəyanatı bölgə və beynəlxalq təhlükəsizliyin təmin edilməsinə xidmət etmir;
Fransa işğalçının yanındadır- İşğalçı Ermənistan ilə işğala məruz qalan Azərbaycana beynəlxalq hüquq norma və prinsiplərinə görə fərqli münasibət göstərilməlı, Ermənistana beynəlxalq təzyiq edilməlidir;
Fransa vasitəçilik missiyasını yerinə yetirmir- Fransanın bu qərəzli və siyasi etik qaydalara sığmayan bəyanatı onu göstərir ki, bu ölkə Minsk Qrupu həmsədri funksiyasını yerinə yetirməkdə psixoloji çətinlik çəkir. Fransa bu missiyasını tərəfsiz olaraq yerinə yetirib-yetirməyəcəyi haqqında xüsusi açıqlama verməlidir;
Vasitəçi tərəfsiz və ədalətli olmalıdır- Makronun timsalında Fransa obyektiv və ədalətli vasitəçi reputasiyasını itirdi;
Bu bəyanatla Makron Fransanın 30 illik danışıqlar prosesi boyunca tərəflərə fərqli münasibət göstərdiyini ortaya qoydu

Humanitar atəşkəs:
9 oktyabr 2020-ci ildə Moskvada Rusiya, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında
Dağlıq Qarabağ məsələsi ilə bağlı üçtərəfli danışıqlar başladı. Müzakirələrdə Sergey
Lavrov, Ceyhun Bayramov və Zohrab Mnatsakanyan iştirak etdi. Görüş Rusiya Xarici İşlər Nazirliyinin “Qəbullar Evində” keçirildi. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov danışıqların nəticələrinə əsasən, birgə bəyanatı elan olundu.
Bəyanatda deyilirdi: “Rusiya Prezidenti Vladimir Putinin müraciətinə cavab olaraq və Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın razılaşmasına əsasən, tərəflər aşağıdakı addımların atılması barədə razılığa gəldilər:
1. 2020-ci ilin 10 oktyabr tarixi, saat 12.00 dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur;
2. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq;
3. Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar;
4. Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər”.
Bundan əlavə, 18 oktyabrda Parisdə təsdiqlənən ikinci və 26 oktyabrda ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan-Azərbaycan Xarici İşlər Nazirlərinin ABŞ-da keçirilən görüşünün nəticəsinə əsasən üçüncü humanitar atəşkəs elan edilmiş və hər biri Ermənistan tərəfindən kobud surətdə pozulmuşdur.

Cenevrə görüşü:
30 oktyabr Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan-Azərbaycan Xarici İşlər nazirlərinin iştirakı ilə görüş keçirilib. Görüş zamanı tərəflər arasında mülki şəxsləri və obyektləri hədəfə almamaq barədə razılıq əldə edildi. Bəyanatın digər bəndləri əsasən, tərəflərin humanitar qaydalara riayət etməsi yönündə oldu.

Gəncə bombalanmaları və ya Gəncəyə raket hücumları:
2020-ci ilin oktyabr ayında Azərbaycanın Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən
4 dəfə ayrı-ayrı zamanlarda bombalanmışdır. Bombalanmalar 2020-ci il Qarabağ döyüşləri dövründə baş vermişdir.
İlk hücum 4 oktyabrda baş vermiş və 1 mülki şəxsin həlak olması, 30-dan çox mülki şəxsin yaralanması ilə nəticələnmişdir. Bu raket hücumu müharibənin getdiyi Dağlıq Qarabağ bölgəsindən kənara edilən ilk ciddi hücum idi. İkinci raket hücumu isə 8 oktyabrda baş vermişdir. Hücum nəticəsində həlak olan və yaralanan olmamışdır. Üçüncü raket hücumu isə 11 oktyabrda baş vermiş və nəticədə 10 mülki şəxs həyatını itirmiş və 40-dan çox insan yaralanmışdır. Bu hücum imzalanan atəşkəsdən bir gün sonra baş vermiş və atəşkəsin pozulması ilə nəticələnmişdir. Mülki şəxsləri hədəf alan dördüncü raket hücumu isə 17 oktyabrda baş vermişdir. Hücum nəticəsində hamısı mülki şəxslər olmaqla. 16 nəfər həyatını itirmiş, 55 nəfər isə yaralanmışdır. Hücumlar zamanı şəhərin infrastrukturuna, yaşayış binaları da daxil olmaqla, digər binalara, avtomobillərə ziyan dəymişdir.
Ermənistanın mülki şəxslərə raket hücumlarından həyatını itirənlər və yaralananlar arasında azyaşlılar da vardır. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu hücumu “Azərbaycan xalqına qarşı Xocalı soyqırımından bəri şahidi olduğumuz bir soyqırım aktı” adlandırıb.
Ortada olan sübutlara baxmayaraq, Ermənistan tərəfi hücumların onun tərəfindən edilməsini inkar etmişdir. Qondarma Dağlıq Qarabağ rəhbərliyi isə yalnız birinci hücumun məsuliyyətini öz üzərinə götürmüşdür.
Raket hücumları bir sıra dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən qınanmışdır.

Bərdə hücumları:
Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən 2020-ci il oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndinə, oktyabrın 28-də isə Bərdə şəhərinə raket hücumları etmişdir. Hücumlar nəticəsində 26 nəfər öldü, 70 nəfərdən artıq insan yaralandı.
Düşmən təcavüzü nəticəsində Azərbaycanın verdiyi mülki itkilər:
Düşmənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri ağır artilleriyadan atəşə tutması nəticəsində 94 nəfər həlak olub, 414 nəfər yaralanıb.
İşğalçı ölkənin silahlı qüvvələrinin mülki infrastruktur obyektləri atəşə tutması nəticəsində 3410 yaşayış evi yararsız vəziyyətə düşüb. Həmçinin, 512 mülki obyekt, 120 çoxmənzilli yaşayış binası yararsız vəziyyətə düşüb

Müharibənin nəticəsi və Qələbəmiz:
Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi, uzun illər ərzində işğal altında qalan Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun böyük hissəsini, Laçın rayonunun bir sıra kəndlərini, Qarabağın incisi olan Şuşa şəhərini işğaldan azad etdi. Ümumilikdə, hərbi kampaniya dövründə 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad olundu.
Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi.
Şuşa azad edildikdən bir gün sonra, noyabrın 9-da Prezident İlham Əliyev daha 71 kəndin, bir qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad olunası barədə ölkə ictimaiyyətini
məlumatlandırdı. Beləliklə, hərbi əməliyyatlar zamanı darmadağın edilən düşmən Prezident İlham Əliyevin irəli sürdüyü şərtləri qəbul edərək, məğlubiyyətini etiraf etdi. Bu, Azərbaycan xalqının şanlı qələbəsidir.
İmzalanan bəyanat, Ermənistanın kapitulyasiyası:
Şuşanın alınması Ermənistanı tam tərk-silah etdi, onun bütün manevr imkanları çökdü, ölkə və dünya ictimaiyyətini aldatmaq taktikası mənasını itirdi. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa çıxış yolu qalmadı. Dünya hərb tarixi də göstərir ki, belə itkilərə məruz qalmış tərəf məğlub hesab edilir, təslim olur və hərbi əməliyyatlar dayandırılır.
Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyanat imzaladılar. Bu bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında darmadağın edilən Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı. Beləliklə Paşinyan kapitulyasiya şərtlərinə razılığını verdi. Dövlətimizin başçısı dəfələrlə, o cümlədən BBC-yə son müsahibəsində də bəyan etmişdi ki, Ermənistan qoşunlarının çıxarılması barədə öz üzərinə öhdəlik götürdüyü halda hərbi əməliyyatlar dayandırılacaq.
Noyabrın 10-da imzalanan birgə bəyanatda Ermənistan öz üzərinə öhdəlik götürür ki, qarşıdakı 20 gün ərzində Ağdam(20 noyabr), Kəlbəcər(15 noyabr- daha sonra bu tarix 25 noyabra keçirildi) və Laçın(1 dekabr) rayonlarından qoşunlarını çıxaracaq. Nəticə etibarilə, dekabradək qan tökülmədən, itki verilmədən ərazi baxımdan böyük rayonlarımız azad olunacaq. Həmçinin bölgədə sülhyaratma prosesi Rusiya və Türkiyənin birgə iştirakı ilə təmin ediləcək.
Ərazi bütövlüyümüz təmin olundu. Heç bir statusdan söhbət gedə bilməz:
Bəyanatda digər önəmli məqam ondan ibarətdir ki, burada Dağlıq Qarabağa hər hansı statusun verilməsindən söhbət getmir və Azərbaycanın ərazi bütövlüyü tam təmin olunur. Bu, Azərbaycanın tam və qeyd-şərtsiz qələbəsinin əyani sübutudur.
Artıq qoşunların təmas xətti anlayışı yoxdur. Atəşkəs hazırda Ermənistan və Azərbaycan silahlı qüvvələrinin yerləşmə məntəqələri ilə müəyyən olunur. Rusiya silahlı qüvvələri sülhməramlı statusda məhdud kontingentlə əraziyə yerləşdirilir. Sülhməramlıların yerləşmə müddəti beş il müəyyənləşdirilir.
Prezident İlham Əliyev həmişə bəyan edirdi ki, münaqişənin həlli prosesində Türkiyə də iştirak etməlidir. Türkiyə həm də atəşkəs rejiminə nəzarət etmək üçün yaradılacaq birgə monitorinq missiyasında da fəal yer alacaq. Türkiyə hərbçilərinin prosesdə iştirakı ona dəlalət edir ki, Azərbaycanın maraqlarının əleyhinə hər hansı addımın atılmasının qarşısı alınacaq.
Azərbaycan mülki insanlarla müharibə aparmır və Ermənistandan fərqli olaraq etnik təmizləmə həyata keçirmək niyyətində deyil. Hərbi baxımdan Xankəndi və ətraf məntəqələrin götürülməsi Azərbaycan Ordusu üçün heç də çətin deyildi. Erməni propaqandası da bu məqamı gözləyirdi ki, Azərbaycanı etnik təmizləmə törətməkdə günahlandırsın.
Azərbaycan həmişə Dağlıq Qarabağda sülh şəraitində birgəyaşayışın mümkünlüyünü bildirmişdi. Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, dünyanın müxtəlif ölkələrində azərbaycanlılar və ermənilər bir yerdə yaşayır və hər hansı xoşagəlməz hallar baş vermir. Buna görə də Azərbaycan Dağlıq Qarabağda hər iki icmanın birgə yaşayışını həmişə dəstəkləmişdi.

Naxçıvan blokadadan azad olur:
Sənəddə yer alan digər önəmli məqam isə Naxçıvanın blokadadan azad olunması ilə bağlıdır. Belə ki, Rusiya tərəfi Ermənistan ərazisi üzərindən Naxçıvan ilə dəhlizin yaradılmasını öz üzərinə götürür.
Azərbaycan hərb tarixinə yenilik kimi düşən strategiya tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilərlə qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq. Yüksək dağlıq şəraitdə həyata keçirilən Şuşa əməliyyatı Azərbaycanın hərb tarixinin ən parlaq səhifəsidir.
Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərildi. Öz siyasətini xalqın maraqları əsasında quran Prezident İlham Əliyev qəti siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən dönmədi.
İnformasiya müharibəsində də Prezident İlham Əliyev ölkəmizə qarşı olan bütün hücumların qarşısını məharətlə aldı. Dünyanın aparıcı mediasına verdiyi 30-a yaxın müsahibə beynəlxalq informasiya məkanında ölkəmizə qarşı yönəlmiş hücumları dəf etdi.
Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı.
Yekun nəticədə Azərbaycan xalqının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu.
Prezident İlham Əliyev nəyi necə və nə zaman etməyi yaxşı bildiyini bir daha nümayiş etdirdi.
Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bu qələbə xalqımızın əzmini, qəhrəmanlığını bir daha bütün dünyaya nümayiş etdirdi.

Döyüş nəticəsində işğaldan azad edilən torpaqlarımız:
Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində 44 gün ərzində 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.
Şəhərlər:
Cəbrayıl şəhəri- 4 oktyabr 2020-ci il
Füzuli şəhəri- 17 oktyabr 2020-ci il
Zəngilan şəhəri- 20 oktyabr 2020-ci il
Qubadlı şəhəri- 25 oktyabr 2020-ci il
Şuşa şəhəri- 8 noyabr 2020-ci il
Qəsəbələr:
Xocavənd rayonunun Hadrut qəsəbəsi- 9 oktyabr 2020-ci il
Zəngilan rayonunun Mincivan qəsəbəsi- 21 oktyabr 2020-ci il
Zəngilan rayonunun Ağbənd qəsəbəsi- 22 oktyabr 2020-ci il
Zəngilan rayonunun Bartaz qəsəbəsi- 9 noyabr 2020-ci il
Kəndlər:
Cəbrayıl rayonunun Aşağı Maralyan, Yuxarı Maralyan, Şəybəy, Quycaq, Daşkəsən, Süleymanlı, Əfəndilər, Soltanlı, Veysəlli, Qoşabulaq kəndləri, Xudafərin körpüsü və s.
Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, Qaradağlı, Qarakollu, Pirəhmədli, Musabəyli, Zərgər, Birinci Alıbəyli, İkinci Alıbəyli, Qacar kəndləri və s.
Zəngilan rayonunun Havalı, Muğanlı, Baharlı, Qaradərə, Tatar, Dərə Gilətağ, Böyük Gilətağ, Qaragöx, İsgəndərbəyli kəndləri və s.
Qubadlı rayonunun Əfəndilər, Yusifbəyli, Xanlıq, Sarıyataq, Milanlı, Qəzyan, Xəndək, Ballıqaya, Qaraqoyunlu, Xocahan kəndləri və s.
Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Günəşli, Çinarlı, Tuğ, Azıx kəndləri və s.
Xocalı rayonunun Qarabulaq, Dəmirçilər, Şuşakənd, Daşaltı kəndləri və s.
Tərtər rayonunun Suqovuşan, Talış, Çaylı kəndləri.
Laçın rayonunun Gul əburd, S əfiyan, Turkl ər kəndləri.

Müharibə dövründə Azərbaycana açıq dəstək verən ölkələr və təşkilatlar:
Türkiyə– Torpaqlarını azad etməsi üçün Azərbaycana ən böyük dəstəyi qardaş Türkiyə dövləti verib. Türkiyə tərəfi Prezident, XİN başçısı, Milli müdafiə naziri, Milli İstikbarat Təşkilatı – bütün səviyyələrdə qələbə gününədək Azərbaycanla birlikdə oldu və müharibədən sonrakı proseslərdə də Azərbaycanın yanındadır.
Pakistan– Ermənistandan öz qoşunlarını qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarmasını tələb edən və işğalçını adı ilə çağıran ölkələrdən ikincisi Pakistandır. Pakistanın Baş naziri İmran Xan, Azərbaycan üçün “qardaş ölkə” ifadəsini işlədərək yayımladığı mesajında, ölkəsinin Azəbaycanın yanında olduğunu və onun qanuni müdafiə haqqını dətəklədiyini bildirib. Rəsmi İslamabad Azərbaycanın ərazi bütövlüyünün dərhal bərqərar olmasını və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin yerinə yetirilməsini istəyib.
Əfqanıstan– Azərbaycanı, işğal altındakı torpaqları azad etməyə başladığı gündən indiyədək birmənalı olaraq dəstəkləyən və işğalçını adı ilə çağıran ölkələrdən üçüncüsü Əfqanıstandır. Bu ölkənin Xarici İşlər nazirliyi bəyan etmişdi ki, Dağlıq Qarabağ Azəbaycanın ayrılnaz parçasıdır və Ermənistan vaxt itirmədən işğal etdiyi həmin torpaqlardan çıxmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir.
ŞKTC- Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Baş naziri (indiki prezidenti) Ersin
Tatar, Ermənistanın, “qardaş Azəbaycan”a qarşı hücumlarını qətiyyətlə pisləyib, İrəvandan ən qısa zamanda işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasını tələb edib.
Bosniya və Hersoqovina-. Bosniya və Hersoqovina Dövlət Şurasının sədri Sefik Dzaferovic, Azərbaycan Prezidenti İlham Əliyevə məktub yazaraq qeyd etmişdi ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli, erməni silahlılar işğal etdikləri torpaqları əsl sahibləri olan azərbaycanlılara qaytarmalıdırlar.
Gürcüstan– Azərbaycan kimi öz torpaqlarının bir qismi separatçılar tərəfindən nəzarətdə qalan və Rusiya tərəfindən qanunsuz olaraq işğal altında saxlanılan Gürcüstan hökuməti Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını vacib sayıb.
Ukrayna– Ukraynanın Xarici işlər naziri Dmitro Kuleba çıxış edərək hər zaman Azərbaycanın yanında olduqlarını və ərazi bütövlüyünü bərpa etməkdə olan bu dost ölkəyə sonadək dəstək verəcəklərini açıqlamışdı. O, Azərbaycanla bağlı mövqelərinin heç vaxt dəyişməyəcəyini də qeyd etmişdi.
Hətta buna cavab olaraq, ermənilər Ukraynanın Ermənistandakı səfirliyinin qarşısında aksiya da keçirmişdi. Amma Ukrayna nəinki geri çəkilmədi, bu ölkənin prezidenti Zelinski Azərbaycana dəstək mesajını bir daha yenilədi.
İsrail– Bu ölkənin siyasi və ictimai elitası, işğal altındakı torpaqlarımızı xilas etmək məsələsində Azərbaycanın yanında birləşiblər. İsrail nəinki siyasi dəstək verib, hətta müharibə gedən dövrdə Azərbaycana zəruri dava-dərman partiyası da göndərmələ köməyini əsirgəməyib.
Macarıstan– Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Szijjarto da ölkəsinin Azərbaycana açıq dəstək verdiyini bildirib. Azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdə, nazir Szijjarto bildirmışdı ki, Ermənistanla Azərbaycan arasında yaşanan hərbi toqquşma onları narahat edir. O, problemin Azərbaycanın ərazi bütövlüyü pozulmadan, sülh danışıqları ilə həll edilməsini arzuladıqlarını bildirmişdi.
Moldova– Moldova XİN döyüşlərin dayandırılmasına tərəfdar olmaqla, vəziyyətin kəskinləşməsinin qarşısını almaq üçün səyləri davam etdirməyə, uzunmüddətli siyasi həll yolu tapmağa çağırmışdı. Moldova XİN bəyan etmişdi ki, münaqişə ancaq beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında sülh yolu ilə həll edilməlidir.
İslam Əməkdaşlıq Təşkilatı- İƏT Baş katibliyindən verilmiş bəyanatda deyilib ki, atəşkəsi pozan Ermənistan ordusu, Azərbaycan torpaqlarına qarşı təcavüzünü davam etdirir. Nəticədə də çox sayda mülki insan həlak olur, yaralanır və mülki obyektlər dağılır. Azərbaycana qarşı hücumlarını şiddətlə qınadıqlarını bildirən İƏT Baş katibliyi, Ermənistandan öz qoşunlarını işğal etdiyi Azərbaycan torpaqlarından çıxarmasını tələb edib. Təşkilat rəhbərliyi Azərbaycan xalqının yanında olduğu bildirməklə ermənilərə qəti mövqeyini göstərib.
Beynəlxalq Qoşulmama Hərəkatı- Qoşulmama Hərəkatı bəyanat yayaraq, hərbi əməliyyatların yenidən başlamasını qınamış, insan itkisi və mülki əhaliyə təsirinə görə təəssüfləndiklərini bildirmişdi. Təşkilat münaqişənin BMT TŞ-nin qətnamələri əsasında həll edilməsinə tərəfdar olduqlarını bildirməklə yanaşı, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qəti dəstək ifadə etmişdi.
Türk Şurası- Türk Şurasının rəhbərliyi də Azərbaycana bu haqq işində açıq və birbaşa dəstəyini ifadə edib.

Ermənistanı müdafiə edən ölkələr:
Yunanıstan– Azərbaycana qarşı mövqe sərgiləyən Yunanıstan Ermənistanın yanında dayandı. Hazırda Azərbaycanla əlaqələri çox zəif olan Yunanıstan Ermənistana müharibəni qazanmaq üçün hər cür dəstək verəcəyini bəyan etmişdi.
Kipr (Yunan Kipri)– Kipr də Ermənistanla həmrəylik nümayiş etdirərək Yunanıstanın yanında olduğunu və dolayısıyla Azərbaycana cəbhə açdığını bəyan edib. Hətta Kipr, Ermənistan əsgərlərinə və Qarabağa gətirilmiş YPG-PKK terrorçularına hərbi təlim keçmək üçün general səviyyəsində hərbçilər də göndərib.
Fransa– ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsindən biri olmasına baxmayaraq, Fransa
Azərbaycanın azadlıq mübarizəsində açıq-aşkar Ermənistanı dəstəklədi. Hətta Fransa prezidenti Makron “Azərbaycana icazə verməyəcəyik ki, Qarabağı fəth etsin” kimi sərsəm və birbaşa dövlətimizi təhdid edən açıqlama səsləndirdi.
Kanada– Dolayısıyla Ermənistanın yanında olduğunu hiss etdirən Kanada hökuməti də Fransa kimi, guya ermənilərin haqlarını qorumaq üçün onlara dəstək verməyə hazır olduqlarını bildirib.
ABŞ– Minsk Qrupunun üçüncü həmsədri olan ABŞ 44 gün sürən müharibə zamanı, məlum daxili siyasi vəziyyətlə bağlı səssiz qaldı. Amma müharibənin Azərbaycanın qələbəsinə işarə etdiyi vaxtlarda, ABŞ Dövlət katibi Mayk Pompeo bu səssizliyi ermənilərə dəstək verməklə pozub. Bildirib ki, “ümidvaram ki, ermənilər azərbaycanlıların hücumlarına qarşı özlərini müdafiə edəcəklər.”

Prezidentin müharibə dövründə müsahibə verdiyi kanallar:
Türkiyənin TRT haber, CNN Türk, Haber Global, Haber Türk, NTV, A Haber,
Rusiyanın Rossiya 1, Pervıy kanal, RBK, TASS informasiya agentliyi, İnterfaks agentliyi
O cümlədən Qətərin Əlcəzirə, BƏƏ-nin Əl ərəbiyə, Euronews, Amerikanın CNN international və
Fox News, Böyük Britaniyanın Sky News və BBC News, France 24, Yaponiyanın Nikkei, Fransanın Figaro qəzeti, İtaliyanın Rai-1, Almaniyanın ARD televiziya kanalı, İspaniyanın EFE informasiya agentliyi.

İkinci Qarabağ müharibəsi – Vətən müharibəsi

(27 sentyabr – 10 noyabr 2020-ci il)

Loader Loading...
EAD Logo Taking too long?

Reload Reload document
| Open Open in new tab

Yüklə [1.20 MB]

 

QARABAĞ TARİXİ

Loader Loading...
EAD Logo Taking too long?

Reload Reload document
| Open Open in new tab

Yüklə [1.23 MB]

 

Dostlarla Paylaş ↓